Elm və təhsil naziri Emin Əmrullayev məzun günündə iştirak edib


Martın 13-də “Code For Future” layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri üçün məzun günü keçirilib.

 

Qeyd edək ki, “Code For Future” layihəsi Elm və Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi tərəfindən başladılıb. Layihənin məqsədi tələbələrə “junior” mütəxəssislər səviyyəsində İT peşələrin öyrədilməsidir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alanlara təlimlər üç istiqamətdə - “Web-tərtibatçı”, “Sistem inzibatçısı”, “QA mühəndisi” ixtisasları üzrə keçirilib.

 

Məzun günündə elm və təhsil naziri Emin Əmrullayev, ADNSU-nun rektoru  professor Mustafa Babanlı, “Alqoritmika” beynəlxalq təhsil şirkətinin baş direktoru Andrey Lobanov, KİV nümayəndələri və digər şəxslər iştirak edib.

 

Elm və təhsil naziri Emin Əmrullayev tədbirdə çıxış edərək layihənin əhəmiyyətindən söz açıb. “Code For Future” layihəsinin İT əmək bazarında rəqabətdə tələbələrə verdiyi üstünlüklərdən danışıb. Qloballaşan dünyada rəqəmsallaşmanın günü-gündən nə qədər əhəmiyyətli olduğunu vurğulayan Emin Əmrullayev ölkəmizdə bu sahənin inkişafının prioritet olduğunu diqqətə çatdırıb. Layihənin əhatə dairəsinin gələcəkdə daha da genişlənəcəyinə ümid bəsləyən elm və təhsil naziri Emin Əmrullayev gənclərin bu layihəyə olan marağının artdığını sevindirici hal olduğunu da sözlərinə əlavə edib.

 

ADNSU-nun rektoru professor Mustafa Babanlı “Code For Future” layihəsinin məzun günündə çıxış edərək, sertifikat alan tələbələrə təbriklərini çatdırıb. Rəhbərlik  etdiyi  ali  təhsil  müəssisəsində bu gün 593 tələbənin layihəni uğurla başa vurduğunu deyən rektor   universitetdə layihə ilə bağlı görülən işlərdən söz açıb.

 

Tədbirdə “Alqoritmika” beynəlxalq təhsil şirkətinin baş direktoru Andrey Lobanov çıxış edərək bildirib ki, İT bacarıqları gələcəyini seçmək üçün tələbələr üçün geniş imkanlar yaradır. Bu gün İT bacarıqlarını və biliklərini inkişaf etdirməklə əmək bazarında rahatlıqla iş tapmaq mümkündür.

 

Tədbirdə layihə rəhbəri Nəzrin Əliyeva təqdimatla çıxış edib. O, slayd vasitəsilə layihə çərçivəsində görülən işlərlə bağlı iştirakçılara məlumat verib.

 

Sonra ADNSU-nun “Code For Future” layihəsindən məzun olan tələbələri buraxılış işlərini təqdim ediblər. Ən yaxşı nəticə toplayan 12 tələbə mükafatlandırılıb.

 

Məzun gününün sonunda ADNSU-nun “Code For Future” layihəsindən məzun olan tələbələr öz fikirlərini bizimlə bölüşüb. Onlar layihənin əhəmiyyətindən söz açıblar.

 

“Burada öyrəndiklərim mənim gələcəkdə karyera inkişafıma xüsusi töhfə verəcək”

 

ADNSU-nun kompüter elmləri üzrə təhsil alan tələbəsi Sona Əliyeva bu layihədə iştirak etdiyi və sertifikat aldığı üçün çox sevincli olduğunu deyir: “Təhsil aldığımız universitetdə biz tələbələr üçün belə bir şəraitin yaradılması qürurvericidir. Mən də digər tələbə yoldaşlarım kimi yaradılan şəraitdən istifadə edərək layihənin iştirakçısı oldum. Düşünürəm ki, burada öyrəndiklərim mənim gələcəkdə karyera inkişafıma xüsusi töhfə verəcək”.

 

“Layihədə peşəkar təlimçilərdən çox şeylər öyrəndik”

 

Orxan Aslanov da ADNSU-nun tələbəsidir. O, layihə ilə bağlı fikirlərini bölüşərkən qeyd edib ki, sentyabr ayında layihəyə böyük həvəslə başlayıb: “Layihədə peşəkar təlimçilərdən çox şeylər öyrəndik. Ümid edirəm ki, əldə etdiyimiz biliklər bizim bir peşəkar kimi formalaşmağımıza kömək edəcək. Web proqramlaşdırma üzrə biliklərimi artırdığım üçün özümü çox şanslı hesab edirəm. 

 

“Kompüter elmləri üzrə biliklərimi daha da genişləndirdim”

 

ADNSU-nun tələbəsi Nurlan Cəlilov da layihə çərçivəsində əldə etdikləri bilik və bacarıqları belə şərh edib: “Universitetdə daha çox riyazi və alqoritmik fənləri öyrənirik. Layihənin əsas üstünlüyü ondan ibarətdir ki, bu fənlər üzrə əldə etdiyimiz bilikləri proqramlaşdırmağa bizə yardımçı oldu. Düşünürəm ki, layihədə iştirak etməklə kompüter elmləri üzrə biliklərimi daha da genişləndirdim. Belə bir şəraiti biz tələbələrə yaratdıqları üçün Elm və Təhsil Nazirliyinə, zəhməti keçən hər kəsə xüsusi təşəkkürümü bildirirəm”.

 

Niyazi RƏHİMOV