“Əldə etdiyim bilik və bacarıqlardan çox faydalandım”

“WorldSkills Asia - 2021” müsabiqəsində “Kiber təhlükəsizlik” istiqaməti çərçivəsində “Məlumat sızmasının qarşısının alınması” kateqoriyası üzrə ən yaxşı nəticə göstərmiş və ümumi sıralamada 4-cü yeri tutmuş təmsilçimiz Hüseyn Qəmbərovla müsahibəni oxucularımıza təqdim edirik.

 

- İlk növbədə sizi “WorldSkills Asia - 2021” müsabiqəsində qazandığınız uğur münasibətilə təbrik edir, gələcəkdə daha böyük nailiyyətlər arzulayıram. Oxucularımıza özünüz haqqında qısa məlumat verin.

- Təbrikinizə görə minnətdaram. Mən orta təhsilimi 160 saylı Klassik Gimnaziyada almışam və 2018-ci ildə məktəbi fərqlənmə attestatı ilə bitirmişəm.

 

- Gəlin, məktəb illərinə səyahət edək. Necə şagird olmusunuz, sevdiyiniz fənlər hansılar olub, məktəb illərində hər hansı yarış və olimpiadalarda iştirak etmisinizmi?

- Məktəb illərində bütün fənləri eyni səviyyədə oxumuşam. Amma təhsil müddətində texniki fənlərə marağım həmişə daha yüksək olub, əsasən də riyaziyyat və informatika dərslərinə. Oxuduğum müddətdə müxtəlif bilik yarışmalarına qatılmışam, məktəbimi uğurla təmsil etmişəm. Ən uğurlu nailiyyətlərimdən biri 2018-ci ildə informatika fənni üzrə Respublika Fənn Olimpiadasının final mərhələsində gümüş medal qazanmağım idi. Həmçinin 2018-ci ildə təhsilimi yüksək nailiyyətlərlə başa vurduğuma görə Təhsil Nazirliyinin “Təşəkkürnamə”si ilə təltif olunmuşam.

 

- İxtisas və ali məktəb seçiminiz haqqında nə deyə bilərsiniz? Bu sahəyə maraq sizdə haradan qaynaqlanır?

- Məktəb illərində kompüter elmlərinə çox böyük maraq göstərmişəm və bu marağın yaranmasında professor Ramin Mahmudzadənin çox böyük əməyi var. Mən məktəbi bitirəndə qəti qərara gəlmişdim ki, gələcəyimi kompüter elmlərinə həsr edəcəyəm. Qəbul imtahanlarında 660 bal toplayaraq Bakı Ali Neft Məktəbinə qəbul oldum. Bu, mənim bilik və bacarıqlarımın inkişafına daha da böyük təkan verdi. Seçimimə gəldikdə isə mən əmin idim ki, bu ali təhsil ocağının mənim gələcək inkişafımda çox böyük bəhrəsi olacaq. Universitetdə oxuduğum müddətdə də fərqli yarışmalarda iştirak etmişəm. Onlardan ən yadda qalanları 2018-ci ildə universitet komandası ilə ACM IC-PC Regional Semifinals Beynəlxalq Tələbələrarası İnformatika Olimpiadasının yarımfinal turunda uğurlu iştirakım, həmçinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş tələbələrin ilk elmi-texniki konfranslarında şəxsi layihəm ilə ikinci yerə nail olmağım idi.

 

- “WorldSkills Asia - 2021” müsabiqəsində iştirak etməyə necə qərar verdiniz və bu müsabiqəyə qatılmaqda sizin üçün əsas motivasiya nə oldu?

- Mənim düşüncəmdə informasiya təhlükəsizliyi kompüter elmlərinin ən vacib qollarından biridir. Çünki informasiya təhlükəsizliyi mühəndisləri işlətdikləri hər bir sistemi əsaslarına qədər anlamalıdırlar. 2019-2020-ci illərdə Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru olan Emin Əmrullayevin təşəbbüsü ilə təşkil olunan “Kibertəhlükəsizliyin əsasları” adlı proqramda iştirak edərək bu sahədə çox böyük təcrübəyə malik Miraqşin Abutalıbov, Pərvin Sadıqova və Vlad müəllim kimi yüksək səviyyəli mütəxəssislərdən dərs almışam. Bu proqram çərçivəsində “Veb proqramların təhlükəsizliyi”, “İnfrastruktur təhlükəsizliyi”,  “Virusların analizi və əks mühəndisliyi” kimi mövzuların əsaslarını mənimsəmişəm və bu, məndə kibertəhlükəsizlik sahəsinə daha da böyük maraq oyadıb. “WorldSkills Asia” müsabiqəsinin seçim turunun keçirilməsini gördükdə öz biliklərimi yoxlamağa qərar verdim və nəticədə finalda iştirak etmək hüququ qazandım.

 

- Müsabiqə ilə bağlı təəssüratlarınızı bizimlə bölüşəsiniz.

- “WorldSkills Asia - 2021” müsabiqəsinin final turu üç gün ərzində davam etdi və bu yarışma müddətində iştirakçılar hal-hazırda real mühitdə istifadə olunan kibertəhlükəsizlik sistemlərini quraşdırıb düzgün şəkildə tətbiq etməli idilər. Ümumi yarışma bütün yarışmaçılar tərəfindən həll edilməsi tələb olunan dörd moduldan ibarət idi. Tam əminliklə deyə bilərəm ki, kibertəhlükəsizlik sahəsi daim inkişafda olduğuna görə bu üç gün ərzində əldə etdiyim bilik və bacarıqlardan çox faydalandım.

 

- Bu cür beynəlxalq müsabiqələrə qatılmaq istəyən gənclərə sizin kimi uğur qazanmaları üçün nələri tövsiyə edərdiniz?

- Öz həyatlarını hər hansı bir sahəyə bağlamaq istəyən gənclərə demək istəyərdim ki, əgər onlar seçdikləri sahənin əsl mütəxəssisi olmaq arzusundadırlarsa, mütləq iki əsas qaydaya riayət etməlidirlər: dayanmadan öz elmi və təcrübi bilik və bacarıqlarını inkişaf etdirməli, seçdikləri elmi tam şəkildə dərk etməlidirlər. Bu halda onlar qarşılarına çıxan çətinlikləri dəf etmək imkanını daha rahatlıqla əldə edəcəklər.

 

- Gələcək planlarınız və hədəfləriniz...

- Hazırda mən Kapital Bankda kibertəhlükəsizlik mütəxəssisi olaraq çalışıram və gələcəkdə bu sahədə professional mühəndis kimi yetişmək istəyirəm. Bu məqsədimə çatmaq üçün bakalavr təhsilimi başa vurduqdan sonra magistr dərəcəsini və beynəlxalq təcrübəni əldə etmək məqsədilə xaricdə təhsil almaq istəyirəm.

 

- Bizə vaxt ayırdığınız üçün təşəkkür edirəm. Qoy uğur həmişə Azərbaycan gəncləri ilə olsun!

 

Lamiyə ƏLİMƏRDANOVA 

 



20.08.2021 | 10:21