Elm və Təhsil Nazirliyinin dəstəyi, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və IDEA İctimai Birliyinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin 8-11-ci sinif şagirdləri (14-17 yaş) arasında “Gənc iqlim çempionları 2023” müsabiqəsi keçirilir.


Müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilər arasında iqlim dəyişikliyi haqqında məlumatlılığın artırılması, ətraf mühitin vəziyyəti və resurslardan istifadənin yaxşılaşdırılması barədə uşaq və gənclərin maarifləndirilməsidir.


Müsabiqənin şərtlərinə görə hər komanda müsabiqəyə yalnız bir layihə təqdim edə bilər və hər komandada maksimum 5 şagird təmsil olunmalıdır.
 

Müraciətlər ingilis dilində (iki intervallı, arial 12 şrift, Word/PDF) olmaqla  [email protected] elektron poçt ünvanına göndərilməlidir.
 

Münsiflər heyəti tərəfindən ən yaradıcı və ətraf mühitə əhəmiyyətli təsirə malik layihə ilə çıxış edən 10 komanda seçilərək müsahibə mərhələsinə dəvət olunacaq. Müsahibə mərhələsindən uğurla keçən 2 komandaya öz ideyalarını həyata keçirmək üçün təşkilatçılar tərəfindən kiçik qrantlar təqdim ediləcək. Müsabiqənin sonuncu mərhələsində qalib komandalar onlara təyin olunmuş mentorların dəstəyi ilə təklif etdikləri fəaliyyətləri həyata keçirəcəklər.
 

Ən yaradıcı 10 komandaya sertifikatlar və xatirə  hədiyyələri təqdim olunacaq.
 

Müsabiqədə iştirak üçün müraciətlərin qəbulu 5 fevral 2023-cü il tarixində yekunlaşır.
 

Qeyd edək ki, müsabiqə barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.