ADU Çin universitetləri ilə əməkdaşlığını genişləndirir

Şərqi Çin Pedaqoji Universitetinin təşkil etdiyi beynəlxalq birillik onlayn Çin dili kurslarını uğurla başa vuran Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri Çinin ən qədim pedaqoji universitetinin rəsmi sertifikatını alıblar.

 

Kursun iştirakçısı olmuş ADU-nun çinşunas tələbələri Natəvan Hüseynova və Nərmin Muradova kursların gərgin iş qrafiki və interaktiv xarakteri, beynəlxalq komandaların tərkibində ümumi layihələr üzərində işləmək vərdişlərinə yiyələndikləri kurslarda mütəmadi aparılan praktiki və yoxlama işləri barədə danışıblar.

 

ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov ali məktəbin Çin dilinin tədrisi proqramlarında və Çinin aparıcı universitetləri ilə tələbə mübadiləsində fəal iştirakını qeyd edib. O, Azərbaycan Dövlət İqtisad Universitetində Heydər Əliyev Fondu, ADU Konfutsi İnstitutu və Pekin Xarici Dillər Universitetinin birgə təşkil etdikləri distant Çin dili kurslarının fəaliyyətindən danışıb. Əlavə edib ki, ADU-nun Konfutsi İnstitutu həmçinin, Bakıda keçirilən Pekin Təhsil Sərgisinin təşkilatçılarından biri olub və bu sərgidə Azərbaycan universitetlərinin tələbələri Pekinin aparıcı təhsil müəssisələrinin təhsil proqramları ilə tanış olublar:”Bu gün ADU-nun tələbələri Çinin aparıcı universitetlərində Çin dili kurslarında iştırak etməklə yanaşı, mütəmadi olaraq, ölkəmizin tarixi, mədəniyyəti, siyasəti və iqtisadiyyatına həsr olunmuş tədbirlər təşkil edir, İpək Yolu üzərində müasir, inkişaf edən və tolerant ölkə olan Azərbaycanın müasir həyatı haqqında həqiqətləri Çin xalqına çatdırırlar. Konfutsi İnstitutu həmçinin, Çinin təşkil etdiyi müxtəlif beynəlxalq onlayn layihələrdə iştirak edən tələbələr üçün davamlı metodik seminarlar keçirir”.

 



14.01.2022 | 14:49