Şuşakənd şəhidi qəhrəman müəllim

“Bir il idi işləyirdi məktəbimizdə. Bu qısa  müddətdə böyük hörmət qazanıb kollektivin sevimlisinə çevrilmişdi. İşə can yandıran idi. İnsan kimi tayı-bərabəri yox idi. Yeri çox bilinir”.   Bu sözlər müəllimliyə yeni başlayan, zabit olaraq cəmi 4 illik hərbi təcrübəsi olan, ömrünü təsərrüfat sahəsində keçirməyə hazır Əvdil müəllim haqqında işlədiyi məktəbin direktoru Sevda Quliyevanın dedikləridir.

 

Əvdil müəllim 48 illik ömrünü zəhmətlə yaşayıb. Yaşadığı ömrün haqqını da əməyi, tökdüyü təriylə verib. İndi ondan geriyə dürüstlüyü, yardımsevərliyi və bir də qəhrəmanlığı miras qalıb Əvdil Qardaşxan oğlu Quliyevin. Çünki orada doğulmasa da, böyüməsə də “O kənd mənim kəndimdi” dediyi Mərzilinin işğaldan azad olunması uğrunda silaha sarılıb o da. Bir çox silahdaşları kimi ucadan uca şəhadət zirvəsinə yüksəlib. Sevdiyi torpağa qarışaraq VƏTƏN olub balaları, ailəsi, əzizləri, həmkəndliləri və bütövlükdə milləti üçün.

 

Kənd məktəbinin hərbi hazırlıq müəllimi

 

 

Əvdil Quliyev 1972-ci ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. Atası Ağdamın Mərzili kəndindəndir. Özünü mərzilili kimi hiss etməsinin səbəbi də bu idi.

 

Ali təhsilini Kənd Təsərüffatı Akademiyasında (indiki Gəncə Dövlət Aqrar Universiteti)  aldıqdan sonra həqiqi hərbi xidmətdə olub. Ali məktəbi leytenant olaraq başa vurduğundan 1996-cı ildə həqiqi hərbi xidmətə zabit olaraq başlayıb. 2000-ci ilə qədər Tovuzda taqım komandiri vəzifəsində xidmət edib və baş leytenant rütbəsi alıb. Hərbi xidmətdən tərxis olunaraq evinə qayıdıb və elə o il də müəllim bir qızla ailə qurub. Həyatını birləşdirdiyi qadınla əvvəlcə evini, uşaqlarına olan sevgisini, daha sonra müəllimliyi, məktəbi, şagirdlərinə olan bağlılığını paylaşıb. Həyat yoldaşı Səbinə xanım coğrafiya müəllimidir. Əvdil müəllim də 2019-cu ildən xanımının işlədiyi məktəbdə - Ə.Məmmədov adına Təzəkənd kənd tam orta məktəbində onunla çiyin-çiyinə çalışıb. “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edib.

 

 

 

48 yaşlı zabitə Vətəndən çağırış

 

Sevdiklərinlə sevinci-kədəri paylaşmaq asandır, amma torpağı paylaşmaq vətənpərvər təbiətli, millətçi ruhlu, torpaq sevdalısı biri üçün mümkünsüz idi. Bir canı səngərdə, ürəyi işğal altındakı torpaqlardaydı. Bu narahatlığını dindirmək üçün hərbi xidmətə davam etməyə can atırdı. Xanımının sözlərinə görə, dəfələrlə elədiyi cəhdlər boşa  çıxırdı. Axırıncı dəfə Tovuz hadisələrindən sonra ərizə yazaraq əlinə silah almaq, müdafiə qüvvələrimizin sırasında yer tutmaq istəyini bəyan eləmişdi. 48 yaşı olduğu üçün çağırılacağına olan inamını itirir, buna görə narahatlıq keçirirdi. Bu dəfə onu çox gözlətmədilər. Nəhayət, çağırış gəldi və oktyabrın 1-də könüllü baş leytenant taqımının önündə yerini aldı.

 

Bundan sonra könüllü zabit Əvdil Quliyevin cəbhə gündəliyi yazılmağa başladı. Cəbhədən-cəbhəyə irəliləyərək Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı istiqamətlərində döyüşdü. İllərdir işğal altında olan torpaqlarda qarış-qarış irəliləyən Azərbaycan Ordusunun sıralarında Əvdil müəllim də vardı. Dəfələrlə mühasirəyə düşsə də, ağıllı qərarları və seçdiyi döyüş taktikaları ilə gözlənilməz vəziyyətlərdən çıxmağı bacardı. Qəhrəmanlığı ilə əsgərlərinə örnək oldu. Onları da çıxılmaz situasiyalardan sağ-salamat qurtardı.

 

Ömür-gün yoldaşı Səbinə Ağayeva ilə axırıncı dəfə oktyabrın 30-da danışıblar: “Döyüşlər, oradakı vəziyyətlə bağlı heç nə danışmazdıq. Sadəcə onu dedi ki, Şuşaya doğru gedirik. Ondan sonra heç danışmadıq. Noyabrın 6-da Şuşakənddə şəhid oldu. Snayperlə vurulmuşdu. Noyabrın 8-də dəfn olundu. Dəfn mərasimində insanlar evimizə axışdı. Onu çiyinlərində marş oxuya-oxuya apardılar”.

 

Atası Qardaşxan kişi oğlundan sonra çox qalmayıb. Oğlundan 20 gün sonra şəhid atası kimi o da köç edib ruhlar dünyasına.

 

Zabit yoldaşını xilas edərkən şəhid olub

 

Döyüşdə zabit yoldaşına kömək etmək istəyərkən snayper gülləsinə tuş gələrək şəhid olub Əvdil müəllim. Sadəcə döyüşdə yox, həyatda da ətrafındakı insanlara, onların problemlərinə biganə qalmayıb. Özü üçün nə qədər çətin olsa da, başqalarından köməyini əsirgəməyib. Onun yardımsevərliyinin şahidlərindən biri də dostu, Təzəkənd kənd Ə.Məmmədov adına tam orta məktəbin direktor müavini Tapdıq Qasımovdur: “Əvdil müəllimi kənd adamlarının söhbətlərindən tanıyırdım. Barəsində həmişə yaxşı fikirlər eşidirdim. Vətənə, elə-obaya bağlı bir adam olduğunu kənddə çox adam bilirdi. Barəsində o qədər yaxşı fikirlər eşitmişdim ki, onunla maraqlanmağa başlamışdım. Sonra elə oldu ki, yaxın qonsu olduq. Bundan sonra onu yaxından tanımaq imkanım oldu. Tanıdıqca barəsində eşitdiklərimin səbəbini daha yaxşı anladım. Səhhətimdə tez-tez problemlərim yaranırdı. Qonşu, dost olduğumuzdan bunu o da bilirdi. Yoldan keçəndə həyətdə bir iş gördüyümü görsə, gəlib əlimdən alib o davam edərdi. “Sənə olmaz”, - deyirdi. Bir mənə yox, hamıya qarsı qayğıkeşiydi. Həm qonşu, həm dost, həm də yaxşı iş yoldaşı idik”.

 

Tapdıq müəllim müharibə ərəfəsində Əvdil müəllimin hiss etdiyi narahatlıqları da xatırlayır: “Səfərbərlik zamanı çox narahat idı. Çağırılanda sevinci gözlərindən oxunurdu. Çağırış məntəqəsinə getdi. Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut Xocavənd və Şuşa uğrunda döyüşlərdə istirak etdi. Hər zəng edəndə ruh yüksəkliyi ilə danışırdı döyüşlərdən. Axırıncı dəfə oktyabrın 30-da danışdıq. Son döyüşü Şuşa istiqamətində oldu”.

 

Niyyətin hara...

 

Həyat yoldaşı deyir ki, əziyyətsiz, zəhmətsiz bir günü olmayıb, həyatda hər şeyi çətinliklə əldə edib: “20 ildi ailəliyik. İndiyədək nəyisə asan əldə etdiyinin şahidi olmamışam. Nəyə nail olmuşuqsa, onun yorulmaz zəhmətinin, alın tərinin nəticəsidir”.

 

Gündəlik həyatda ən çox kitab oxumaqdan zövq alıb. Xüsusən, silahlarla bağlı kitablar oxumağı xoşlayırmış. Necə deyərlər, hərbi həvəsi oxu seçiminə də təsir edib: “Çox mütaliə edirdi. Müasir insanlar internetə meyil eləyirlər. Onun əlindən kitab düşməzdi. Hərdən özünü niyə yorur, deyə soruşurdum. Deyirdi ki, kitab oxumaq adamı yormur.  Hərb elmi ilə, silahlarla çox maraqlanırdı”.

 

Hərb sənətini sevən, hərbçi olmaq üçün durmadan cəhdlər edən zabit axırda əlində silah şəhadətə ucaldı. Gedərkən də ocağında 3 bala qoydu. Vətən əmanəti 3 övladı indi atasının  adıyla öyünür, qəhrəmanlığı ilə qürurlanır. Tələbə qızlarıyla VII sinif şagirdi məktəbli oğlu üçün şəhid övladı olmaq qürurvericidir.

 

Ata-anası kimi müəllim olmağı hədəfləyən Tamara Quluzadə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin III kurs tələbəsidir: “Atamın yoxluğu bizi çox sarsıdıb. Onun ölümüylə heç cür barışa bilmirəm”.

 

Tamaranın sözlərinə görə, atası istər aprel döyüşləri, istərsə də iyul döyüşləri zamanı müharibəyə getməyə can atıb: “Generalımız Polad Həşimovun və zabit yoldaşlarının şəhid olması sanki onun dincliyini əlindən almışdı. Vətən müharibəsinə çağrılanda sevindi. Əynində hərbi forma onun çoxdankı arzularının həyata keçməsi demək idi”.

 

“Mən burdayam, narahat olmayın!”

 

Arzusu gerçəkləşən atasından aldığı qələbə soraqlı xəbərləri gözləyən balaları üçün günlər asan keçmirdi: “İmkan tapanda cəbhədən zəng edərdi. Amma bu zənglər çox qısa olardı. Harada olduğunu demirdi. Hər şey yaxşıdır. Düşmənin məğlubiyyətinə az qalıb”- deyərdi, vəssəlam. Beyləqan raket atəşinə tutulanda anam bizi Bakıya yollamaq istədi. Atam razı olmadı, dedi ki: “Mən burdayam, narahat olmayın!” Döyüş yoldaşlarının dediyinə görə, hərbi əməliyyata gedərkən sürücü yolu səhv salıb və pusquya düşüblər. Atamın dəstəsi 3 saat döyüşərək pusqudan itkisiz çıxır. Bir dəfə də gecə maşınla gedəndə düşmənin minamyot atəşinə tuş gəliblər. Maşının çadırı çöldən bağlı olduğundan dərhal çıxa bilməyiblər. Atam özünü itirməyib. Süngü-bıçaqla çadırı cırıb əsgərləri atəş altından çıxararaq həyatlarını xilas edib. Dəfələrlə yaralı əsgərləri döyüş gedəgedə atəş altından çıxararaq həyatlarını xilas eləyib. Zabit yoldaşının dediyinə görə, son döyüşündə də zabit  yoldaşına kömək edərkən snayper atəşi ilə vurulub”.

 

Əvdil müəllimin şəhadəti qızının doğum gününə təsadüf edib: “Atamın şəhid xəbəri yavaş-yavaş qapımıza toplaşan insanlarla gəldi. O dəhşətli günü xatırlamaq bu gün belə çətindir. Ancaq bir təsəllimiz var. Bilirik ki, atamın ən böyük arzusu vətənimizin bütövlüyü idi. Ölkəmiz artıq bütövdür. Torpaqlarımızın bütövlüyünü öz canı və qanı ilə bərpa edənlərin sırasında mənim atam da var. Atamla fəxr edirəm! Şəhadətin mübarək, atam!”

 

Tamara atası ilə sadəcə qürur duymur, həm də onun arzuladığı kimi olmağa çalışır: “Vətənini azad və bütöv, bizi isə oxumuş, ali təhsilli, öz ayaqları üzərində dura bilən görməyi arzulayırdı. Bacım da Gəncə Dövlət Universitetində Texnologiya müəllimliyi ixtisası üzrə təhsil alır. İkimiz də onu bu uğurumuzla sevindirdik. Bu da bizim ən böyük təsəllimizdir”.

 

Ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunan Azərbaycan Ordusunun cəsur zabiti, Azərbaycan məktəbinin qəhrəman müəllimi Əvdil Quliyevin adı, sadəcə ailəsində, elində-obasında yox, bütün ölkə hüdudlarında daima hörmətlə anılacaq.

 

Ruhun şad olsun, qəhrəman müəllimimiz!

 

Ruhiyyə DAŞSALAHLI

 



05.03.2021 | 13:35