Ulu Öndərin fəaliyyətində təhsil siyasəti, təhsil quruculuğu daim önəmli mövqe tutmuşdur


Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

 

(2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından)

 

 

Həyat həqiqətidir ki, aqillər demişkən, böyük insanların ömrü illərlə deyil, onların əməlləri ilə ölçülür. Dahilik səviyyəsinə yüksəlmiş görkəmli şəxsiyyətlərin həyata gəlişi ilahi varlıq tərəfindən ölçülüb-biçilmiş, həm də qərinələr dönəmində, əsrdə bir dəfə təsadüf edilən hadisə olmaqla yanaşı, qismətlərinə düşmüş ömür payı müddətində onların gördükləri vüsətli tarixi işlərin miqyası, mübaliğəsiz, əsrlərə bərabər tutulur, ölkəsinin, millətinin zəfər salnaməsinə əbədi həkk olunur.

 

Azərbaycanın, dünya azərbaycanlılarının milli iftixarı, beynəlxalq aləmdə görkəmli dövlət xadimi, mütəfəkkir və dahi siyasətçi kimi şöhrət qazanmış Ulu Öndərimiz Heydər Əliyevin nəsillərə nümunə olan şərəfli həyat və fəaliyyətini, zəngin irsini zaman-zaman öyrəndikcə bu böyük insanın tanrı sevgisi ilə bəxş edilmiş qüdrətli zəkasına, misilsiz idarəetmə istedadına, malik olduğu geniş və çoxşaxəli biliklər dünyasına heyran qalmaya bilmirsən. Heç şübhəsiz, çox az sayda dövlət rəhbəri ola bilər ki, sosial-iqtisadi, ictimai-siyasi, inzibati-hüquqi, humanitar sahələr üzrə bu dərinlikdə zəngin, hərtərəfli elmi-nəzəri və təcrübi məlumatlılıq səviyyəsinə yiyələnmiş olsun.

 

Yüksək mənəviyyatı, vətənpərvərliyi, saf təbiəti, insanlara sonsuz məhəbbəti ilə xalqın, millətin Müəllimi olmaq şərəfinə ucalmış Ulu Öndərin fəaliyyətində təhsil siyasəti, təhsil quruculuğu daim önəmli mövqe tutmuşdur. Cəsarətlə demək lazımdır ki, müstəqil Azərbaycan dövlətinin təhsil qanunvericiliyinin əsasında, bugünədək qazanılmış uğurların təməlində məhz Ulu Öndərin proqram ruhlu, inkişafyönlü ideya və göstərişləri dayanır.

 

Təqdim etdiyimiz bu yazıda da toxunacağımız məsələlərə Ulu Öndərin irəli sürdüyü fikirlərin işığında münasibət bildirməyə çalışacağıq.

 

“Təhsil millətin gələcəyidir!”

 

Ulu rəhbərimiz tərəfindən bəyan olunan mahiyyət etibarı ilə müstəsna əhəmiyyətli ictimai-siyasi dəyərə malik bu konseptual fikri ifadə edən həmin üç sözün (təhsil, millət, gələcək) hər biri ayrı-ayrılıqda da qəlblərdə xoşməramlı mənəvi-psixoloji ovqat yaratmaqla insanlarda qayğılı-ümidli, nikbin düşüncələr, məhrəm duyğular oyadan dərin mənayüklü sözlərdir. O sözlərin məntiqi qovuşuğundan yaranan müdrik fəlsəfi müddəa isə işıqlı, səbatlı bir cəmiyyətin (dövlətin) bərqərar olmasının mənəvi-ideoloji dayağı, ideya mənbəyi, inkişaf rəmzi kimi səslənir. Bu müddəanın işığına üz tutub irəlilədikcə gözlərimiz önündə təhsilin cəmiyyət həyatında reallaşdıra bildiyi təmiz, ülvi niyyətlərin əksi canlanır. Bəlkə də Ulu Öndərimiz proqram istiqamətli bu çağırışı edərkən yüksək əyarlı təhsilin, maarifçi dünyagörüşünün nuruna bürünən qurub-yaratmaqda olduğumuz indiki müasir cəmiyyətin hədəflərini nəzərdə tutmuşdu. Bu hədəflər isə bugünkü həyatımızda zaman-zaman reallaşmaqda davam edir:

 

  • * siyasi sabitlik hökm sürür, sağlam mənəvi-psixoloji mühit, ünsiyyət,qarşılıqlı hörmət və məsuliyyət mədəniyyəti, dövlətçilik və vətəndaşlıq mövqeyi formalaşır;
  • * beynəlxalq aləmdə ölkənin nüfuzu, insanların elmi və mədəni-intellektual səviyyəsi yüksəlir, rəqabətqabiliyyətli kadrların əhatə dairəsi getdikcə genişlənir;
  • * milli təəssübkeşlik, milli birlik, milli soykökünə, milli adət-ənənələrə bağlılıq, vətənpərvərlik hissləri güclənir;
  • * iqtisadiyyat yüksələn xətlə inkişaf edir, əhalinin maddi durumu, rifah halı yaxşılaşır və sosial müdafiəsi təmin olunur, yoxsulluq səviyyəsi və işsizlik, cinayət hadisələri minimum həddə enir, demokratik təsisatlar və ailə institutu möhkəmlənir;
  • * istedadlı insanların potensialının reallaşdırılmasına diqqət və qayğı göstərilir, yaradıcı və təşəbbüskar fəaliyyət dəstəklənir və qiymətləndirilir;
  • * cəhalət və xurafat yönlü dünyagörüşü, dini ayrı-seçkilik, destruktiv xarakterli fəaliyyətlər aradan qaldırılmaqla tolerantlıq mədəniyyəti təqdir edilir və s.

 

“Ümumi təhsil xalqın mentalitetidir, dünya xalqları ilə müqayisə olunacağı səviyyədir”

 

Təhsil sistemi bir-birilə dialektik vəhdətdə olan və qarşılıqlı inkişaf edən, eləcə də keyfiyyət baxımından biri digərindən asılı olan pillə və səviyyələrdən ibarət vahid orqanizmdir. Təbii ki, məktəbəhazırlıq təhsili təşkilolunma səviyyəsi baxımından müəyyən mənada uşaqların ibtidai təhsilinə bu və ya digər dərəcədə müsbət təsir edə bilər. Nəticə yüksək olmasa belə, şübhəsiz, təcrübəli müəllim kəsirləri qısa zamanda aradan qaldırmaq imkanına malikdir. Lakin, hamıya məlum olduğu kimi, ibtidai təhsil dövründə şagirdlər müəyyən olunmuş standartlara, cəmiyyətin tələblərinə uyğun keyfiyyətli təhsil alıb zəruri bilik, bacarıq və səriştələrə yiyələnməzlərsə, o zaman ümumi orta təhsil səviyyəsində onlardan hansısa səmərəli nəticələr gözləmək əbəsdir. Bu, həyati reallıqdır. Mübaliğə etmədən demək olar ki, ibtidai sinif müəllimləri millətimizin genefondunun formalaşmasına əsas cavabdeh şəxslərdən sayılır. Bu mənada onların elmi-nəzəri, peşəkarlıq səviyyəsi, metodik kamilliyi olduqca mühüm əhəmiyyət daşıyır. Ulu Öndər ümumi təhsili xalqın mentaliteti, dünya xalqları ilə müqayisə olunan səviyyə adlandırdıqda, heç şübhəsiz, bu həqiqəti diqqətə çatdırırdı. Belə nəticə çıxarmaq mümkündür ki, hər hansı bir xalqı, ölkəni öz hüdudlarından kənarda tanıdan mühüm amillərdən biri də onun insanının ümumi təhsil vasitəsilə malik olduğu dəyərlər kompleksi hesab edilir. Belə olan halda müəllimlərin, xüsusilə ibtidai sinif müəllimlərinin mövcud tərkibini ciddi təhlil edərək onu müasir keyfiyyət tələblərinə uyğun daha da yaxşılaşdırmaq, pedaqoji kadr hazırlığı sistemini yeni dövrün çağırışları fonunda getdikcə təkmilləşdirmək, fikrimizcə, vacib vəzifələrdəndir.

Bu gün təhsilalanları, ilk növbədə, ümumi təhsilə cəlb olunmuş uşaqları XXI əsr bacarıqları əsasında formalaşdırıb yetişdirmək barədə müzakirələr aparılır, mülahizələr irəli sürülür. Hazırda XXI əsrin 23-cü ilindəyik və 30-40 il bundan sonra günbəgün sürəti artan elmi-texniki tərəqqinin diktəsi ilə hansı bacarıq və səriştələrin gündəmi zəbt edəcəyini proqnozlaşdırmaq elə də asan deyildir. Ola bilər ki, ümumi təhsilin quruluşunda və müddətində dəyişikliklər baş versin, burada indiki qədər müstəqil fənnin tədrisinə ehtiyac qalmasın və ya onlar köklü şəkildə inteqrasiyaya məruz qalsın. O da mümkündür ki, əlavə fənlər, fənn törəmələri meydana gəlsin. Lakin gələcəkdə məzmun və mahiyyətinə görə, ümumi təhsil yolu ilə aşılanacaq yeni tələb olunan bacarıq və səriştələr nə qədər dəyişilib modernləşsə də, baza, istinad xarakterlilər (qeyri-standart düşüncə, yaradıcı, obrazlı təfəkkür, təhlil-sintez, nitq mədəniyyəti, ünsiyyət, əməkdaşlıq) daim tələbyönlü qalacaqdır. Məhz bu zəruri keyfiyyətlər cəmiyyətin faydalı üzvü olmaq, əmək fəaliyyətinə qoşulmaq, dövrün yeniliklərini mənimsəyə bilmək üçün bünövrə rolunu oynayır. Ulu Öndərimizin hikmətli sözləri ilə desək, “Məktəbimiz təbiət və cəmiyyətin inkişaf qanunlarını yaxşı başa düşən, yaradıcı təfəkkür vərdişləri olan bilikli adamlar hazırlamalıdır. Bu gün faktların müəyyən məcmusunun şagirdlər tərəfindən mənimsənilməsi ilə kifayətlənmək olmaz. Şagirdlərə öz biliklərini müstəqil surətdə artırmaq, elmi informasiyaların sürətli axınından baş çıxarmaq vərdişi aşılanmalıdır”.

Ümumilikdə götürsək, müstəqillik dövrünün əvvəllərindən başlayaraq Ulu Öndərin “Azərbaycanın təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşdırılmalıdır” tövsiyəsini rəhbər tutmaqla ümumi təhsil sahəsində müəyyən edilən dövlət siyasətinin yeni, mütərəqqi əsasları işlənib hazırlanmış, ümumi təhsilin məzmunu, idarəolunması, maliyyələşdirilməsi, maddi-texniki, normativ-hüquqi bazasının müasir tələblərə uyğunlaşdırılması istiqamətində ciddi islahat xarakterli fəaliyyətlər həyata keçirilmiş, dövlət və hökumət qərarları, sərəncamlar, proqramlar qəbul edilmiş, xeyli sayda inkişafyönlü layihələrin reallaşdırılması təmin olunmuşdur.

Şübhə yoxdur ki, ümumi təhsildə yeni tətbiq olunmağa başlanmış STEAM yanaşma texnologiyası mütərrəqi mahiyyəti ilə ümumi təhsilin məzmununun xeyli təkmilləşməsi və səriştəəsaslı kurikulumların (təhsil proqramlarının) hazırlanıb həyata keçirilməsi üçün münbit mənbə olacaqdır. Bununla belə, bir vacib amili də yaddan çıxarmaq olmaz ki, göstərilən bacarıq və səriştələrin tam şəkildə mənimsənilməsini eyni dərəcədə bütün şagirdlərdən gözləmək reallıqdan uzaqdır. Ona görə də, düşünürük ki, məktəblər diaqnostik qiymətləndirmə və pedaqoji müşahidələr aparmaqla uşaqların fərdi xüsusiyyətlərini, meyil-maraq dairəsini izləməli və alınan nəticələr baxımından onların müəyyən edilən uyğun istiqamətdə inkişafları üçün formalaşdırılması daha çox zəruri sayılan səriştələri diqqətdə saxlamalıdır.

 

“Təhsilimizin ən böyük məqsədi Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır. Hər bir gənc vətəndaş öz ölkəsinin alovlu vətənpərvəri olmalıdır”

 

...Aylar, illər, qərinələr ötüb keçir, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, texnoloji mənzərəsi, insanların həyat tərzi dəyişir, təfəkkürlərdə olub-keçənlərə fərqli münasibət yaranır, dünyagörüşləri təzələnir, sürətli inkişaf, qloballaşma fonunda tələblər, vəzifələr yenilənir, yüksəlir, getdikcə mürəkkəbləşir.

 

Dünyamız, həyatımız nə qədər yenilənsə də, əsl insan üçün müqəddəs sayılan keyfiyyətlər - Vətən, millət, torpaq sevgisi, mənəvi yetkinlik, əqidə birliyi, milli soykökünə, adət-ənənələrə bağlılıq, milli iftixar və milli mənsubluq, dövlətə, dövlətçiliyə sədaqət hissi daimi olmaqla ləyaqətli vətəndaş obrazını səciyyələndirən başlıca dəyərlərdir. İnsan yüksək və ya az savadlı, geniş məlumatlı, yaxud məhdud məlumatlı ola bilər, bu qəbahət sayıla bilməz. İnsanın milli təəssübkeşlikdən uzaq düşməsi, dilini, milli kimliyini və milli dayaqlarını unutması elə onun özünün mənəvi cəhətdən itirilməsi deməkdir.

 

Haşiyə. Vaxtilə ötən dövrlərin ən maraqla qarşılanan və 1941-45-ci illər müharibəsi ilə bağlı obyektiv tarixi gerçəkliyi əks etdirən “Baharın on yeddi anı” filmində səslənən və mənalı şeiriyyatı, gözəl melodiyası ilə filmin ana xəttinə çevrilən “Nədən başlanır Vətən” nəğməsi keçmiş sovetlər məkanında böyük şöhrət qazanmışdı. Ülvi vətənpərvərlik duyğuları aşılayan bu musiqi əsəri, heç şübhəsiz, mahiyyət etibarı ilə sovetlər birliyi adlı məkana zorla sığışdırılmış bütün xalqların düşüncəsində, yəqin ki, bir oyanış hissləri yaratmaya bilməzdi... Əlbəttə, fiziki mənada Vətən sərhəddən başlanır, lakin sərhəd məfhumunu bir obraz nümunəsində mənalandırsaq, şagirdlərin qəlbində, iç dünyasında bu anlayışla bağlı rəmzi də olsa, çox duyğuları oyada, bu hisslərin təsiri altında onları vətənpərvərlik aləminə səyahətə apara bilərik.

 

“Həqiqətən də, nədən başlanır Vətən?!”

 

Könlümün sevgili məhbubu mənim,

Vətənimdir, vətənimdir, vətənim.

Vətəni sevməyən insan olmaz,

Olsa, ol şəxsdə vicdan olmaz.

 

Görkəmli şairimiz Abbas Səhhətin ürəkləri riqqətə gətirən bu alovlu misraları bizlərə o həqiqəti təlqin edir ki, Vətən, ilk növbədə, Vətəni sevməkdən, Vətənə məhəbbətdən, onu göz bəbəyi kimi qorumaqdan, onun naminə həyatından keçməkdən başlanır...

 

Ulularımızın müqəddəs ruhundan, qəhrəmanlıq və mənəvi ucalıq rəmzi olan dahi şəxsiyyətlərimizin uyuduqları məkanlardan, düşmənlərə nifrətdən, dostlara sədaqətdən, and yerinə dönmüş şəhid qəbirlərindən, qanlı 20 Yanvardan, Xocalı harayından, zor gücünə düşmənə “bəxşiş” edilmiş dədə-baba torpaqlarımızdan başlanır Vətən...

 

Azərbaycanın Himnindən, üçrəngli müqəddəs Bayrağından, azərbaycançılıq məfkurəsindən, düşmən üzərində şanlı qələbəmizdən, Zəfər bayramından, söz-əməl birliyindən, milli-mənəvi dəyərlərdən, doğma ana dilindən, ləyaqətli övladlar böyüdən ailələrdən, vətəndaşlıq borcunu millətimizin gələcəyi üçün sədaqətli və əqidəli gənclərin tərbiyəsində görən məktəb və müəllimlərdən, Azərbaycanı qurub yaradan, habelə onun bugünü və gələcəyi yolunda fədakarlıq və əzmkarlıq göstərən şərəfli insanlardan başlanır Vətən...

 

...Xalqımızın sonsuz Vətən sevgisi, mübarizə əzmi, milli dəyərlərə, şanlı qəhrəmanlıq tariximizə sədaqəti həm birinci, xüsusilə də 44 günlük İkinci Qarabağ müharibəsi zamanında bütün dünyaya bir daha nümayiş olundu.

 

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dönməz siyasi iradəsi və qətiyyəti ilə müşayiət olunan müdrik rəhbərliyi və monolit ordumuzun misilsiz şücaəti sayəsində müqəddəs torpaqlarımızın işğalına birdəfəlik son qoyulması millətimizin böyüklüyünün və yenilməzliyinin təntənəsi, milli tariximizin qızıl səhifəsi oldu. Dövlət başçımızın söylədiyi kimi, “İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq ...Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq. Bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir”.

 

Əlbəttə, müqəddəs Vətən müharibəsindən üzüağ, alnıaçıq qalib çıxıb böyük zəfər qazansaq da, arxayınlaşmamaq, Vətənimizə məkrli niyyətlə baxanların hələ də mövcud olması reallığını gənclərimizə daim təlqin etmək lazımdır. Məlum məsələdir ki, yetkin vətənpərvər vətəndaşın formalaşdırılması prosesində yalnız nəsihət, mövsümi tədbirlər kifayət qədər təsirli deyildir. Məhz bu səbəbdən Ulu Öndərimiz tövsiyə edirdi ki, “Məktəbdə vətənpərvərlik tərbiyəsi işini daim təkmilləşdirmək, onun forma və metodlarının rəngarəngliyinə çalışmaq, yüksək səmərəliliyinə nail olmaq lazımdır”.

 

Tədris prosesində əyanilik “qızıl qayda”dırsa, şəxsi nümunənin bütövlükdə tərbiyə işində, xüsusilə, vətənpərvərlik tərbiyəsində mühüm rol oynaması birmənalıdır. Valideynlərindən sonra (bəzi hallarda valideynlərdən də artıq) uşağın daha çox inandığı, ibrət götürdüyü insan müəllimlərdir. Elə müəllimlik həm də ona görə çətin peşədir ki, keyfiyyətli dərs demək müəllimin bir vəzifəsidirsə, əqidəsi və mənəviyyatı ilə örnək olmaq ikiqat vəzifəsidir. Həyat sübut edir ki, tələb edən tələb etdiyi dəyərlərə özü mənsub olmasa, onun təbliğat və təşviqatı mənasız söz yığınıdır. Bununla yanaşı, uşaq və gənclər cəmiyyətdə təbliğ olunanla gördükləri arasında bəzi ziddiyyətli məqamların mövcudluğunun şahidi olurlar ki, bu da onların mənəvi tarazlığının pozulmasına gətirib çıxara bilər. Müxtəlif ailələrdə və mühitlərdə böyüyən uşaqların dünyagörüşü, intellekt, davranış baxımından fərqlənməsi, eləcə də bir çoxlarının ayrı-ayrı telekanallarda yayımlanan ictimai məzmun və mahiyyətdən uzaq, milli xüsusiyyətlərimizə yad şou xarakterli verilişlərin təsiri altına düşməsi də ciddi narahatlıq doğurur. Belə olan halda bilavasitə ailələrdə olmaqla valideynlərlə ünsiyyətin qurulması, burada mənəvi-psixoloji ab-havanın müşahidə edilməsi, uşağın istək və arzularına valideynlərin münasibətinin öyrənilməsi çox vacibdir. Bu amil uşaqların idarəolunmasını psixoloji baxımdan xeyli asanlaşdırır. Əslində, hər bir məktəb, pedaqoji kollektiv uşaqların yad təsirlərdən qorunması, mənəviyyata, əxlaqa zidd təzahürlərə uymaması üçün düşünülmüş qabaqlayıcı tədbirlər sistemi hazırlayıb həyata keçirməli, insana şərəf və başucalığı gətirən keyfiyyətlərin uşaq qəlbində və təfəkküründə möhkəmlənməsi üçün mövcud üsul və vasitələrdən peşəkarlıqla istifadə etməlidir. Təcrübə göstərir ki, bu prosesdə görkəmli insanların, tarixi şəxsiyyətlərin, Qarabağ müharibəsi qazilərinin, canlarını Vətənə fəda etmiş şəhidlərin həyat yolu haqqında uşaqların məlumatlandırılması, yaş səviyyələrinə uyğun mənəvi zənginlik təbliğ edən bədii əsərlərin mütaliəsi və müzakirəsi, yaradıcı sənət adamları, eldə-obada hörmət sahibi olan ağsaqqallarla görüşlərin təşkili də onların dünyagörüşünə, qəlb dünyasına müsbət təsirini göstərə bilir. Həm də deyirlər ki, Vətəni sevdirmək üçün Vətəni tanıtmaq da lazımdır. Uşaqlar ilk növbədə yaşadıqları ərazinin (şəhər, rayon, kənd, qəsəbə) özəllikləri, təbiəti, tarixi abidələri, inanc məkanları, tanınmış şəxsləri barədə bilgilərə malik olmalı, imkan daxilində ərazi hüdudlarına ekskursiyalar təşkil edilməlidir. Əyani şəkildə gördükləri, yaxud eşitdikləri onlarda fəxarət hissinin güclənməsini, daha artıq öyrənmək istəklərini xeyli stimullaşdırır.

 

“Məktəblə ailənin sıx, qarşılıqlı əlaqəsi olmadan mükəmməl tərbiyə ola bilməz, çünki bu proses kompleks prosesdir və onun səmərəliliyini valideynlərlə pedaqoqların birgə səyi ilə yüksəltmək lazımdır”

 

Yüksək pedaqoji kamillik səviyyəsində irəli sürülmüş bu müddəa mahiyyət etibarı ilə məktəblərdə şagirdlərlə aparılan tərbiyəolunma işinin təşkilinin mühum bir tərkib hissəsi, istiqaməti kimi qəbul edilməlidir. Düzgün, məqsədyönlü qurulduğu halda “məktəb rəhbərliyi-valideyn”, “müəllim-valideyn” tandemləri məktəbin fəaliyyətinin keyfiyyətinə və səmərəliliyinə layiqli töhfələr verə bilər. Bu prosesdə ən vacib amil məktəblə valideyn arasında qarşılıqlı inamın mövcud olmasıdır. Məktəb (müəllimlər) valideynlərin öz uşaqları ilə bağlı lazımi diqqət yetirmədikləri cəhətləri (ərköyünlük, şıltaqlıq, özündənrazılıq, diqqətsizlik, məsuliyyətsizlik və s.) hələ ilk vaxtlarda aşkara çıxarmalı, bunlarla yanaşı, övladlarının təhsilə marağı, psixoloji xüsusiyyətləri, maraq dairəsi, geriləmələri, yaxud irəliləyişləri barədə valideynləri daim məlumatlandırmalı, narahatlıq doğuran məqamları birgə müzakirə edib onların aradan qaldırılması yollarını düşünməli, valideynlərə pedaqoji dəstək göstərməlidirlər. Əslində, uşaq şəxsiyyətinin formalaşdırılması məktəb-valideyn əlaqələrinin nə dərəcədə səmərəli qurulmasından çox asılıdır.

 

Bu gün ümumi təhsilin təşkilində və məzmununda ciddi mahiyyət dəyişiklikləri baş verir, şagirdlərin bilik və bacarıqlarının, bunların əsasında qazanacaqları səriştələrin səviyyə və keyfiyyətinə yeni müasir tələblər irəli sürülür. Müşahidə və araşdırmalar göstərir ki, əksər hallarda valideynlər bu dəyişikliklərdən xəbərsiz qalır və ona görə də yeniliklərin əsl səbəbini bilmədən proqram materiallarının məzmunundan narazılıqlar səsləndirirlər (bəzən bu şikayətlər ev tapşırıqları, müəllimlərin əlavə tədris vasitələri tələb etməsi və s. ilə əlaqədar obyektiv baş verir). Bu səbəbdən də ümumi təhsil sistemində hazırkı dövrdə olan mövcud yeniliklər, hətta pedaqoji terminlər (bir çox valideyn bu gündə “kurikulum” anlayışını təhsil proqramı kimi deyil, yanlış olaraq “üsul”, “metod” kimi başa düşür), uşaqların təhsilinə verilən müasir tələblər valideynlərə ətraflı izah olunmalı, onlar pedaqoji şura iclaslarına, təhsil prosesi ilə əlaqədar müzakirələrə fəal cəlb edilməlidirlər.

 

Ulu Öndərin istiqamətverici dəyərli tələblərindən biri də o idi ki, “Ümumi təhsilimizdə, yəni məktəblərimizdə bütün dərslər, bütün fənlər bizim bugünümüzə və gələcəyimizə həsr olunmalıdır”. Dərindən yanaşsaq, bu, böyük məna daşıyan əbədi vəzifədir. Belə nəticə çıxarmaq olar ki, bizim bugünümüz və gələcəyimiz indi və sonra ümumi təhsilə cəlb edilən uşaqları hansı səviyyədə formalaşdırıb milli dəyərlər ruhunda tərbiyə etməyimizdən, onlara dövrə uyğun necə keyfiyyətli təhsil verməyimizdən bilavasitə asılıdır. Demək, ümumi təhsilin də heç vaxt dəyişməyəcək başlıca vəzifəsi məhz bundan ibarətdir.

 

Aydın ƏHMƏDOV,

Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini, Əməkdar müəllim