Bakı Ali Neft Məktəbində (BANM) Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyinin təşkilatçılığı ilə “Bakı Gənclər Debat Forumu: Yaz- 2023”ün qrup və seçmə mərhələsi keçirilib.

 

Forumda 25 ali təhsil müəssisəsi və təşkilatını təmsil edən ən yaxşı 50 komanda iştirak edib.

 

Tədbirin açılış mərasimində BANM-ın rektoru Elmar Qasımov, “Vətəndaş Cəmiyyətində Debat”  İB-nin sədri Ülviyyə Axundova, debat hakimləri, müxtəlif qurumların nümayəndələri və debatçı gənclər iştirak ediblər.

 

E.Qasımov çıxışında iştirakçılara uğurlar arzulayaraq bu forumun onların bacarıqlarının inkişafı üçün unikal platforma olduğunu vurğulayıb.

 

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Debat Forumunun məqsədi gənclər arasında Heydər Əliyev irsinin təbliğ olunması, debat və natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsilə onların qərarvermə proseslərində, ictimai aktuallıq kəsb edən məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etməkdir.

 

İlin ən böyük Debat Forumu olan layihədə, ümumilikdə 2 gün ərzində 50 komanda, 187 saat debat, 1000-dən çox gəncin iştirakı qeydə alınıb. Forumda BANM-ı “Buta” komandası təmsil edib.

 

Forumda “Bilik iqtisadiyyatına keçid edən ölkələrdə rəqabətədavamlı bazarın formalaşması üçün süni intellektin tətbiqi şərtdir” mövzusunda debatlar aparılıb.