“Qalibiyyət möhtəşəm duyğudur”

Emin Mövsümov: “Biz bu anı çoxdan gözləyirdik”

 

Cəmiyyətin həyatında ən önəmli rollardan biri, bəlkə də birincisi olan müəllim obrazı ən yeni Azərbaycan tarixinin zəfər dönəmində də qaynar nöqtədə idi. Bizə zəfəri qazandıran döyüş meydanında həm də Azərbaycan müəlliminin ayaq izləri var. Şagirdlərinə vətənpərvərlik duyğuları aşılayan, onları gələcəyin əsgəri kimi yetişdirən müəllimin öz şagirdləri ilə çiyin-çiyinə döyüşdüyü bir savaş qalibiyyətsiz bitə bilməzdi əlbəttə. Məhz həmin müəllimlərdən biri - Şabran Rayon Təhsil Şöbəsinin müdiri, ixtisasca tarix müəllimi Emin Mövsümov müsahibimizdir.

 

Emin Mövsümov 5 sentyabr 1980-ci ildə Şabran rayonunun Gəndov kəndində anadan olub. Elə həmin kənddə orta təhsilini başa vuran E.Mövsümov 1998-ci ildə ADPU-nun Tarix fakültəsinə qəbul olunub. Ali məktəbi bitirdikdən sonra 2002-ci ildə Cəlilabad rayonunda N saylı hərbi hissədə xidmətə başlayıb. Xidmət müddəti başa çatdıqdan sonra təlimlərə davam edərək leytenant rütbəsinə yiyələnib. O, 2003-2009-cu illərdə Gəndov kənd tam orta məktəbində tarix müəllimi, 2009-2011-ci illərdə həmin məktəbin direktoru vəzifəsində çalışıb. 2011-ci ildən isə Şabran Rayon Təhsil Şöbəsinin müdiri kimi fəaliyyətini davam etdirir. 2020-ci ilin sentyabrından başlanan 44 günlük Vətən müharibəsinin iştirakçısı olan E.Mövsümov ölkə başçısının Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.

 

 

“Biz işğalın ağrısı ilə böyümüşük”

 

- Emin müəllim, Vətən müharibəsi dövründə sizin adınızı demək olar ki, eşitməyən qalmamışdı - “Rayon Təhsil Şöbəsi müdiri ordu sıralarında”. Necə oldu ki, hərbi xidmətə yollanmaq qərarına gəldiniz?

 

- Mənim uşaqlığım müharibə vaxtına düşüb. Biz müharibənin, işğalın ağrısı ilə böyümüşük. Barbar qonşumuzun təcavüzü, öz yurd-yuvalarından didərgin düşən həmvətənlərimizin, şəhid ailələrinin acıları bizi artıq vətən qarşısında böyük məsuliyyəti olan vətəndaşlar kimi yetişdirirdi. O təcavüzdən doğan nifrətlə böyüyürdük. Qisası alınmalı olan qanlarımız, geri qaytarmalı olduğumuz torpaqlarımız var idi.

 

“...Ali Baş Komandan tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib...”. Biz bu anı çoxdan gözləyirdik.

 

Müharibə başladı, demək olar hər gün döyüş bölgəsinə gedən əsgərləri yola salırdıq. Onların arasında şagirdlərim, iş yoldaşlarım, dostlarım var idi. O duyğuları ifadə etmək olmur. Hansı ki, onları yola salanda əl eləmək o qədər az gəlirdi ki, sadəcə sən də orada əyləşib getmək istəyirdin. Əminəm, orada hamı belə hisslər keçirirdi. Bilirsiniz, müharibə vaxtı bizim nə əsgərlərimizdə, nə insanlarımızda ruh yüksəltməyə ehtiyac yox idi. Bunu görmək və duymaq sadəcə insanı qürurlandırırdı. Hər yolasalmada əsgərlərə uğur arzulayıb yaxın zamanda gələcəyimi deyirdim. Amma gedənə qədər də boş dayanmaq olmazdı. Bütün ölkədə olduğu kimi bizim rayonumuzda da “Əsgərə dəstək” kampaniyaları başladıldı. Bütün təhsil işçilləri, hətta məktəblilər kampaniyada fəal iştirak edirdilər. Mən özüm ATİAHİ Şabran Rayon Komitəsinin sədri ilə cəbhə bölgəsinə sovqat apardım. Qayıtdıqdan sonra digər yardım səfərinin vaxtını planlamağa və hazırlıq görməyə başladım. Belə oldu ki, növbəti sovqat artıq mənim arxamca gəlməli oldu. Hə, 9 oktyabrda mən ordu sıralarına yollandım.

 

“Şagirdlərinlə çiyin-çiyinə vuruşmaq ən gözəl dərsdir”

 

- Şagirdlərinizə gələcəyəm demişdiniz və getdiniz...

 

- Getməli idim və getdim...Hamı kimi. Orada olanda hiss edirdim ki, hamı məni sosial mediada barəmdə yazılanlardan tanıyır. Bəziləri yaxınlaşıb bu barədə deyirdi. Onu da hiss edirdim ki, orada olmağım əsgərlərə stimul verir. Xüsusən də şagirdlərimə. Onlardan bəziləri ilə bir arada idik.

 

Vətənpərvərlik duyğuları aşıladığın, vətənin azadlığı üçün gözünü qırpmadan irəli atılmağı öyrətdiyin, döyüşə yola saldığın şagirdlərinlə çiyin-çiyinə vuruşmaq , “verdiyim bütün öyüdlər, keçdiyim bütün dərslərlə yanınızdayam, yolumuz birdir” mesajı vermək bir müəllim üçün misilsiz situasiya və verə biləcəyi ən gözəl dərsdir.

 

“Ancaq qələbə düşünürdük”

 

- O torpaqlara qədəm qoyanda hansı duyğuları keçirdiniz?

 

- Tarixi bir anın ortasında... O anda hər şey təsəvvürümdə cəmlənmişdi; o torpaqlarda illər öncə axan şəhidlərimizin qanı, öz doğma ocaqlarını qoyub qaçmağa məcbur olan həmvətənlərimin vahiməli təlaşı, qələbənin nəfəsi...

 

Başqa çox duyğu yox idi. Sanki bütün duyğuları unutmuşdum, yalnız vətənpərvərlik duyğusu ruhuma hakim olmuşdu. Təkcə məndə yox, hamıda belə idi. Hamımız ancaq irəli, ancaq qələbə, ancaq azadlıq düşünürdük, ancaq torpağı duyurduq.

 

- Orada komandir kimi qiymət verdikdə əsgərlərinizin məktəb tərbiyəsi sizi qane edirdimi? Bir təhsil şöbəsi müdiri olaraq təlim-tərbiyənin təşkilinə rəhbərlik etdiyinizə görə bu işin öhdəsindən nə dərəcədə gəlmiş olduğunuzu təhlil etmisinizmi?

 

- Vətənpərvərlik tərbiyəsi mövzusunda əlavə çox şərhə yəqin ki, ehtiyac yoxdur. Hər şey göz qabağında idi; ölkənin müəllim ordusu vətənpərvər gənclər - igid əsgərlər yetişdirməyi bacarmışdı. Əsl vətənpərvər özünü həm də əsgər olaraq yetişdirməli, tərbiyələndirməlidir. Əsgər isə ən ekstremal şəraitə belə uyğunlaşmağı bacarmalıdır.

 

Bayaq qeyd etdim, müəllimlərimizin vətənpərvərlik tərbiyəsi mövzusundakı nailiyyətini. Sadəcə dediyiniz təhlil zamanı onu da aşkarladım ki, bizim əsgərlərdəki vətən eşqi, azadlıq şövqü, cəsurluq, qorxmazlıq təkcə tərbiyələndirmə ilə bağlı deyil, bu xüsusiyyətlər həm də onların genlərindəndir.

 

Qubadlı azad edildikdə mənə önəmli bir posta getmək tapşırılmışdı və özümlə sadəcə iki əsgər götürməli idim. Amma bütün əsgərlərim mənimlə getmək istəyirdi. Buna görə biz əlavə bir neçə nəfər də götürməli olduq. Oraya gedərkən onlar bir an belə qarşılaşa biləcəyimiz təhlükədən, hansısa düşmən tələsindən qətiyyən qorxmurdular, məndən belə öndə getməyə can atırdılar. Onda mən bir daha əmin oldum ki, vətənpərvər gənclərlə vətənin beli heç vaxt əyilməz.

 

“Zəfər daim bizim olsun”

 

- Qarşıdan Zəfər Günü gəlir...

 

- Bəli, artıq Şanlı Zəfərimizin ildönümü yaxınlaşır. Müharibədən, şəhidlərimizin şəhadətindən, uzunmüddətli işğaldan sonra torpaqlarımızın azadlığa qovuşmasından bir il keçir. Qalibiyyət möhtəşəm məfhum, müdhiş duyğudur. Bu vaxta qədər məktəblərdə torpaqlarımızın işğal edilmə ildönümlərində tədbirlər keçirir, söhbətlər aparır, həmin günləri nisgil, ağır bir yük, ürək ağrısı ilə qeyd edirdik.  Bu gün isə, bütün o yüklərdən qurtulmuş, artıq torpaqlarımızın azadlığa qovuşmasının ildönümünü qeyd edirik.

 

İndi də ürəyimizdə bir sızı var - şəhid olan silahdaşlarımızın bu günü görməməsi. Amma hamımız bilirik ki, “Torpaq, uğrunda ölən varsa vətəndir!”. Əminik ki, onların ruhları şaddır.

 

Qarşıdan Zəfər Günü gəlir və hər bir azərbaycanlının qəlbində bir fərəh var. Biz bacardıq... Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə biz “Dəmir yumruq” olmağı bacardıq, şəhidlərimizin qanını yerdə qoymadıq, torpaqlarımızı geri aldıq, həmin “Dəmir yumruq”la düşməni yerində oturtduq. Bütün dünyaya gücümüzü nümayiş etdirdik. Bir daha sübut etdik ki, bizim olan gec və ya tez bizə qayıdır. Heç nəyi unutmadıq, unutmarıq!

 

Mən öz növbəmdə bütün Azərbaycan xalqını, Ali Baş Komandanımızı, Azərbaycan Ordusunun bütün şəxsi heyətini möhtəşəm Zəfərimizin ildönümü münasibətilə təbrik edirəm! Qoy Azərbaycan bayrağı əbədi olaraq yüksəkliklərdə dalğalansın, Zəfər daim bizim olsun!

 

Gülər MİRZƏYEVA,

Şabran RTŞ-ın İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

 



05.11.2021 | 17:05