Nizami Gəncəvinin əxlaqi görüşləri

Nizami Gəncəvi Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi ən böyük töhfə, ən qiymətli sərvətdir, xalqımızın milli iftixarıdır. O, dünya miqyaslı şair və mütəfəkkir alim kimi bütün dövrlərdə zirvələr fəth etmiş və etməkdədir. M.Ə.Rəsulzadə “Azərbaycan şairi Nizami” əsərində göstərir ki, “Məhəmməd həzrətləri peyğəmbərlərin sonuncusu olduğu kimi, Nizami həzrətləri də şairlərin sonuncusudur”. Bu, şairin qüdrətinə verilən böyük qiymətdir.

 

Şairin özü də böyüklüyünü etiraf etmiş və yazmışdır:

 

Şeirdən ucalıq umma dünyada,

 

Çünki Nizamiylə qurtardı o da.

 

N.Gəncəvidən sonra dünyaya gələn şəxslər (sonralar məşhur olmuş bu şairlər) Nizamini  hörmət və ehtiramla anmış, cəsarət edib onun toxunduğu mövzulara müraciət etdiklərinə görə dahi şairdən üzr istəyərək ruhu qarşısında baş əymişlər.

 

Diqqət yetirək. Əmir Xosrov “Şirin və Xosrov” poemasında yazırdı:

 

Nizami hər sözü demiş birinci,

 

Qoymamış cilasız qalsın bir inci.

 

Və yaxud Əlişir Nəvai “Fərhad və Şirin” poemasında göstərirdi:

 

Bu meydanda sanma asandır durmaq,

 

Nizamilə pəncə-pəncəyə vurmaq.

 

Nizamiyə pəncə uzatsa hər kəs,

 

Qırılar pəncəsi, murada yetməz.

 

Nizami insan şəxsiyyəti ilə bağlı çox önəmli və dəyərli konsepsiya yaratmış, həmin konsepsiya əsasında bədii təfəkkürün sonsuz imkanlarından bəhrələnərək poemalarında fəlsəfi, pedaqoji və psixoloji fikrin bənzərsiz nümunələrini əks etdirmişdir.

 

Əxlaqi görüşlərində vətənpərvərlik

 

Nizami öz şəxsiyyəti və yaratdığı heyrətamiz qəhrəmanlarının nümunəsi ilə bir tərbiyə məktəbidir ki, oxucularını əxlaqi cəhətdən saflaşmağa, mənəvi baxımdan kamilləşməyə sövq edir. O, insanı dünyanın əşrəfi kimi ucaldaraq onun kamilləşməsini, hərtərəfli yetişməsini, nəcib, ən gözəl keyfiyyətləri özündə cəmləşdirməsini, mədəni davranış vərdişlərinə, rəftar tərzinə, dünyagörüşünə yiyələnməsini arzulayırdı. Əsərləri, hikmətli, müdrik fikirləri ilə tanışlıq insanlarda, gənc nəsildə tərbiyələnmək, mənəvi saflaşmaq tələbatı doğurur. Nizaminin təlim və təhsilə, müəllim şəxsiyyətinə, tərbiyənin tərkib hissələrinin məzmununa daxil olan məsələlərə aid çoxlu qiymətli fikirləri vardır.

 

Diqqət edək:

 

Şahanə tərbiyə, hünər nəzakət,

 

Ağıla nur verir, ürəyə qüvvət.

 

Şairin əxlaqi görüşləri xüsusilə önəmlidir. Onun əxlaqi görüşlərində vətənpərvərlik, vətən sevgisi özünəməxsus yer tutur. Dünyada Nizamini uzun illər İran, fars şairi kimi tanıyıblar. Bu, onun öz əsərlərini fars dilində yazmasından irəli gəlib. Həm də hansı millət, ölkə Nizami kimi dühanın, dahi şairin, qüdrətli filosofun, söz xiridarının özününkü olmasını istəməz. Nizami isə məhz bizə, Azərbaycana məxsusdur, xalqımızın övladıdır. O, türk oğlu türk olmağından, Gəncədə doğulmağından və burada yaşamağından hədsiz iftixar hissi keçirmiş, Bərdəni vəsf etmişdir. Bütün bunlar dahi şairin vətənpərvərlik mövqeyindən irəli gəlir və insanları, doğma yurdu, ana torpağı sevməyə, Vətənə bağlı olmağa çağırır.

 

Nizami Gəncədə də dünyasını dəyişib və orada dəfn olunub. Ucalıq, məğrurluq, dahilik, bənzərsizlik, əlçatmazlıq, bədii söz və elmi fikrin əvəzedilməz tərənnümçüsünə ehtiram kimi Gəncədə onun möhtəşəm məqbərəsi,  abidə kompleksi qərar tutub.

 

Nizami vətən eşqini, doğma Gəncəni aşağıdakı kimi tərənnüm edir:

 

Şairliyim saxlayıb dustaq kimi Gəncədə,

 

Mənəm indi dünyanın söz hakimi Gəncədə.

 

Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Bərdənin tərifini, füsunkar gözəlliklərini isə belə verir:

 

Bərdə nə gözəldir, necə qəşəngdir,

 

Yazı da, qışı da güldür, çiçəkdir.

 

İyulda dağlara lalələr səpər,

 

Qışını baharın nəsimi öpər.

 

Nizami “İsgəndərnamə”də Gəncə zəlzələsini ürək ağrısı ilə təsvir edir. Doğma diyarın bir an içərisində yerlə-yeksan olması onu sarsıdır:

 

Qopdu bir zəlzələ, göyü oynatdı,

 

Şəhərlər dağılıb yerlərə batdı…

 

Nə qədər xəzinə batdı o gecə,

 

O şənbə gecəsi yox oldu Gəncə.

 

Tərbiyənin məqsədi

 

Nizami tərbiyənin məqsədini vətəndaşların fəaliyyətinə, həqiqətə, xeyirxahlığa, ədalətə, doğruçuluğa, eyni zamanda gözəlliyə xidmət göstərməsində görürdü. O, şəxsiyyətin inkişaf prosesinin xarici mühitdən asılılığını qəbul edir, uşağın inkişafı ilə onun tərbiyəsinin yanaşı, vəhdətdə getdiyi qənaətinə gəlirdi. Hərtərəfli inkişaf etmiş insanın tərbiyə olunmasını vacib bilirdi. O, ətraf mühitlə insanlar arasındakı münasibətlər barədə düzgün anlayışların yaradılmasını məsləhət görürdü.

 

Atalarımızın belə müdrik kəlamı var: “Qane olmaq - xoşbəxt olmaq deməkdir”. Nizami də insanların var-dövlətə həris olmasına qarşı çıxır, azla qənaətlənməyi tövsiyə edirdi. Toplanmış varidatın çox vaxt firavan həyat vəd etmədiyini, əksinə adamın başına bəla olduğunu söyləyir. Ədibin qənaətincə, “Kim ki qızıla qatdı gündüz kimi başını, Gecətək qucaqladı nur saçan qaş-daşını”.

 

Nizami ədalətli olmağı mühüm əxlaqi keyfiyyət sayır, birisinin digərinə münasibətində ədalətin, insafın tələblərini gözləməyi vacib bilir, ədaləti yer üzünün fatehi hesab edirdi. Dahi şair zülmü, zorakılığı pisləyir, onların insanlara hədsiz bəlalar, əndişə, iztirab, qəm-qüssə, kədər, ümidsizlik gətirdiyini və onları əzab-əziyyətə düçar etdiyini söyləyirdi. O, insanların xeyirxah işlər görmək arzusunu təqdir edir, dünyada yaxşılığı hər şeydən üstün sayırdı. Bu xüsusda deyirdi:

 

Pisdən yaxşılıqla qorunmaq mümkün,

 

Dünyada yaxşılıq hər şeyə üstün.

 

Ədibin qənaəti belədir ki, yaxşılıq etmək, heç də, sadəcə, insanın fədakarlığı, yaxşı xüsusiyyəti deyil, o, bu hərəkətə yol verməklə həm də özü üçün qapı açır, bir vaxt öz hərəkət və əməli özünə qayıdır.

 

Əməyə məhəbbət, zəhmətə bağlılıq

 

Nizami Gəncəvinin əxlaqi görüşlərində əməyə məhəbbət, zəhmətə bağlılıq, əməksevərlik xüsusi yer tutur. O, insanları boş-bekar dayanmamağa, bir işin qulpundan yapışmağa çağırır. İnsan hansı yaşda olmasından asılı olmayaraq hansısa işi görməyə (kərpickəsən kişini yadınıza salın) qadirdir. Öz məhdud imkanı, qüvvəsi, gücü daxilində də dolanışığını təmin edə bilər. Cüzi qazanc başqalarına əl açmaqdan daha şərəflidir (“Öz halal zəhmətinlə namuslu insan sayıl, Hər yetənə alçalma, əl açıb olma sail”).

 

Əməyə yüksək qiymət verən Nizami onun axırının insanın rahatlığı ilə nəticələnəcəyinə möhkəm  əmindir və bu qənaətə gəlir ki,  ərənlər şöhrətə zəhmətlə ucalıblar.

 

Nizami insanlardan bədbinliyə qapılmamağı, nikbin olmağı tələb edirdi. Dahi şair inanırdı ki: “Hər  gecənin bir nurlu, günəşli gündüzü var, hər yoxuşun enişi, hər təpənin düzü var”. Nizami insanlarda təvazökarlığı qiymətləndirir, yersiz lovğalıq, təkəbbürlük etməyin əleyhinə çıxırdı. Onun qənaətincə, təkəbbürlük meydanında döşünə döymək, özünü yerli-yersiz öymək insana baş ucalığı gətirmir. Bu barədə şair deyirdi: “Özündən razılar hər zaman sınar”.

 

Böyük şair tamahkarlara öz tamah dişlərini çıxarıb atmağı məsləhət görürdü. Dahi şair tamahkarlığı, acgözlüyü, qarınqululuğu yaxşı hal hesab etmir, bildirirdi ki, həyatda çox  yeyənlər çox yaşamır, ağıllı adamlar, nəfsinə hakim olanlar uzun ömür sürür, hətta dünyadan köçəndən sonra da ömürləri davam edir. “Dünyanı qarşına gətirsən də sən, Bir qarından artıq yeməyəcəksən”.

 

Yoldaşlıq və dostluq münasibətləri

 

Nizaminin əxlaqi görüşlərində yoldaşlıq və dostluq münasibətləri geniş yer tutur. Dahi şair yoldaşlıq və dostluğu ümumbəşəri keyfiyyət kimi nəzərdən keçirir və insan mənəviyyatının inkişafında onun oynadığı rolu göstərir. O, ağıllı admlarla dostluq etməyi məsləhət görürdü:

 

Ağıllı adamla dost olsan əgər,

 

Elmi, mərifəti sənə də keçər.

 

Dahi Nizaminin qənaəti belədir ki, dostluq münasibətlərinə girmisənsə, dostluğun şərtlərinə əməl etməlisən, dönük dostsansa səhvini tez başa düş, bu münasibəti qır ki, vaxtilə yaxın olduğun adama dərd-aləm verməyəsən. Eybi gizlətmək yaxşı olsa da, dost-dostun eybini örtməməlidir. Çünki öz dostuna görə bilmədiyi qüsurlarını bildirmək onu gələcək bəlalardan qorumuş olur.

 

Nizami insanları səmimi dost və yoldaşlıq münasibətləri əsasında yaşayıb, fəaliyyət göstərməyə səsləyirdi. İnsanın yaxın dostu və yoldaşı olmadıqda o, həyatda çətinliklərlə üzləşir. Nizami kişi şəxsiyyətinə, xüsusən yüksək tələblər verir. Onları mərd, cəsur, ədalətli, alicənab, xoşniyyətli, dünya malına tamah salmayan, maddi mülahizəyə görə  özünü alçaltmayan, gözü-könlü tox, haqqı-ədaləti gözləyən görmək istəyir. Arvadsifət kişiləri isə pisləyir (“Kişi arvadsifət olmasın gərək”).

 

Nizami insanları tamahdan, yalançılıqdan, şöhrətpərəstlikdən, qəddarlıqdan, yaltaqlıqdan uzaq olmağa səsləyərək, asan və alçaq yollarla, başqasını əzməklə xoşbəxtliyə çatmağı faydasız və şərəfsiz sayır və xəbərdarlıq edir:

 

Nə şöhrət, nə yuxu, nə də ki, yemək,

 

Həyatın mənası olmasın gərək.

 

Nizami insanlara gözütox, namuslu olmağı, kamala çatmağı, başını həmişə dik tutmağı məsləhət görürdü. (“Papağı dik saxla, baş getsə belə. Ucalmaq istəsən bir kamala çat, Kamala ehtiram göstərər həyat”). Öz hərəkət və əməllərindən xəcalət çəkməsinlər deyə Nizami oğlu Məhəmmədin timsalında gənclərə öz adlarına layiq işlər görməyi tövsiyə edirdi.

 

Nizami nikah bağlanarkən, ailə qurularkən gənclərin - oğlan  və qızın iradəsinə zidd getməməyi, onlara təzyiq göstərməməyi ata-analara məsləhət görür, ilk növbədə, qızın, qadının mənafeyindən çıxış edirdi:

 

Quru bir çörəklə, şor bir halvadan,

 

Pisdir zorla gələn  bir arvad inan.

 

Nizami öz əsərlərində insanları xeyirxah işlər görməyə, xalqın işinə yaramağa səsləyir. Bu ideya onun əxlaqi görüşlərində parlaq səhifələrdəndir (“Çalış öz xalqının işinə yara, geysin əməlindən dünya zərxara”).

 

N.Gəncəvi insanın həyatında, onun inkişafında həm irsiyyətin (“Zatı pis olarsa üz göstərmə sən, Qurdu bəsləməkdən ziyan çəkərsən”, “Kiminki olarsa əsli bədgövhər, Pis sözlər danışar, pis sözü dinlər”), həm təlim-tərbiyənin, (“Şahanə tərbiyə hünər, nəzakət, Ağıla nur verər, ürəyə qüvvət”, “Zənn etmə əməlin şücaətdəndir, Güclülükdən deyil, bu adətdəndir”), həm də sosial mühitin roluna yüksək qiymət verir. Nizami Xosrov, Bəhram və İsgəndərin təlim-tərbiyə aldığı mühiti təsvir edərək, onların elmi mühitdə formalaşmasına diqqət yetirirdi.

 

Düzlük və doğruçuluq

 

Nizami əxlaqi görüşlərində düzlük və doğruçuluq kimi əxlaq kateqoriyalarına da geniş yer vermişdir. “Doğruluq yaxşıdır” deyən şair, nicatı düzlükdə axtarır.

 

Nizaminin yaradıcılığında böyüyə hörmət əhəmiyyətli yer tutur. O, ağsaqqalların, yaşlı adamların ağıllı məsləhətlərinə qulaq asmağı, onlardan faydalanmağı məqsədəuyğun bilirdi. Nizamiyə görə, “yaramaz böyüklər sözündən qaçmaq, ağıllı sözlərə çevirmək yarpaq”.

 

Nizami insanlığı yüksək qiymətləndirirdi. “İnsanlıq” anlayışını o, geniş şəkildə nəzərdən keçirir, insanlıqda ən yüksək keyfiyyətlərin məcmusunu görürdü.  İnsanlıq simasını itirən şəxsləri bədbəxt, miskin, zavallı hesab edirdi. Nizami əmin idi ki, “İnsanda insanlıq öləndən bəri, itmir insanlığın parlaq gövhəri”.

 

Öz əxlaqlarını saflaşdırmağı insanlara məsləhət görürdü: “Çalış öz qəlbini saflaşdırmağa”, “Dəmiri aynatək parladan insan, Pası silməlidir öz vicdanından”.

 

Paxıllıq və həsədi pisləyir : “Həsəd dərdə salar daim insanı”, - deyirdi.

 

Nizami əsarətə, zorakılığa, başqasının haqqının tapdalanmasına pis baxırdı. Adam incitməyin, zor tətbiq etməyin, başqasına təzyiq göstərməyin, zorakılığın əleyhinə idi. Öz şeirlərilə insanları başa  salmağa çalışırdı ki, belə hərəkətlər xoşagələn, bəyənilən deyil, əksinə, təzyiqə məruz qalanda nifrət, kin yaradır, onun şəxsiyyətini alçaldır. Odur ki, Nizami bu kimi adət və vərdişlərdən uzaq durmağı tövsiyə edir və anladırdı ki, kobud hərəkətin, zülmün sonu yoxdur, axırda zülmkarlar özləri bunun ziyanını çəkirlər: “Kim salsa  dünyada  zülm bağını, Deməli, bağlar öz əl-ayağını”.

 

Nizamiyə görə, “Kim tikan əkərsə, tikan dərəcək, kim nicat verərsə, nicat görər”, “Zülmkarlıq ömrü azaldır”.

 

Nizami irsi tədqiqatlarda

 

Müxtəlif elm adamları (filosoflar, pedaqoqlar, psixoloqlar, sosioloqlar, təbiblər, riyaziyyatçılar, fiziklər, astronomlar və onlarla başqa alimlər) Nizami yaradıcılığına müraciət etmiş, elmin müxtəlif sahələrində Nizami zəkasından faydalanmış, Nizami Gəncəvi yaradıcılığından bəhrələnərək, müxtəlif aspektlərdən (pedaqoji, fəlsəfi, psixoloji və s.) onun əsərlərini təhlil edərək kitablar, monoqrafiyalar, dissertasiyalar yazmışlar.

 

Hələ vaxtilə Mərdan Muradxanov öz namizədlik dissertasiyasını Nizami Gəncəvi yaradıcılığına həsr etmiş, onun əxlaqi görüşlərini tədqiq etmişdir.  Nizaminin poemaları, digər əsərləri pedaqoji yönümdə professorlar Z.İ.Qaralov, H.M.Əhmədov, Y.R.Talıbov, Ə.Ə.Ağayev, A.N.Abbasov, F.B.Sadıqov, Ə.M.Abbasov, B.F.Apoyev, psixoloji yönümdə prof. Ə.Ə.Əlizadə, tibbi-fəlsəfi və sosial-ekoloji yönümdə Ramiz Əkbər, fəlsəfi yönümdə  Z.Məmmədov, Z.Quluzadə,  siyasi və dini-ideoloji yönümdə T.Yadigar,  mənəvi və sosial yönümdə E.Təhməzova və b. tərəfdən araşdırılaraq təhlil edilmişdir.

 

Nizami Gəncəvi yaradıcılığı hələ ötən əsrin ortalarında dünyamiqyaslı şərqşünas Y.Bertelsin diqqətini cəlb etmişdir. Təsadüfi deyildir ki, o, keçmiş ittifaqda   Nizamişünaslığın banilərindən hesab olunur. Y.Bertels “Böyük Azərbaycan şairi Nizami” (1958) və  “Nizami və Füzuli” (1962) monoqrafiyalarının müəllifi idi.  

 

Nizami Gəncəvinin insanların nəcib mənəvi keyfiyyətlərə yiyələnmələrinin vacibliyinə, əxlaqın, mənəviyyatın saflaşdırılmasına, qanunun, birgəyaşayış qaydalarının gözlənilməsinin zəruriliyinə, təhsillənməyə, müəllim şəxsiyyətinə, biliklərə yiyələnməyin faydasına və s. dair çoxlu qiymətli fikirləri vardır. 

 

İllər, on illər, əsrlər keçmişdir, lakin dahi şəxsiyyətin əsərləri hələ də özünün təhsilləndirici, tərbiyələndirici, inkişafetdirici təsirini və imkanlarını itirməmişdir. Nizami Gəncəvi irsi yenə də tədqiqatların obyektidir, yeniyetmə və gənclər, bütün yaş qruplarından olan insanlar onun əsərlərini sevə-sevə oxuyur, ümumtəhsil məktəblərində, ali təhsil müəssisələrində, kolleclərdə, liseylərdə dahi şairin həyatı və yaradıcılığı tədris olunur.

 

Akif ABBASOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim

 



10.12.2021 | 10:20