Müzəffər Xalqın QƏLƏBƏ sevinci

Ermənistan üzərində böyük qələbəmizin bir ili tamam olan bu günlərdə ötən hadisələrin başlandığı zamana qayıtmaq, ŞANLI ZƏFƏRin səhifələrini bir-bir vərəqləmək  bizə ancaq qürur verir.  Hər gün bir neçə kəndin azadlığa qovuşması, rayon və şəhər mərkəzlərinin geri alınması əbədi təqvimə dönürdü elə bu günlərdə!

 

Biz işğal təqvimi ilə torpaqların azad olunduğu tarixləri əbədiyyətə ötürən təqvimin yerini hafizəmizdə fəxrlə dəyişmişik. Tarixin məğlubiyyət səhifəsini bağlamış, halal qələbəmizin, dişimiz-dırnağımızla qazandığımız ZƏFƏRin parlaq səhifəsini açmışıq. Bu gün Müzəffər Xalq kimi yaşayırıq!

 

İkinci Qarabağ müharibəsinin Qələbə təntənəsi tarixdə əbədi qalacaq. Ona görə ki, diplomatiyanın 30 ildə yoluna qoya bilmədiyi bu münaqişənin həlli Azərbaycanın iradəsi, xalq olaraq səfərbərliyi, bahadır övladları,  hərbi gücü ilə biryolluq çözüldü.

 

Bu Qələbə tarixdə ona görə qalacaq ki, dünya dövlətləri Qarabağ üzərindən geopolitik hesablarını rahat apararkən, Azərbaycan Qarabağı qolları arasına çətin mübarizə şəraitində, düşmənin böyük istehkamlarını yararaq, şəhid verərək, Gəncə, Bərdə faciələrini yaşayaraq qazandı.    

 

Dünya çox gözəl bilir ki, Qarabağ məsələsi Ermənistanın ucbatından bir barıt çəlləyinə dönmüşdü və bir gün partlamalı idi! İşğalçının yeni-yeni təxribatlara meyllənməsi, atəşkəsi dəfələrlə pozması, itkilərə səbəb olması müharibəni labüd edən əsas faktor idi. Azərbaycan vəziyyətə nə qədər tolerantlıq göstərə bilərdi? Nə vaxta qədər sülhpərvər niyyət ortaya qoya bilərdi? Axı səbr kasası daşanda fəlakət qaçılmaz olur! Və Ermənistan 44 günlük savaşda bu fəlakətdən öz layiqli nəsibini aldı.

 

Ermənistan I Qarabağ müharibəsində nə qədər qəddar işğalçı idisə, II Qarabağ müharibəsində bir o qədər iftiraçı, riyakar, hiyləgər idi. Müharibənin gedişində Rusiya televiziya kanallarına verdiyi müsahibədə baş nazir Nikol Paşinyan Azərbaycana utanmadan işğalçı deyirdi; Azərbaycanı ermənilərə nifrətdə suçlayırdı; Azərbaycanı mülki əhalini öldürməkdə, suriyalı muzdlulardan istifadədə ittiham edirdi və təəssüf ki, bu iftiranın izi bizi istəməyən qüvvələrin beynində qalıcı bir iz idi; beynəlxalq medianın suallarındakı qərəz, qeyri-obyektivlik də bəzən bu böhtan izinin təsiri kimi görünürdü.

 

Ermənistan nomenklaturasının bu ittihamları- işğalçı deyərkən,  dünyanı Azərbaycanın əleyhinə qaldırmaq, muzdlu hərbçilər uydurması isə Azərbaycandakı vətənsevərlik mənzərəsini kiçiltmək məqsədi güdürdü.  Hələ üstəlik, erməni xalqına nifrəti ortaya qoyacaq sübutlar yoxkən qışqırıb-bağırmaq həyasızlığın son həddi idi. Halbuki əgər biz Xocalı kimi bir dəhşətli cinayəti, viran qoyulmuş Qarabağı görə-görə, bu gün, yəni müharibədən sonra QALİB XALQ kimi regionda davamlı sabitlik, bölgənin inkişafı üçün bir yerdə yaşamaq jesti göstərə biliriksə, bu, tolerantlığımızın nümunəsidir.

 

Ermənistan yaşadığı uğursuzluğa qisas rəngi qatmadan, əksinə məğlubiyyətin ardından onun üçün açılan əməkdaşlıq pəncərəsinə sarı inamla boylanmalıdır. Boylanmalıdır ki, bölgəyə qalıcı, hamı üçün siyasi, iqtisadi dividend vəd edən etibarlı sülh gəlsin!

 

Vəfa ALLAHVERDİYEVA

 

 



04.10.2021 | 16:02