Mingəçevir Dövlət Universitetinin (MDU) təhsil fakültəsinin “Məktəbəqədər təhsil” və “İbtidai sinif müəllimliyi” ixtisasları üzrə təhsil alan dördüncü kurs tələbələri pedaqoji təcrübədə olduqları məktəbəqədər və ümumi təhsil müəssisələrində “Heydər Əliyev İli” çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan silsiləvi tədbirlər təşkil ediblər.

 

Əvvəlcə Mingəçevir şəhər 7 saylı tam orta məktəbdə “Heydər Əliyev və uşaqların müdafiəsi” mövzusunda “dəyirmi masa” keçirilib.

 

Açılış nitqlərindən sonra Ulu Öndərə həsr olunan videoçarx izlənilib.

 

Növbəti tədbir Mingəçevir şəhər 1 nömrəli “Lalə” körpələr evi-uşaq bağçasında təşkil olunub. Uşaq bağçasının müəllim-tərbiyəçi kollektivi üzvləri və uşaqların, MDU-nun tələbələri və onların təcrübə rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə “Turp” nağılı səhnələşdirilib.

 

Daha sonra Mingəçevir şəhər 16 nömrəli “Aynur” körpələr evi-uşaq bağçasında tədbir keçirilib. Tədbirdə uşaqların, MDU-nun gənc əməkdaşları və tələbələrinin ifasında müxtəlif səhnəciklər, musiqi və rəqs nömrələri təqdim edilib.

 

Tədbirlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.