Beynəlxalq müsabiqələr laureatı Surə Rüfətin solo konserti keçirilib


Azərbaycan Milli Konservatoriyasının nəzdindəki İncəsənət Gimnaziyasının şagirdi, beynəlxalq müsabiqələr laureatı Surə Rüfətin “Səninləyik, Türkiyə!” adlı solo konserti keçirilib. Möhtəşəm konsert Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında təşkil olunub.

 

Əvvəlcə qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələ nəticəsində həyatlarını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

  

Sonra təhsil ocağının  baş müəllimi Svetlana Əhmədovanın (piano), bədii qiraətçi Pərvanə Talıbovanın, beynəlxalq müsabiqələr laureatı Şəfəq Abdullayevanın (orqan) və Tofiq Məmmədovun (piano) çıxışları  tamaşaçılara təqdim olunub.

 

Surə Rüfətin təqdim etdiyi konsert proqramı böyük maraqla qarşılanıb. Konsertdə Azərbaycan və Qərbi Avropa bəstəkarlarının seçmə əsərləri səsləndirilib.

 

Konsert    başa çatdıqdan sonra Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri konsertin təşkilatçılarına və bütün iştirakçılara, xüsusilə yeniyetmə ifaçı Surə Rüfətə öz təşəkkürlərini bildiriblər.

 

Sifai SƏFƏROVA