“Heydər Əliyevin çıxışında öz adımı eşidəndə çox sevindim”


“Ürəkdən şadıq ki, gənclərin yeni böyük dəstəsi respublikanın hüdudlarından kənarda təhsil almağa gedir, şadıq ki, Moskvanın, Leninqradın, Kiyevin və ölkənin başqa şəhərlərinin ali məktəblərində Azərbaycandan olan tələbələrin sayı ildən-ilə artır... Ölkənin ali məktəblərində oxuyan Azərbaycan gənclərinin təhsildəki yaxşı göstəriciləri bizi sevindirir. Lakin siz bu göstəriciləri daha da yüksəldə bilərsiniz və yüksəltməlisiniz... Biz ümid edirik və inanırıq ki, yaxşı oxuyacaqsınız, biliklərə yiyələnəcəksiniz, mənəviyyatca zənginləşəcəksiniz, elm və mədəniyyətin ən qiymətli sərvətlərinə bələd olacaqsınız”.

 

Heydər ƏLİYEV

 

Azərbaycan təhsilinin son yarıməsrlik dövrünü əhatə edən yeniləşmə və intibah mərhələsi Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərinə təsadüf edir. Bu illər, təsadüfi deyildir ki, təhsilimizin qızıl dövrü adlandırılır. Məhz bu dövrdə Azərbaycanda təhsil sahəsində aparılan islahatlar, yeni təhsil müəssisələrinin yaradılması, mövcud məktəblərin infrastrukturunun yeniləşdirilməsi, universitet şəbəkəsinin genişləndirilməsi, ali təhsil müəssisələrinin sayının artırılması və elmə, təhsilə dövlət dəstəyi inqilabi dəyişikliklərin əsasını qoymuşdur. Heç şübhəsiz ki, azərbaycanlı gənclərin keçmiş ittifaqın ayrı-ayrı şəhərlərində nüfuzlu universitetlərdə, institutlarda təhsil almağa göndərilməsi də əsası Ulu Öndər tərəfindən qoyulan xaricdə təhsil ənənələrinin uğurla davam etdirilməsi idi. Ölkəmizdə dərin minnətdarlıq hissi ilə qarşılanan bu siyasət 70-80-ci illərdə neçə-neçə azərbaycanlı gəncin universitet təhsili almaq xəyallarının gerçəkləşməsinə imkan vermişdir. Bəs, Ulu Öndərin təşəbbüsü və xeyir-duası ilə təhsil almağa göndərilən gənclər o illəri necə xatırlayırlar?

 

Gülnarə ƏZİZOVA,

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu, Azərbaycan Tibb Universitetinin professoru

 

Moskva Dövlət Universitetinə qəbul olunduğum üçün çox sevinirdim

 

- 1977-ci ildə Bakıdakı 18 nömrəli məktəbi qızıl medalla bitirdim. Məktəbin kimya təmayüllü sinfində oxuyurdum. Bizə kimyanı o zaman Azərbaycanda məşhur olan  müəllimlərdən Mustafa Salmanov tədris edirdi. Təbii ki, fikrim kimya, biologiya, tibb sahələri üzrə idi. Bakıda ali təhsil alası olsaydım, Tibb Universitetinə gedərdim. O zaman Tibb Universitetinə maraq və diqqət çox idi.  Amma mən öyrəndim ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə keçmiş İttifaqın ayrı-ayrı şəhərlərindəki nüfuzlu universitetlərə müsabiqədənkənar qəbul var. Məndən əvvəl məktəbimizdən bir məzun M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunmuşdu. Müsabiqədənkənar qəbul indiki Bakı Dövlət Universitetində təşkil olunmuşdu. Mən də universitetə getdim, orada həqiqətən xarici ali məktəblərə qəbul həyata keçirilirdi.  Müsabiqədənkənar ixtisasların siyahısı da var idi. Mən sənədlərimi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin biokimya ixtisasına verdim. Bir imtahandan, riyaziyyatdan beş qiymət alaraq universitetə qəbul olundum. O zaman bir yerə 8 nəfər müraciət etmişdi. Cəmi 2 nəfər qəbul oldu, onlardan biri mən idim. Təbii ki, Moskva Dövlət Universitetinə qəbul olunduğum üçün çox sevinirdim.

 

“Ümummilli Liderlə görüşdən evə çox yüksək əhvali-ruhiyyədə gəldim”

 

İmtahanlardan sonra bizə elan olundu ki, iyul ayının sonu, avqustun əvvəlində Respublika Sarayında Ulu Öndər Heydər Əliyevlə görüş keçiriləcək. Görüşdə mən də iştirak etdim. Ümummilli Lider gənclər qarşısında çox dolğun  çıxış etdi, onlara çox gözəl məsləhətlər verdi. Ümummilli Liderlə görüşdən evə çox yüksək əhvali-ruhiyyədə gəldim. Bizə deyilmişdi ki, indiki ADNSU binası yanında toplaşmalıyıq, bizi hava limanına aparacaq xüsusi avtobus ayrılmışdı. Bizi valideynlərimiz yola salırdı. Gəncləri hava limanına apardılar. Dövlət hesabına biletlərimiz alınmışdı. Bizi təyyarəyə mindirib Moskvaya  yola saldılar. Çox gözəl, unudulmaz bir gün idi.

 

Hər şey indiki kimi yadımdadır. MDU-da avqust ayında tətil vaxtı idi. Gözlərimiz önündə MDU bütün möhtəşəm görkəmi ilə dururdu. Bizi qarşılayaraq  yataqxanalarda yerlə təmin etdilər. Azərbaycanın Moskvadakı nümayəndəliyinin əməkdaşı bizimlə məşğul idi. Bizi otaqla təmin etdilər, mən MDU-nun botanika ixtisasına qəbul olmuş bir azərbaycanlı və özbəkistanlı tələbə ilə bir otağa düşdüm.  Birinci semestri 2 “4” və 2 “5”-lə başa vurdum. Şəhər məktəbini bitirdiyimdən rus dili mənim üçün bir az çətin deyildi. Amma tam rus dilli deyildim, çünki Azərbaycan bölməsini bitirmişdim. Amma imtahanı yaxşı vermişdim. Hətta imtahan götürən müəllim məni tərifləyib dedi ki, adətən digər respublikalardan gələnlər zəif olurlar: “Əksinə, Gülnara fənni yaxşı bilir”.  Azərbaycanlı gənclər  çox mehruban idilər. Yuxarı kursda riyaziyyatda oxuyan tələbələrimiz  hətta bizə köməklik edirdilər. Tahir adlı bir tələbəmiz bizə riyaziyyatdan müxtəlif funksiyaları sadə dildə izah edirdi.

 

“MDU-nun məzunu olduğumu biləndə məni çox diqqətlə qarşıladılar”

 

Tələbəlik həyatımın  sonrakı illəri artıq asan idi. Moskva həyatına adaptasiya olunmuşdum. III kursun payızı idi. Bizə  xəbər verildi ki, Ulu Öndər Heydər Əliyevin Moskva Bədaye Akademik Teatrında (MXAT) biz tələbələrlə görüşü olacaq. Moskvadakı nümayəndəliyimizin dəstəyi ilə yenə də ayrı-ayrı ali məktəblərdə oxuyan tələbələrimiz görüşə gəlmişdilər. Mən Heydər Əliyevin çıxışı zamanı öz adımı eşidəndə çox sevindim. Ulu Öndər çıxışında qeyd edirdi: “Burada bizim tələbələr çox yaxşı oxuyurlar. Məsələn, Gülnara Şəfiyeva”. Bu,  mənim üçün böyük sevinc və stimul idi. Mən uzun müddət bu sözlərin təsiri altında idim.  Universiteti bitirdikdən sonra məni akademik Y.Ovçinnikovun kafedrasında saxladılar. SSRİ Elmlər Akademiyasının Bioüzvü Kimya İnstitutunun aspiranturasında qaldım və 1988-ci ildə dissertasiya işimi müdafiə etdim. Artıq ailə də qurmuşdum, 2 övladım var idi.

 

Daha sonra Bakıya qayıtdım və məni yenə də Akademiyaya (AMEA) göndərdilər. Elmi işimi vaxtından əvvəl müdafiə etdiyimə görə burada özümə iş tapmağa vaxtım var idi. Yolumu Azərbaycan Tibb İnstitutunun  biokimya kafedrasına saldım. Özümü Moskva Dövlət Universitetinin məzunu kimi təqdim etdim.

 

MDU-nun məzunu olduğumu biləndə məni çox diqqətlə qarşıladılar. Bu, təsadüfi deyildi. Çünki biz şəxsən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və böyük fədakarlığı sayəsində keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil alaraq vətənə dönmüşdük. Mənə ATU-da sentyabr ayından işə başlayacağımı dedilər. 1988-ci ildən mən ATU-nun biokimya kafedrasında çalışıram. Əvvəlcə baş müəllim, sonra dosent oldum. Sonra elmi mövzu götürdüm,  2015-ci ildə doktorluq dissertasiyasını müdafiə etdim. Hazırda biologiya üzrə elmlər doktoru, professoram və artıq beş ildir ki, kafedranın müdiri vəzifəsini yerinə yetirirəm. 

 

“Əldə etdiyim nailiyyətlərə görə Heydər Əliyevə borcluyam”

 

Onu da xatırlayıram ki, 1998-ci ilin avqust ayında Ümummilli Lider  Heydər Əliyev bizimlə daha bir görüş keçirdi. Yadımdadır ki, görüş indiki Heydər Əliyev adına Sarayda təşkil olunmuşdu. Ümummilli Lider salonda bizdən bir sıra qabaqda əyləşmişdi, o anlar mənim indiyədək yadımdadır. Ulu Öndər çox möhtəşəm bir çıxış etdi. Biz tələbələri səhnəyə dəvət etdilər, sonra öz yerlərimizi tutduq. 

 

Mən nə demək istəyirəm? Mənim həyatda qazandığım bütün nailiyyətlərə, bütün elmi uğurlarıma görə aldığım yüksək səviyyəli təhsilə borcluyam. Bizə bu imkanı yaratmış Ulu Öndər Heydər Əliyevə borcluyam. Yəni, MDU-da, təhsil illərində qazandığım bilikləri indi də tətbiq edirəm. Orda gördüyüm alimlərlə olan təmaslar, biliklər, ünsiyyət və s. mənim həyatımda xüsusi önəmli rol oynayıb. Moskva və digər şəhərlərdə təhsil alan tələbələrimiz daim Heydər Əliyevin ciddi diqqət və qayğısı ilə əhatə olunmuşdu. Hətta Azərbaycan mətbuatı tez-tez Moskvada təhsil alan tələbələrlə görüşür, onların təhsili və qayğıları ilə maraqlanırdı. Tez-tez tələbələrimizdən məqalələr dərc olunurdu, müsahibələr alınırdı. Moskvadakı Azərbaycan nümayəndəliyinin dəstəyi ilə mütəmadi görüşlər təşkil olunurdu. Əgər hansı çətinliklərimiz olurdusa, nümayəndəliyimizə məktubla müraciət olunurdu. Bəzi tələbələrimizə maddi yardımlar da edilirdi.  

 

Bizi  Moskvada keçirilən bir çox görüşlərə dəvət edirdilər. Məsələn, mən V  kursda oxuyurdum, aspirant idim. 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə Moskvanın İttifaqlar Evinin Sütunlu salonunda dahi Nizami Gəncəvinin 840 illik yubileyi keçirilirdi. Yubiley tədbirinə biz tələbələri də dəvət etmişdilər. Yadımdadır, tədbirdə Ümummilli Lider Heydər Əliyev, Zərifə xanım Əliyeva da iştirak edirdi. Ulu Öndər teatrın foyesində hamıyla salamlaşıb söhbət edirdi. Bu cür anlar heç vaxt unudulmur, yaddaşlarda silinməz xatirə kimi yaşayır.

 

Oruc MUSTAFAYEV