Naxçıvan Dövlət Universiteti (NDU) ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.  Ali təhsil ocağının beynəlxalq münasibətlər və hüquq fakültəsində keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev qeyd edib ki, universitetdə 1996-cı ildən Hüquqşünaslıq ixtisası üzrə kadr hazırlığı həyata keçirilir:”Muxtar respublikada hüquq-mühafizə orqanlarında çalışanların əksəriyyəti universiteti bu ixtisas üzrə bitirən məzunlardır. İndiyədək bu ixtisas üzrə 3127 tələbə məzun olub. Hazırda universitetdə Hüquqşünaslıq ixtisası üzrə əyani, qiyabi, əlavə ali təhsil olmaqla, 514 tələbə təhsil alır. Magistratura səviyyəsində isə 4 ixtisaslaşma üzrə magistrant hazırlığı aparılır”. 

 

Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov təqdimatla çıxış edərək son dövrlərdə vəkilliyin inkişafı və Kollegiyanın fəaliyyəti barədə məlumat verib. A.Bağırov Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Gənclər Fondunun birgə tərəfdaşlığı ilə “Vəkil olmaq istəyirəm” adlı 1 aylıq yay məktəbi haqda məlumat verib. Bildirilib ki, bu məktəbə 13 yerli və xarici universitetdən 300-dən artıq hüquqşünas tələbə müraciət edib. Kollegiyanın sədri diqqətə çatdırıb ki, hazırda Azərbaycanın müasir, müstəqil düşüncəli, dövlət siyasətinə sadiq, peşəkar, gənc hüquqşünaslara, kadrlara ehtiyacı var. A.Bağırov muxtar respublikada da bu sahəyə xüsusi diqqət göstərilməsi məqsədilə keçirilən görüşün gələcək əməkdaşlıq üçün bir vasitə olacağını söyləyib.

 

ELSA-nın Azərbaycan nümayəndəliyinin prezidenti Rəhim Abasov qeyd edib ki, Avropanın 44 ölkəsindən 350-dən çox şəhər və universiteti, həmçinin 60 mindən çox gənci sıralarında birləşdirən ELSA dünya üzrə hüquq təhsili alan gənclərin və tələbələrin ən böyük təşkilatıdır. Bu təşkilatın əsası 1981-ci ildə qoyulub. Azərbaycan nümayəndəliyi isə 2010-cu ildə təsis olunub. Rəhim Abasov rektora ELSA Azərbaycan və hüquqşünas tələbələrin peşəkar inkişafında göstərdiyi dəstəyə görə təşəkkürnamə təqdim edib.

 

Sonda NDU ilə Vəkillər Kollegiyası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.

 

Tədbirin II hissəsində Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsi (Moot Court) mərhələsi baş tutub. Hüquqşünaslıq ixtisası üzrə tələbələrin iştirak etdiyi simulyasiyada cinayət hadisəsi səhnələşdirilib.

 

Sonda qalib komandaya mükafat və sertifikat təqdim edilib. Həmçinin, qalib komanda ELSA Azərbaycan tərəfindən həyata keçirilən Milli Məhkəmə müsabiqəsində iştiraka vəsiqə qazanıb.