"Dünya Universitetləri Reytinq Mərkəzi" (CWUR) təhsil və elmi tədqiqat müəssisələrinin 2023-cü il üzrə reytinqini (CWUR Global 2000) açıqlayıb. Sözügedən reytinq çərçivəsində dünyanın 20531 universiteti tədqiqata cəlb olunub. Onların  arasından 95 ölkədən ən yaxşı 2000 ali təhsil ocağı seçilərək ümumi reytinqə  daxil edilib.  Reytinqdə təkcə universitetlər deyil, tədqiqat təşkilatları da iştirak edir. Tərtibçilər akademik və elmi təşkilatların fəaliyyətinin obyektiv göstəricilərinə diqqət yetirirlər, bütün məlumatlar isə açıq mənbələrdən götürülür.

 

Azərbaycanı reytinqdə Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu təmsil edir. İnstitut 68.1 bal toplayraq 1460-cı yeri (Top 7.2%) tutub.  Qeyd edək ki, "Dünya Universitetləri Reytinq Mərkəzi" (CWUR) ali təhsil müəssisələrini təhsil səviyyəsi, əmək bazarında məzunlara duyulan ehtiyac, elmi nəşrlərin keyfiyyəti, elmi sahəyə təsiri və istinad olunması kimi kriteriyalar əsasında qiymətləndirən aparıcı konsaltinq təşkilatdır. Ancaq Mərkəz universitetlərin verdiyi məlumatlara etibar etmir və bütün lazımi məlumatları özü toplayır. Reytinqlər dərc edildikdən sonra təşkilat hökumətlərə və universitetlərə təhsil və tədqiqatların nəticələrini yaxşılaşdırmaq üçün tövsiyələr verir. 


Reytinqə ənənəvi olaraq Harvard  Universiteti başçılıq edir. Reytinqin ilk 10-luğuna  əsasən ABŞ və Böyük Britaniya universitetləri daxildir:
1. Harvard Universiteti (ABŞ), 2. Massaçusets Texnologiya İnstitutu (ABŞ), 3. Stanford Universiteti (ABŞ), 4. Kembric Universiteti (Böyük Britaniya), 5.Oksford Universiteti (Böyük Britaniya), 6.  Prinston Universiteti (ABŞ), 7. Çikaqo Universiteti (ABŞ), 8. Kolumbiya Universiteti (ABŞ), 9. Pensilvaniya Universiteti (ABŞ), 10. Yale Universiteti (ABŞ).  

 

Reytinqdə Türkiyənin  Haçettepe, Ankara, Boğaziçi,  İstanbul,  İstanbul Texniki,  Ege,  Mərmərə, Qara Dəniz Texnik, Bilkənd, Koç, Sabançı, Qazi, Çankaya və s. 55 universiteti yer alıb.  Rusiyadan 43 elm və təhsil müəssisəsi reytinqə daxil olub. M.V.Lomonosov adına MDU ən yaxşı 200 təhsil müəssisəsi sırasına düşə bilməyib (217-ci yer).
 

Reytinq universitet və elm müəssisələrini aşağıdakı dörd göstərici üzrə qiymətləndirir:

Təhsil keyfiyyəti (25%): universitet məzunlarının akademik uğurlarına əsaslanır və ali məktəbin böyüklüyünə nisbətən nüfuzlu akademik mükafatlar almış məzunların sayı ilə ölçülür.
 

Məzunların məşğulluq imkanı (25%): universitet məzunlarının peşə uğurlarına əsaslanır və ali məktəbin böyüklüyünə nisbətən iri şirkətlərdə rəhbər vəzifələr tutan universitet məzunlarının sayı ilə ölçülür.
 

Fakültənin keyfiyyəti (10%): nüfuzlu akademik mükafatlar almış müəllimlərin sayı ilə ölçülür.
 

Tədqiqatların səmərəliliyi:

a) Son 10 ildə nəşrlərin sayı (10%) - dərc olunmuş elmi məqalələrin sayı ilə ölçülür.
b) Yüksək keyfiyyətli nəşrlər (10%) - aparıcı (top-tier) jurnallarda dərc olunan elmi məqalələrin sayı ilə ölçülür.
v) Təsir səviyyəsi - nüfuzlu (çox nüfuzlu) jurnallarda dərc olunan elmi məqalələrin sayı ilə ölçülür - 10%.
d) Sitatlaşdırma səviyyəsi - yüksək qiymətləndirilən elmi məqalələrin sayı (10%) ilə ölçülür.

 

Oruc MUSTAFAYEV