XX əsr Azərbaycan dilçilik məktəbinin diqqətçəkən nümayəndələrindən biri, çoxşaxəli yaradıcılıq istiqamətləri, geniş elmi, siyasi, ictimai fəaliyyəti ilə heyrət doğuran filologiya elmləri doktoru, professor Həsən Mirzəyevin təqdimatında o, belə görünür: dilçi-türkoloq, Əməkdar Elm Xadimi, Azərbaycanın tarixində qalacaq ictimai-siyasi xadim, müxtəlif dövlət təltiflərinin nominantı, təhsil təşkilatçısı, araşdırmaçı alim və şair. Etiraf edək ki, bu təqdimatlardan hər biri ömürdən artıq görünəcək vaxt ölçüsünün nəyə sərf olunduğuna şahidlik edə bilər. Onun barəsində düşünərkən şəxsən mənim gözlərim qarşısında canlanan portreti belə səciyyələndirərdim: Zəhmət ilə yoğrulan insan ömrü.

 

Bu gün Bakıda, Azərbaycan xalqı üçün müqəddəs ünvanlardan olan II Şəhidlər xiyabanında əbədi uyuyan Həsən Mirzəyevin Qərbi Azərbaycanın Dərələyəz mahalından, Qovuşuq kəndindən başlayan, təlatümlər içində keçən həyat və fəaliyyətini ancaq bu cümlə ilə ümumiləşdirmək mümkündür.

 

O, ömür yolunun leytmotivini canı qədər sevdiyi Azərbaycana faydalılıq əmsalı ilə ölçürdü. Təsadüfi deyil ki, professor Həsən Mirzəyevin elmi fəaliyyətinin ana xəttində geniş mənada hal, hərəkət bildirən sözlər altında qruplaşdırılan feillər durub. Məlum olduğu kimi, obyektiv aləmdə materiya və hərəkət olmaqla iki amil mövcuddur. Birinciyə kainatdakı obyektiv reallıqlar, canlı-cansız, böyük-kiçik - bütün varlıqlar, predmet-hadisələr, ikinciyə isə bu obyektiv reallığın,  predmet və əşyaların zaman və məkan çərçivəsində hərəkətləri daxildir və bəlkə də onun üçündür ki, o, elmi fəaliyyətinin böyük qismini feillərin tədqiqinə həsr edib. Həyatı boyu dinamikanı başlıca meyar hesab edən professor Həsən Mirzəyevi feillə bağlayan fəlsəfəsini bununla izah etmək olar. Baxmayaraq ki, ümumilikdə Azərbaycan filologiya elminin inkişafında onun özünəməxsus yeri danılmazdır, bununla belə, daxili əminliyim yuxarıdakı fikirləri təsdiq edir.

 

Professorun dilçiliyin müxtəlif problemlərinə dair bir sıra sanballı tədqiqatları buna görədir ki, onun qatı opponentləri tərəfindən də etiraf olunurdu. Alimin 200-dən çox elmi əsəri, o cümlədən 25 kitabı və 10-a yaxın dərs vəsaitlərində toplanan, ancaq dünən deyil, bu gün və sabah da elmi ictimaiyyət, xüsusən tələbələr üçün qiymətli mənbə hesab olunan elmi qənaətləri bunu demək üçün əsas verir.

 

Həsən Mirzəyev vətəndaş yanğısı və həmin yanğıdan istiqamətlənən vətəndaş mövqeyi ilə seçilən alimlərdəndir. Onun elmi yaradıcılıq yolunda diqqəti qabarıq olaraq çəkən ikinci istiqamətin alimin qəlbindəki azərbaycançılıq yanğısından irəli gəldiyini görmək elə də çətin deyil. Bu, Azərbaycan, xüsusilə, Qərbi Azərbaycan  toponimlərinin tədqiqi ilə bağlı ağlasığmaz geniş arealı əhatə edən elmi axtarışlardır. O axtarışlar istəyini daha da alovlandıran məqamın nədən yarandığını professor belə ifadə edir: “Son bir neçə əsrdə qədim türk, oğuz yurdu olan Ermənistandan, o cümlədən Dərələyəzdən azərbaycanlılar dəfələrlə deportasiya olunmuş,  soyqırımına məruz qalmış, oradakı yer-yurd adları dəyişdirilmiş, bir çox tarixi abidələrin üzərində əməliyyat işləri aparılaraq yazıları dəyişdirilmiş və bunlar erməni tarixi abidələri kimi qələmə verilmişdir. Bütün bunları nəzərə alıb torpağını-daşını qarış-qarış gəzdiyim, maddi mədəniyyət abidələrinə dərindən bələd olduğum, yarım əsr müddətində dönə-dönə yaşlı adamları ilə söhbətlərim Dərələyəzin onomastik vahidlərini qələmə almağı zəruri etdi”. (Həsən Mirzəyev. Üçüncü cild. “Azərbaycan toponimləri və şivə sözləri”. Yenidən işlənmiş ikinci nəşri. Ali məktəb tələbələri üçün dərs vəsaiti. Bakı- 2006. S. 3)

 

Onu sübut etmək üçün xüsusi polemika açmadan təsdiqini tapmış bir həqiqəti xatırladaq: dünyanın mənzərəsi eyni dildə danışan fərdin və kollektivin şüurunda obyektiv reallıqla bağlı müəyyən strukturlaşdırılmış fundamental anlayışdır. Toponimlər özündə linqvistik şəxsiyyətin şüurunda qeyri-müəyyən şəkildə mövcuddur və fərdin həyatı boyu əldə etdiyi bilik və ideyalar sistemini əks etdirir. Bunu, dünyanın mənzərəsini ifadə edən reallıqların intuitiv səviyyədə fərdi fikirlər sistemi də adlandırmaq olar. O da həqiqətdir ki, istənilən sosial-psixoloji vahiddə - millət və ya etnik qrupdan tutmuş, istənilən sosial və ya peşəkar insanlar qrupuna və ya fərdə qədər dünyanın mənzərəsini ayırmaq, təsvir etmək və ya yenidən qurmaq mümkündür. Bu, daha çox ona görə mümkündür ki, söhbət son 150-170 illik vaxt məsafəsinin ayırdığı zaman müstəvisindən gedir. Onu isə hökmən xatırlatmağı lazım bilirik ki, bu amilin dövlət siyasəti ilə çulğaşması alimlərimizə əlavə stimul verən faktorlardır. Yaxın 50 illik tariximiz hələ nominal Azərbaycan dövlətinin (Azərbaycan SSR) mövcud olduğu zamanlarda bu istiqamətdə aparılan işlərin intensivliyini təsdiq edir. Həmin vaxtlarda Azərbaycan dövlətinin siyasi rəhbəri, Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunda (Sovet İttifaqının faktik siyasi rəhbərliyində) təmsil olunan 11 nəfərdən biri, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət dil siyasəti dilçi alimləri səfərbər edirdi. Müstəqil Azərbaycan Respublikasının təməllərinin möhkəmləndiyi məqamlarda Prezident Heydər Əliyevin imzaladığı “Dövlət Dilinin tətbiqi işinin sürətləndirilməsi işinin təkmilləşdirilməsi haqqında” Fərmanda yenidən aparılan işin aktuallığını elan edirdi. “Azərbaycan dili dialekt və şivələrinin geniş Avrasiya məkanına yayılan türk xalqlarının az qala bütün dil xüsusiyyətlərini əks etdirəcək qədər rəngarəng olmasının da başlıca səbəbi ta qədimlərdən bu torpaqlarda etnik baxımdan eyni köklü türk etnoslarının mövcud olmasıdır. Şifahi şəkildə yayılan ilkin ədəbiyyat nümunələri- dastanlar, nağıllar, bayatılar, laylalar və sair Azərbaycan şifahi ədəbi dilinin erkən formalaşması  və təkamülü zərurətini yaratmışdır” (Bakı şəhəri, 18 iyun 2001-ci il).

 

Dünyanın linqvistik mənzərəsi bir dil daxilində dünyanın müxtəlif linqvistik şəkillərinin (folklor dili, dialekt, toponimik sistemlərin lüğəti, dünyanın frazeoloji mənzərəsi və s.) məcmusudur. Bəzən bir dildə dünyanın müxtəlif linqvistik şəkilləri arasındakı fərqlər dillərarası fərqlərdən daha böyük olur. Professor Həsən Mirzəyevin fikrincə, linqvokulturoloji və tarixi-etnoloji kateqoriyası olan dünyanın linqvistik mənzərəsinin tərkib hissələrindən biri kimi toponimik sistemin linqvistik təhlili cəhdi kifayət qədər haqlıdır. Buna görədir ki, onun elmi araşdırmalarında etnik təcrübə və mədəniyyət əsasən xalqın inkişaf və həyat tarixinin xüsusiyyətləri ilə müəyyən edilir. Toponimin etnik-mədəni əhəmiyyətini (xalqların tarixi keçmişi, onların məskunlaşma yolları və sərhədləri, mədəniyyəti, mənəvi-əxlaqi dəyərləri, dünyagörüşünün xüsusiyyətləri, xalqların tarixi keçmişi haqqında aktual məlumatları qoruyub saxlamaq və nəsillərə ötürmək qabiliyyəti və s.) yüksək qiymətləndirən alim hesab edirdi ki, aparılan tədqiqatlar həm də nəinki Azərbaycanın, o cümlədən regionun və dünyanın toponimik mənzərəsinin öyrənilməsi işinə böyük töhfədir.

 

Maraqlı məqamlardan biri Əməkdar elm xadiminin “Azərbaycan toponimləri və şivə sözləri” kitabının necə ərsəyə gəlməsi ilə bağlıdır və buna görə də yazdığı əsərin niyə  Ümummilli Liderə ithaf etməsi ilə bağlı məqam düşündürücüdür: “Bir dəfə böyük dövlət xadimi ilə 4 saat çəkən söhbətimiz oldu. Söhbətimiz zamanı dünyanın nəhəng siyasi xadimlərindən olan Heydər Əliyev məndən soruşdu ki, hansı mövzu üzərində işləyirsən və feil bəhsi üzrə araşdırmalar apardığımı dedim. Ümummilli Lider “yaxşı, bu, dilimizin qədimliyini sübut edən mövzudur” deyərək söhbətinə davam etdi: “Hal-hazırda ondan da vacib və daha faydalı mövzu var. Ermənilər bu gün Ermənistan Respublikası adlandırılan ərazilərdə yaşayan azərbaycanlıların hamısını tarixi vətənlərindən, öz doğma yurdlarından çıxarıblar və oradakı yer-yurd adlarını sürətlə dəyişirlər. Bu yer-yurd adlarını sizin nəsil yazmasa, itib-batacaq və gələcək nəsillərə çatmayacaqdır. Həmin yerlərin azərbaycanlılara məxsus olduğunu sübut etmək üçün yazıb beynəlxalq aləmə yaymaq lazımdır. Tarixçi alimlər də ermənilərin törətdikləri cinayətləri, soyqırımları faktlarını, deportasiyalar tarixini dünyaya yaymalıdırlar”  (Həsən Mirzəyev. Üçüncü cild. “Azərbaycan toponimləri və şivə sözləri”. Yenidən işlənmiş ikinci nəşri. Ali məktəb tələbələri üçün dərs vəsaiti. Bakı- 2006. Səh. 3).

 

Professor Ümummlli Liderin uzaqgörənliklə dediyi mövzu üzərində 60-cı illərdən epizodik olsa da başladığı işi xüsusi enerji ilə işləməyə və bu xeyirxah missiyaya rəhbərlik etdiyi kafedranın əməkdaşlarını cəlb etməklə Qərbi Azərbaycanın müxtəlif regionlarının toponimlərini total tədqiqatlara cəlb edilməsinə nail oldu. Bu tədqiqatları Həsən Mİrzəyevin elmi yaradıcılığında yeni mərhələ adlandırmaq olar. Beləliklə, el ədəbiyyatında- xalq dastanlarında, aşıq poeziyasında zərif və tutarlı sənət sirləri içərisində xalqımızın tarixini, soy-kökünü, insan nisgilini, həsrət və yanğısını, bunlarla birgə, xalqımızın hər dağ-dərədə, qaya və ormanlarda, yaylalarda və sair yerlərdə həkk olunan, heç kimin silə bilməyəcəyi toponimlərin izi ilə gedən yolçuluğun yeni mərhələsi başladı.

 

O söhbətdən sonra, 2006-cı ildə tədqiqatçı alimin həmkarlarının yüksək qiymətləndirdiyi “Azərbaycan toponimləri” nəfis şəkildə nəşr edilərək dünyanın müxtəlif kitabxanalarına paylanıldı. Əsərində Həsən Mirzəyev azərbaycanlıların, xüsusilə, ömründə bircə dəfə olsa da Dərələyəz mahalını görmüş və mahalın Azərbaycanın təbii sərhədləri daxilində oynadığı rol barədə təsəvvürü olan hər kəsin yaddaşına əbədi yazılan regionumuzun toponomistik pasportunu yaratmışdı:

 

“Dərələyəz mahalı Basarkeçər, Qaranlıq (Martunu),Vedi, (Dəvəli, Ararat), Sədərək, Şərur, Naxçıvan (Babək), Şahbuz, Qarakilsə, Kəlbəcər rayonlarının əhatəsində yerləşir. Dərələyəzin ətrafında, sərhədlərində Ağmanqan, Əyricə, Səlimin gədiyi, Dəmirtəpə, Təzəkli, Murtuza yurdu, Soğanlı yaylağı, Versin dağı, Dikpilləkən,Soyuqbulaq, Sarıyer, Muradtəpə, Keçəldağ, Qırxbulaq, Qısırdağ, Quşçubilək, Batabat, Biçənək aşırımı və s. Bu kimi yüzlərlə oğuz türklərinə məxsus yüksək dağlar, yaylaqlar, aşırımlar vardır. Arpa çayının hər iki böyük qolu Dərələyəzin sərhədindən keçir və Şərur ərazisində Araz çayına tökülür” (Həsən Mirzəyev “Azərbaycan toponimləri və şivə sözləri”. Yenidən işlənmiş ikinci nəşri. Ali məktəblər üçün dərs vəsaiti. Bakı-2006. Səh. 5-6.) .

 

O, gözəl bilirdi ki, elmi paradiqmanın dəyişməsi, dilçiliyin nəzəri məsələlərinin həlli, dünyanın dil mənzərəsi prizmasından dil vahidlərinin fəaliyyət göstərməsi məsələləri ayrı-ayrılıqda bir millət üçün nə qədər vacibdirsə, o qədər də bəşəriyyət üçün əhəmiyyətlidir. O, özünün tələbələrinə, həmçinin rəhbəri olduğu kafedra əməkdaşlarına, dissertantlar və doktoranturadakı gənc alimlərə bunu hər məqamda xatırladırdı. Dünyanı dil vasitəsilə görmək və dərk etməyin müəyyən üsulunu əks etdirən, dilin əsas xassələrindən biri kimi antroposentrizmi-  mədəniyyətlərarası, dillərarası təmasların aktivləşməsi və antroposentrik dilçiliyin inkişafını toponimik tədqiqatların aktuallaşdırılmasında, linqvokulturologiya, linqvokulturologiya və mədəniyyətlərarası ünsiyyət çərçivəsində toponimlərlə mərhəmanə münasibətdə mümkünlüyünü deyən Həsən Mirzəyev dilçiliyimizdə bu sahənin inkişafına çalışır və öz həmkarlarını da buna sövq edirdi.

 

Buna görədir ki, alimin həmin kitabının redaktoru, professor Qəzənfər Kazımov Həsən Mirzəyevin gərgin elmi axtarışları barədə şövqlə yazır: “Əsərdə toponim və antrotoponimlərin kəmiyyət və keyfiyyət göstəriciləri, struktur-semantik imkanları folklor janrlarının poetik, tarixi-mifoloji araşdırmalar üçün geniş imkanlara malik olduğunu göstərir. Dini və mifoloji tarixə bələd olan müəllif xalq poeziyasında cəmləşmiş xüsusi adların toponim və antrotoponimlərin ətraflı təhlilini vermiş, qala, kənd, şəhər, mahal,ölkə, vilayət adlarının tarixi-etimoloji tədqiqi əsasında xalqımızın təfəkküründə mühüm yeri olan etnosların el sənətində daşlaşmış izlərini üzə çıxarır. Nəticə olaraq, dini və mifoloji adların, dini titul və ləqəblərin elmi şərhi əsərin dəyərini artırır” (Həsən Mirzəyev “Azərbaycan toponimləri və şivə sözləri”. Yenidən işlənmiş ikinci nəşri. Ali məktəblər üçün dərs vəsaiti. Bakı- 2006.s. 5-6.). 

 

Qətiyyətlə deyə bilərik ki, onomastika və xüsusən toponimika sahəsində tədqiqatlara elmi marağın artması, toponimiyanın qarşısında duran müxtəlif suallara cavab tapmağın dilçilik üçün əhəmiyyətinin dərk edilməsi ilə səciyyələnən yeni dalğa dilçiliyimiz üçün həm də yeni istiqamət şərtləndirdi.

 

Toponimlər istənilən təbii dilin lüğətinin tərkib hissəsidir. Aparılan tədqiqatlar bu gün Qərbi Azərbaycanın bütün ərazisini əhatə edir. Dilçilərimizin axtarışlarının, məhsuldar əməklərinin nəticəsidir ki, bu gün qədim və doğma ellərimizdə buraların əsl sahiblərinin kimliyini təsdiqləyən oykonimlər, hidronimlər, makrotoponimlər, mikrotoponimlər, antroponimlərin məzmun və kalorit verdiyi xəritələr hazırlanaraq təkzibolunmaz dəlillərə çevrilib. Etiraf edək ki, həmin xəritələrin hazırlanması ənənəsi isə birbaşa filologiya elmlər doktoru, professor Həsən Mirzəyevin adı ilə bağlıdır.

 

Dünyanın toponimik mənzərəsinin formalaşdırılması müasir dilçiliyin aktual vəzifəsidir, çünki toponim qeyd-şərtsiz etnomədəni əhəmiyyətə və inteqrativ statusa malikdir. O, bu həqiqəti ilkin dərk edərək, onun nə qədər həyati əhəmiyyət daşıdığını auditoriyalarda tələbələrinə, elmi kluarlarda həmkarlarına təlqin etmək istəyirdi. Bunun mənəvi gücü və xalqımızın nəinki tarixi, həmçinin siyasi həyatında oynaya biləcəyi rol barəsində hər məqamda danışırdı. O, toponimik sistemin verballaşdırılmış formada etnik xalqın tarixi, sosial, linqvistik və etnomədəni xüsusiyyətlərini əks etdirdiyini, onun coğrafi obyektin identifikatoru olduğunu sübut etməyə çalışır, özünəməxsus şəkildə fikirlərini bu cür ifadə edirdi: “Toponimlərin semantikasının milli-mədəni komponentləri özündə  ancaq xüsusi regional təmsilçiliyi, mədəni zənginliyi ehtiva etmir.”.

 

Professor Həsən Mirzəyev buna görə idi ki, linqvokulturologiyanın diskursda sinxron qarşılıqlı əlaqələrini, 170 il əvvəl bu ərazilərdə məskunlaşdırılan ermənilərin, həmçinin böyük imperiya maraqlarını tətbiq etmək üçün regionda vəzifə səlahiyyətlərini yerinə yetirən Çar Rusiyası emissarlarının hansı rol oynadığını əsaslı şəkildə açmağa çağırırdı.

 

“Toponimlərin linqvistik-mədəni təhlili onlara ölkənin dili və mədəniyyəti haqqında biliklərin anbarı kimi baxmağa imkan verir. Coğrafi adlar xalqın tarixinin əksi olmaqla, cəmiyyətin dilinin və mədəniyyətinin müxtəlif inkişaf və çiçəklənmə dövrlərini qeyd edir. Coğrafi adların tədqiqi müasir dilçiliyin aktual problemlərindən biridir, çünki toponimlər müxtəlif tarixi dövrlərdə meydana çıxaraq cəmiyyətin inkişaf xüsusiyyətlərindən asılı olaraq inkişaf edir, onun həyat və fəaliyyətinin müxtəlif təbəqələrini əks etdirir”- deyən dilçi alim toponimlərin ciddi araşdırılmasının siyasi məsələ olduğunu qeyd edirdi.

 

Toponimlərin hər hansı bir etnik qrupun həyatının mədəni və fəlsəfi qavrayışının mühüm hissəsi olduğunu, onların sosial və tarixi təcrübəni - ümumbəşəri və milli təcrübəni birləşdirdiyini, mədəni məlumatları saxlayıb yaydığını qeyd edən Həsən Mirzəyev bunların araşdırılması zərurətini dönə-dönə qeyd edən Ümummilli Liderimizin dediklərindən tez-tez sitat çəkərək, onun strateji maraqlarımızda əhəmiyyətli rolunu xatırladırdı.

 

Prezident İlham Əliyevin dilin inkişafı üçün qanunvericilik bazasının möhkəmləndirilməsi işinə nə qədər həssaslıqla yanaşmasını onun qəlbindəki Azərbaycan sevgisi ilə izah edən Həsən Mirzəyev buna görə idi ki, Prezidenti ilə qürur duyurdu.

 

Mədəni dünyada ancaq öz xalqının kulturoloji sərvətləri deyil, bəşəriyyətin xoş məramları yayan mədəni sərvətlərinə böyük ehtiram və diqqətlə yanaşmaqla bərabər, həm də hamisi kimi tanınan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva onun üçün simvol idi.

 

O, ancaq dəyərlərə deyil, həmin dəyərlərin daşıyıcılarına xüsusi ehtiramla yanaşırdı və bunu özünəməxsus şəkildə, auditoriyasında bəyan etməkdən zövq alırdı.

 

O, müəllim idi, hər bir məqamda öyrətmək və nümunə olmaq, sadəcə olaraq, onun missiyası idi və şüurlu həyatı boyu missiyasına sadiq qaldı.

 

Zaman və məkan Həsən Mirzəyev üçün ona görə fəlsəfi kateqoriya hesab olunurdu ki, o, bunların vəhdətində olanların nələr yaradacağı barədə mübahisəli görünməyən proqnozlar verə bilirdi.

 

Mahirə HÜSEYNOVA,

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya  elmlər doktoru, professor