Düzgün istiqamət, yüksək nəticə

Təhsil  Nazirliyi   “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi 1989-cu ildə yaradılıb. Məktəb yaradıldığı vaxtda 11 idman növü ilə fəaliyyət göstərmişdir. İdman məktəbində hazırda 8 bölmə - ağır atletika, cüdo, stolüstü tennis, boks, üzgüçülük, yunan-roma güləşi, sərbəst güləş və  atletika bölməsi üzrə idmançılar yetişdirir.

 

Məktəbin direktoru, keçmiş boksçu, yeniyetmələr arasında dünya çempionu Fərhad Eldar oğlu Acalovla görüşüb İdman Məktəbi barədə ətraflı məlumat öyrəndik.  Fərhad müəllim də bu idman məktəbinin  yetirmələrindən olub. O, ilk təhsilini Dağıstan Dövlət Universitetinin hüquq fakültəsində alsa da, idmana  olan sevgisi  onu  ikinci  idman təhsili almağa sövq edib. Belə ki, o, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olub, təkmübarizlik idman növü üzrə ixtisasa yiyələnib.  11 qat Azərbaycan çempionu,  25 dəfədən artıq “A” kateqoriyalı beynəlxalq turnirlərin qalib və mükafatçısı olmuş Fərhad Acalov  “Əməkdar idman ustası” və “Əməkdar məşqçi” fəxri adlarına layiq görülüb.  

 

Fərhad müəllim müxtəlif idman növləri üzrə  idmançılar və məşqçi-müəllimlər haqqında söhbət açıb: “İdman məktəbində ağır atletika üzrə 5 məşqçi-müəllim 7 qrup 40, cüdo bölməsində 10 məşqçi 15 qrup 148, stolüstü tennisdə 6 məşqçi 6 qrupda 39, boks üzrə  18 məşqçi 24 qrupda 146, üzgüçülükdə 2 məşqçi 5 qrupda 28, yunan-roma güləşi bölməsində 13 məşqçi 20 qrupda 196, sərbəst güləş üzrə  10 məşqçi 12 qrupda 113, atletika bölməsində 5 məşqçi 7 qrupda 50 idmançı ilə fəaliyyət göstərir. Ümumiyyətlə, məktəbdə 760 idmançı məşğul olur. Göstərilmiş idman növləri üzrə üzgüçülükdən başqa 7 bölmə ixtisaslaşdırılmışdır. Məktəbdə 69 məşqçi-müəllim çalışır ki, bunlardan 3 nəfər Əməkdar bədən tərbiyəsi və  idman xadimi, 24 nəfər Əməkdar məşqçi, 4 nəfər Fəxri bədən tərbiyəsi və idman işçisi, 38 nəfər isə 1-ci  kateqoriyalı məşqçilərdir.

 

Məktəbdə 4 təlimatçı-metodist və bir dərs hissə müdiri fəaliyyət göstərir. Burada fəaliyyət göstərən 8 bölməyə təhkim olunmuş təlimatçı-metodistlər vaxtaşırı qruplara metodiki və praktiki köməklik məqsədi ilə baxışlar keçirirlər: “Əgər məşq prosesində müəyyən nöqsanlar ortaya çıxarsa, bölməyə təhkim olunan metodist tərəfindən köməkliklər göstərilir, həmin məsələlər pedaqoji şuranın iclasında müzakirəyə çıxarılır və müvafiq qərarlar qəbul olunur. Tədris ili boyu məktəbdə fəaliyyət göstərən bölmələrdə məşqçilər şurası ayda bir dəfədən az olmayaraq  öz iclasını keçirir və lazım gəldikdə bəzi məsələləri pedaqoji şuranın iclasında müzakirəyə qoyur. İdman məktəbinin məşqçi-müəllimləri yeniyetmə və gəncləri məşqlərə cəlb etmək üçün orta məktəblərə gedərək fiziki tərbiyə  dərslərində hər bir idman növü üzrə idmançılarla söhbətlər aparır, uşaqlarda idmana həvəs oyadır, onların asudə vaxtlarını səmərəli keçirmələri və zərərli vərdişlərdən uzaq olmaları  üçün məşqlərə cəlb edirlər. Hər bir uşaq idmana gələrkən ilk öncə sağlamlıq haqqında arayış təqdim edir və məşqlərə başlayır.

 

Məktəbin tanınmış idmançıları

 

İdman məktəbinin yetirmələri arasında tanınmış idmançıların da olması bizi sevindirdi. Onlarla söhbət zamanı bildirdilər ki, uğurların əldə olunmasında idman məktəbinin və müəllimlərinin rolu böyükdür. Boks bölməsinin yetirmələri Ağayev İlkin Hüseynağa oğlu və Abdullayev Məhəmməd Zahid oğlu Avropa, Dünya çempionat və birinciliklərində yüksək nəticələr göstərmişlər. İlkin  Ağayev 1988-ci ildə Lənkəran şəhərində anadan olub. 2000-ci ildən  idmanın boks növü ilə məşğul olmağa başlayıb. İlk dəstəyi valideynlərindən alıb. O özü və idmanda əldə etdiyi uğurları haqqında bunları əlavə edib: “Mənim boksda uğurlar qazanmağımda Təhsil  Nazirliyi   “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin  və məşqçi-müəllimlərimin müstəsna xidmətləri vardır. Hal-hazırda həmin məktəbdə məşqçi-müəllim kimi fəaliyyət göstərirəm. Çalışacağam ki, mənim də yetirmələrim yaxşı  nəticələr əldə edib uğurlar qazansınlar. Uğurlarıma gəldikdə isə 2006-cı il  Albaniyanın Tirana şəhərində keçirilmiş Avropa birinciliyində II, 2006-cı ildə Türkiyənin İstanbul şəhərində Dünya birinciliyində II, 2007-ci il Macarıstanda  Avropa birinciliyində II, 2007-ci il  Bakı şəhərində   Dünya birinciliyində I yer, 2013-cü ildə isə kişilər arasında Dünya kubokunda III yerə layiq görülmüşəm”.

 

Abdullayev Məhəmməd Zahid oğlu  1999-cu ildə Bakı şəhərində anadan olub. Uşaq yaşlarından boksa böyük həvəsi onu peşəkar idmana gətirib: “Hal-hazırda məşqlərimi  davam etdirirəm. Əldə etdiyim uğurlarda idman məktəbinin boks bölməsinin məşqçi-müəllimləri, xüsusilə əmim Abdullayev Etibar Başcil oğlunun əziyyəti çox böyükdür. Bundan sonra da böyük nəticələr göstərməklə üzərimdə zəhməti olan məşqçi-müəllimlərimi sevindirməyə çalışacağam. 2012 və 2014-cü illərdə Avropa çempionatlarında III, 2015-ci il Dünya çempionatında,  2017-ci il Avropa çempionatında I, 2019-cu il Dünya çempionatında I yerin qalibi olmuşam.

 

İdman məktəbinin digər tanınmış idmançısı Sabir Cəfərov  2003-cü ildə Bakı şəhərində anadan olub. Lap kiçik yaşlarından sərbəst güləş idman növü ilə məşğul olmağa başlayıb: “Valideynlərim və məşqçi-müəllimlərim birlikdə mənə hər zaman dəstək olublar. Məşqçi-müəllimlərimdən Namiq Quliyevin üzərimdə əziyyəti çox böyükdür. Mən bu gün yarışlarda əldə etdiyim nəticələrə görə Namiq müəllimə sonsuz minnətdaram. Hər bir idmançı kimi mənim də mötəbər yarışlarda iştirak etməyim üçün məktəb rəhbərliyi və kollektivin  böyük dəstəyi  olmuşdur.   2019-cu ildə İtaliyanın Faenza şəhərində keçirilən Avropa birinciliyində I, 2021-ci ildə Tatarıstanın Kazan şəhərində I MDB Ölkələri Oyunlarında sərbəst güləş üzrə III yeri tutmuşam”.

 

Yetirmələrim həmişə başımı uca ediblər

 

Əməkdar məşqçi, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi məşqçi-müəllim  Balasan Eynullayev 1942-ci ildə Bakı şəhərində anadan olub. Boksla məşğul olmağa  hələ uşaq yaşlarından  başlayıb: İdmanla məşğul olduğum dövrlərdə 11 qat Azərbaycan çempionu olmuşam. Yetişdirdiyim idmançılar həmişə mənim başımı uca ediblər. Onlar  bir çox mötəbər yarışlarda ölkəmizin idman şərəfini ləyaqətlə qoruyublar. Hər birimizin əldə etdiyimiz bu uğurlara görə Təhsil  Nazirliyi   “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin  rəhbər və kollektivinə öz dərin minnətdarlığımı bildirirəm.

 

Rəşad ZİYADOV

 



19.11.2021 | 13:51