Bir görüşün xatirəsi...


“Bizim həyatımızda müəllimlik ən hörmətli peşədir. Müəllim cəmiyyətimizdə görkəmli yer tutur. Müəllimə hamı hörmət edir və hörmət etməlidir. Çünki sizi də və keçmişdə bizi də həyata hazırlayan, böyüdən və bu günlərə çıxaran müəllimlər olubdur. Mən öz müəllimlərimə daim minnətdar olmuşam, bu gün də minnətdaram və ümid edirəm ki, siz də müəllimlərinizi sevəcəksiniz, müəllimlərinizə hörmət edəcəksiniz. Müəllimlərinizdən maksimum bilik almağa çalışacaqsınız. Ancaq müəllimlər də sizə böyük qayğı ilə yanaşacaqlar. Sizə yaxşı təhsil verəcəklər, dərs saatlarını səmərəli keçirəcəklər. Beləliklə, məktəb öz nəticəsini verəcəkdir”.

 

Heydər ƏLİYEV

 

Bəli, dahi şəxsiyyət Heydər Əliyev  müəllimləri, uşaqları çox sevirdi. Böyüməkdə olan gənc nəslin tərbiyəsi ilə bağlı,  onların yüksək bilik və bacarığa sahib olması üçün hər zaman təhsil işçilərinə öz dəyərli tövsiyələrini verir, bütövlükdə Azərbaycan təhsilinin, elminin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşırdı. Hər ilin ilk dərs, “Bilik günü”ndə Ümummilli Liderin orta ümumtəhsil məktəblərinin birində olması  müəllim-şagird kollektivlərinin və valideynlərin böyük sevincinə səbəb olurdu. Müəllimlər və şagirdlər axı niyə də   sevinməsin?  Ulu Öndər Heydər Əliyev məhz  onların məktəbinə, onları   təbrik etməyə gəlirdi. Dahi rəhbəri  yaxından görmək, onunla ünsiyyətdə olmaq, hər bir müəllimin, şagirdin, valideynin  ən böyük arzusu idi.  Bu dəfə,  həmin  seçilmişlərdən olan - Bakı şəhəri 275 nömrəli tam orta məktəbin iki müəllimi dahi şəxsiyyət  Heydər Əliyevin  təhsil ocağına gəlişi ilə bağlı xatirələrini “Azərbaycan müəllimi” ilə  bölüşüblər.

 

Danışmaq üçün adımı eşidəndə yenidən həyəcanlandım

 

Səma HÜSEYNLİ,

informatika müəllimi  

 

- Mən 1997-ci ildən informatika fənnini şagirdlərimə sevə-sevə tədris edirəm.

 

Məktəbimizin direktoru zəng edib deyəndə ki, Ümummilli Lider bizim orta ümumtəhsil müəssisəsinə gələcək, bu xəbər məni həm sevindirdi, eyni zamanda  həyəcanlandırdı. Məktəbimiz tarixi hadisə yaşayacaqdı. Əlbəttə, məktəbimiz və kollektivimiz adına çox qürurlandım. Heç ağlıma da gəlməzdi ki, mən də o tarixi hadisənin bir parçası olacağam. O zaman  mənim 26 yaşım var idi. Gənc müəllim olaraq təhsillə bağlı “Azərbaycan müəllimi” qəzetində məqalələrim çıxırdı, həm də  o dövrdə “ İlin gənc müəllimi” seçilmişdim.  Mənə deyəndə ki, Ulu Öndərin qarşısında çıxış edəcəksən, çox həyəcanlandım. Əslində o zamanlar gənc müəllim kimi Azərbaycan Dövlət Televiziyasının tədrislə bağlı verilişlərinə  tez-tez dəvətlər alırdım, yəni məni o çıxışlar düzünü desəm o qədər həyəcanlandırmırdı, amma Heydər Əliyev kimi bir şəxsiyyətin önündə çıxış etmək... Bu, mənim üçün ən həyəcanverici və qürurverici hadisə idi. 

 

Ulu Öndər öncə məktəbimizin sinif otaqlarını gəzdi. Mənim otağımın yanından keçəndə sevgiylə, təbəssümlə  doğma şagirdlərimə nəzər saldı, əslində bəlkə də elə bu baxışları həyəcanımı bir az yenməyə kömək oldu.

 

Ümummilli Liderin çıxışı bitən kimi danışmaq üçün adımı eşidəndə yenidən həyəcanlandım. Hardasa yarım saat öncə şagirdlərimi sevgiylə izlədiyi anda məni saran rahatlıqdan əsər-əlamət qalmadı. Təsəvvür edin, Azərbaycanın ən gözəl natiqindən - Ulu Öndərdən sonra mən necə danışa biləcəyəm? Çıxışım o dahi insanın çıxışından sonra necə olacaq? Səsim titrəyə-titrəyə bu məsuliyyətli işin öhdəsindən gəlməyə çalışdım.

 

Çıxışımda qeyd etdim ki, məhz Ümummilli Liderin müstəsna xidmətləri nəticəsində Azərbaycan  dünya miqyasında həm siyasəti, iqtisadiyyatı, həm də elmi və mədəniyyəti ilə tanınmağa başlamış, özünə layiq yer tutmuşdur. Heydər Əliyevin hədsiz qayğısının  nəticəsidir ki, yüksəliş ölkəmizin təhsilinə də sirayət etmiş, bu sahədə son illər xeyli uğurlu nəticələr əldə olunmuş, islahatlar geniş vüsət almışdır. Bu gün Azərbaycan gənclərinin səsi dünyanın ən nüfuzlu təhsil ocaqlarından gəlir, şagirdlərimiz mötəbər dünya olimpiadalarında ölkəmizin şərəfini uca tutur, yüksək mükafatlar əldə edirlər.

 

Daha sonra bildirdim ki, məhz Heydər Əliyevin göstərdiyi diqqətin nəticəsidir ki, məktəbimiz yüksək səviyyədə təmir edilmiş, dərs vəsaitləri, informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş, müəllimlərin keyfiyyətli fəaliyyəti üçün hər bir şərait yaradılmışdır. Dahi şəxsiyyətin göstərişi ilə bütün məktəblilər yeni dərs ilinə latın qrafikalı Azərbaycan əlifbası ilə müasir tələblər səviyyəsində hazırlanmış və çap edilmiş yeni dərsliklərlə başlamışdır.

 

Ulu Öndərin məktəbimizə gəlişinin gənc nəslin təlim-tərbiyəsinə göstərdiyi böyük diqqətdən irəli gəldiyini söylədim. Hər yeni dərs ili başlayarkən məktəblərdə olmasını, pedaqoji kollektivlə, şagirdlərlə görüşməsini, dəyərli tövsiyələrini, müəllimlərin əməyinə verdiyi yüksək dəyərin bizi həmişə ruhlandırdığını, daha böyük əzmlə çalışmağa sövq etdiyini qeyd etdim. Azərbaycan təhsilinə verdiyi qiymətə görə müəllimlər adından ona  dərin təşəkkürümü  bildirdim.

 

Bilirsiniz, dahilik Allah vergisidir. Bəli, Heydər Əliyev dahi idi. Onun  qarşısında ən peşəkar siyasətçilər belə özlərini itirirdilər. Azərbaycan dövlətçiliyinin xilas olması məhz Ulu Öndərin sayəsində oldu.

 

Yadımdadır, valideynlərim həmişə deyirdilər ki, onların Azərbaycanın tanınmış universitetlərini bitirmələri Heydər Əliyevin təhsillə bağlı apardığı siyasətin sayəsində olmuşdur. Atam Tibb  Universitetinə məhz Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrdə qəbul olmuş, sonralar həmin universiteti bitirib peşəkar həkim kimi fəaliyyət göstərirdi. Eyni ilə anam da, o zamanlar ali təhsil alaraq müəllimim kimi çalışmışdı.

 

Heydər Əliyevin Azərbaycana verdiyi ən böyük hədiyyə Prezident  İlham Əliyev oldu. 44 günlük Vətən müharibəsi məhz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, düzgün ordu quruculuğu sayəsində məntiqi sonluqla - Qələbəmizlə bitdi. Bu gün də inanırıq ki, İlham Əliyev nəyi nə zaman etməyi çox gözəl bilir. Bu da dövlətimizin etibarlı əllərdə olması deməkdir.

 

Bəli, çox fəxr edirəm ki, bu gün mənə  Ulu Öndərlə bağlı xoş xatirələrimi paylaşmaq müyəssər oldu. Ümummilli Liderin müəllimə münasibəti hər zaman örnəkdir.

 

Ümummilli Lider üzünü XI sinif şagirdlərinə tutaraq tövsiyələrini verdi

 

Kifayət  MƏMMƏDOVA,

tarix müəllimi

 

- 2002-ci il sentyabrın 2-si, yeni dərs ilinin ilk günü... Həmin gün  275 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin yaddaşında ən unudulmaz gün kimi qalıb. Ümummilli Lider Heydər Əliyev məhz bizim məktəbə gəlmişdi.  43 illik pedaqoji fəaliyyətimin ən əlamətdar, yaddaqalan  hadisəsi də məhz Ulu Öndərin bizim məktəbə gəlişi idi. Gözümün önündə həmin gün yenidən canlanır:  “Bilik günü”  və yeni dərs ilinin başlanması münasibətilə Bakının Yeni Günəşli yaşayış sahəsindəki bayramsayağı bəzədilmiş məktəbimizin  həyətinə yüzlərlə şagird, müəllim, valideyn toplaşmışdı. Hamı böyük sevinc və həyəcanla dahi şəxsiyyəti gözləyirdi.

 

Mərasimə toplaşanlar Prezident Heydər Əliyevi hərarətli alqışlarla qarşıladılar. Şagirdlərimiz dahi şəxsiyyətə  gül-çiçək dəstələri təqdim etdilər.

 

Məktəbimizin direktoru tədris ocağı  haqqında geniş məlumat verdikdən sonra Ulu Öndər sinif otaqlarına və müxtəlif fənn kabinetlərinə daxil olaraq yaradılan   şəratlə tanış oldu.

 

Heydər Əliyevin növbəti daxil olduğu tarix kabinetində mən XI “b” sinfində  tarix  fənnini tədris edirdim.  Ulu Öndərə mənim haqqımda məlumat  verilərək X sinif üçün “Azərbaycan tarixi” dərsliyinin müəlliflərindən biri olduğum söylənildi. Mən respublika üzrə keçirilən pedaqoji mühazirələr müsabiqəsində  o dövrdə    müəllimlər arasında “Ən yaxşı mühazirəçi” nominasiyası üzrə  qalib olmuşdum.

 

Ümummilli Lider  dərs keçdiyim sinifdə XI siniflər üçün “Azərbaycan tarixi” dərsliyini vərəqləyərək soruşdu ki,  “Bu dərsliyi bu il almısınız?”.  Mən də “Bəli” - deyə söylədim. Dahi şəxsiyyət dərslikdə Azərbaycan tarixinin hansı dövrünün əhatə olunması ilə maraqlandı. Ona  1917-ci ildən 2000-ci ilə qədər olan dövrün burada əhatə olunduğunu bildirdim. Ulu Öndərin 2000-ci ildən sonrakı dövrü ilə bağlı sualına isə həmin dövrün dərsliyin növbəti nəşrində əlavə ediləcəyini dedim.

 

Bilirsiniz, mən gördüm ki, dahi şəxsiyyət Azərbaycanın tarixinin bütün dövrlərinin dərsliklərdə  tam öz əksini tapması ilə bağlı necə həssaslıq nümayiş etdirir. Azərbaycanın istər  ədəbiyyatını, tarixini, mədəniyyətini,  istərsə də incəsənətini onun qədər mükəmməl bilən ikinci insan tanımıram. Şagirdlərlə ünsiyyətində, müəllimlərə yanaşma tərzində  özünəməxsusluq var idi. Ümummilli Lider üzünü XI sinif şagirdlərinə tutaraq  “Siz hamınız xoşbəxtsiniz. Ona görə ki, müstəqillik dövründə yaşayırsınız. Canınız sağlam olsun,  yaxşı oxuyun, məktəb illərini səmərəli keçirin. Yaxşı təhsil alın və gələcəkdə Azərbaycanın etibarlı, dəyərli vətəndaşları olun” - söyləyərək  öz tövsiyələrini verdi. Ulu Öndərin böyüməkdə olan gənc nəsli Azərbaycanın gələcəyini təmin edəcək, ölkəmizi daha irəli aparacaq bir qüvvə kimi görməsi bir müəllim kimi qəlbimi qürurlandırdı.

 

Dahi şəxsiyyət müəllimlərə, müəllimlik peşəsinə xüsusi hörmətlə yanaşırdı. Və biz müəllimlər həmin görüşdə  bunun bir daha canlı şahidi olduq .

 

Samirə KƏRİMOVA