Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun (AKİ) elmi işçisi İbadulla Mahmudov elmi fəaliyyətində fərqləndiyinə görə “Gənclər üçün akademik Əli Quliyev” adlı mükafatla təltif edilib.

 

Təqdimat mərasimində elmi işçiyə diplom və pul mükafatını institutun baş direktoru akademik Vaqif Fərzəliyev və akademik Əli Quliyevin oğlu Azərbaycan Tibb Universitetinin professoru Fikrət Quliyev təqdim ediblər.

 

Bu mükafat artıq 10 ilə yaxındır, hər il elmi fəaliyyətində xüsusi nailiyyətlər əldə etmiş bir nəfər gənc alimə təqdim olunur.

 

İ.Mahmudov son bir ildə apardığı beynəlxalq səviyyəli tədqiqatın nəticələrini 3 nüfuzlu, impakt faktorlu jurnalda  dərc etdirdiyi üçün bu adlı mükafata layiq görülüb.

 

Məlumat üçün bildirək ki, İ.Mahmudov Portuqaliyanın Lissabon Universitetində zərif üzvi sintez üsulları, yeni üzvi birləşmələr və onların müxtəlif metal komplekslərinin sintezi, tədqiqi ilə bağlı təcrübədə iştirak edib. 

 

O, hazırda öz tədqiqatlarını AKİ-nin fizioloji fəal üzvi birləşmələr laboratoriyasında davam etdirir.