Azərbaycan universitetlərində 2022-2023-cü tədris ilində 110 ölkədən 9000-ə yaxın xarici vətəndaş təhsil alır


“22 yaşım var. “Təhsildə sosial psixoloji xidmət” ixtisası üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetində oxuyuram. Türkiyədə bu ixtisas üzrə təhsil alanlar “rəhbər öyrətmən”, yəni həm müəllim, həm də sosial-psixoloji yardımçı vəzifəsini tuturlar. Gələcək planlarımı da məhz bu sahədə qururam. Məktəblərdə uşaqların psixologiyası və sosial  həyatları üzrə həm Azərbaycanda, həm də Türkiyədə araşdırmalar aparmaq istəyirəm”.

 

 

ADPU-nun III kurs tələbəsi İrəm Nur Aktaş Türkiyənin Aydın şəhərindəndir. Hal-hazırda qardaşı ilə Bakıda yaşayır: “Azərbaycana qardaşımın yanına gəlmişdim, sonra ali təhsilimi də burada almaq istədim. Ona görə də ADPU-nun müsahibələrinə qatıldım və qəbul olundum”.

 

İrəm xarici ölkə vətəndaşlarının Azərbaycan universitetlərinə qəbulu qaydalarının birindən istifadə edib və müstəqil qaydada müsahibələrə qatılaraq ADPU-da təhsil almaq hüququ qazanıb.

 

Onun sözlərinə görə, universitet seçimində heç çətinlik çəkməyib: “Azərbaycanda çox xoşuma gələn odur ki, universitetlər ixtisaslaşıb. Məsələn, tibb və tibb ixtisasları bir universitetdə, incəsənət və incəsənət ixtisasları başqasında toplanıb. Mən də taleyimi məktəblə bağlamaq istəyirdim. Müəllim yetişdirən ən doğru ünvan məhz mənim universitetimdir”.

 

İrəm hazırda ölkəmizdə təhsil alan 9000-ə yaxın xarici ölkə vətəndaşı olan tələbədən biridir və əcnəbi vətəndaşların üstünlük verdiyi qəbul üsullarından biri ilə Azərbaycanda təhsil almaq şansı qazanıb. Son açıqlanan rəqəmlərə görə, 2022-2023-cü tədris ili üzrə ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 110 ölkədən 9000-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır. Bu da ötən ilə (7332 nəfər) nisbətdə 20 faiz, 2015/2016-cı tədris ilinə (4326 nəfər) nisbətdə isə 103 faiz artım deməkdir. 

 

“Azərbaycan müəllimi” qəzetinin əməkdaşı təhsil almaq üçün ölkəmizə gələn əcnəbilərlə görüşərək onların fikirlərini öyrənib. Rəqəmlərdən görünən artımın kökündə dayanan səbəbləri xaricdən oxumağa gələnlərin özündən soruşub.

 

Universitet kimi seçir?

 

Öncəliklə qeyd edək ki, əcnəbilərin Azərbaycanda təhsil alması prosesi Nazirlər Kabinetinin müəyyən etdiyi və 2015-ci ildən qüvvədə olan qaydalarla tənzimlənir. Həmin qaydalar imkan verir ki, başqa ölkələrin vətəndaşı olan gənclər Azərbaycan universitetlərində təhsil alsınlar. Bunun üçün mövcud yollardan biri universitetlərin elan etdiyi qəbula qatılmaqdır. Bu zaman xarici ölkə vətəndaşı olan şəxs təhsil almaq istədiyi ixtisasa uyğun universitetin müəyyən etdiyi fənn və ya fənlər üzrə müsahibədən keçir. Yəni imtahan fənninə də, keçid üçün qoyulan tələblərə də hər universitet özü qərar verir.

 

Əcnəbilərin universitet seçimi

 

Oxumaq üçün Azərbaycanı seçən xarici ölkə vətəndaşlarının diqqətini hansı universitet daha çox cəlb edir?

 

Statistik təhlil sübut edir ki, universitetlər arasında əcnəbi tələbələrin ən çox üz tutduğu təhsil müəssisəsi Azərbaycan Tibb Universitetidir. Bu, bir tərəfdən tibbə olan maraqla əlaqələndirilsə də, digər tərəfdən tibb təhsilinin başqa ölkələrlə müqayisədə ölkəmizdə nisbətən ucuz başa gəlməyi ilə izah olunur.

 

Ümumiyyətlə, universitetlərimizdə əcnəbilərlə iş yaxşı təşkil olunub. Məsələn, Bakı Dövlət Universitetində (BDU) də ölkəmizdəki bütün ali təhsil müəssisələrində olduğu kimi vətəndaşların qəbulu və ölkəmizdə təhsil alan əcnəbi tələbələrin məlumatlarının toplanması uyğun olaraq portal.edu.az və atis.edu.az vasitəsilə aparılır. Təhsil müəssisəsinin mətbuat katibi Kəmalə Quliyevanın sözlərinə görə, Türkiyə, İran, Rusiya, Pakistan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Banqladeş, Çad, Ukrayna, Gürcüstan, Çin, Nigeriya, Küveyt və digər öklələrdən BDU-da təhsil almaq üçün çoxsaylı müraciətlər daxil olur: “Qeyd etmək istərdik ki, təkcə bu tədris ilində  Bakı Dövlət Universitetinin bakalavr səviyyəsində 51, magistratura səviyyəsində 18, doktorantura səviyyəsində 7, hazırlıq kurslarına isə 51 nəfər olmaqla, ümumilikdə 127 nəfər əcnəbi vətəndaş qəbul olunub. Bu da ötən illərə nisbətən böyük  göstəricidir”.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərovun verdiyi  rəqəmlərə diqqət edək. Hazırda universitetdə 29 ölkədən 545 tələbə təhsil alır. Onlardan biri Zəbiholda Qəmbəridir. Özünü azərbaycanlı dostlarının çağırdığı kimi, “Zəbi” deyə təqdim edir: “Görünüşcə oxşatmasalar da, əslən Əfqanıstandanam. Ailəm, yaxınlarım Almaniyada yaşayır. Bakıya ailəmlə gəldim və 2020-ci ilin yeni ilini burada qarşıladıq”.

 

Pandemiya səbəbindən ölkəmizi tərk edə bilməyən ailə burada yaşamağa qərar verib: “Bir halda ki, gedə bilmirəm, mən də burada oxuyaram”, -  deyib Zəbi: “Əvvəlcə Azərbaycan dilində danışmağı öyrəndim, sonra Azərbaycanda oxumaq fürsətini dəyərləndirdim”.

 

ADNSU-da “Menecment” ixtisası üzrə təhsil alan Zəbi artıq II kurs tələbəsidir. Azərbaycanda olduğu üçün şaddır: “Burada yaşaya bilirəm. Təhsilimi tamamladıqdan sonra qalıb Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olmağı düşünürəm. Hara getsəm də, bütün işlərim burada olacaq. Bura mənə öz evim, vətənim kimidir. Əhəmiyyətli işlərlə məşğul olan, cəmiyyətin inkişafına çalışan dostlarım var. Mən də onlara qoşulub həm özümə, həm də Azərbaycana faydalı oluram”.

 

Əfqanıstanlı tələbənin dediklərindən də göründüyü kimi Azərbaycanda təhsil almaq üçün münbit şərait var. Bunun fərqində olanlar çoxdur. Məsələn, Türkmənistan, Gürcüstan, ərəb ölkələrindən ADNSU-nu seçənlərin sayında son illərdə artım müşahidə olunur. Son bir neçə ilin müqayisəsinə nəzər yetirək: Universitetin 2014/2015-ci tədris ilində 355, 2016/2017-ci tədris ilində 399, 2017/2018-ci tədris ilində 476, 2018/2019-da 521, 2019/2020-ci tədris ilində isə 544 əcnəbi tələbəsi olub. Artan dinamika 2020-ci ildə dayanır. Dünya  universitetlərində olduğu kimi, həmin il ADNSU-nun da əcnəbi tələbə sayı yarıbayarı azalıb: 2020/2021-ci tədris ilində 260, 2021/2022-ci tədris ilində 281 tələbə. Ancaq o günlər artıq geridə qalıb. Universitet pandemiyadan sonra, necə deyərlər, yenidən toparlanıb və bir neçə il əvvəlki tələbə sayına nail olub. B.Nəzərovun sözlərinə görə, ADNSU-da Türkiyə, İran, Gürcüstan və ərəb ölkələrindən olan tələbələrin sayı artmaqdadır: “Çin, Hindistan, Banqladeşlə əməkdaşlıqlarımız var. İkitərəfli qaydada bu əməkdaşlıqlarımızı inkişaf etdirəcəyik. Əslində, pandemiyadan əvvəl qurulan bu əlaqələr nəticəsində yüzlərlə tələbə gözləyirdik. Hesablamalarımıza görə, həmin ölkələrdən subbakalavrlar bakalavr və sonrakı digər təhsil səviyyələri üzrə təhsil üçün universitetimizə gəlməliydi. Amma pandemiya bu razılaşmaların reallaşmasında problemlər yaratdı. Artıq sözügedən razılaşmalar yenidən gündəmimizdədir. Nəticə etibarı ilə növbəti tədris ilindən xarici tələbələrimizin sayında artım gözləyirik. Türkiyə ilə isə birgə təhsillə bağlı planlarımız var”.

 

Dünyada ən çox iqtisadiyyat və mühəndislik, memarlıq ixtisaslarına maraq var. Ona görə də UNEC, AzTU və AzMİU əcnəbi tələbələrin çoxluğuna görə ölkə universitetlərinin siyahısında ön yerlərdə olmaları təəccüb doğurmamalıdır. Məsələn, “Prestijli universitet olduğu üçün UNEC-i seçdiyini” deyən Yohana Emmanuel Kitima Tanzaniyadan Azərbaycana gələn ilk tələbədir. Hazırda IV kurs tələbəsidir, “Mühasibatlıq və audit” ixtisasına yiyələnir: “İlk dəfə Bakıda keçirilən Çelsi-Arsenal oyununa baxmağa gəlmişdim, Bakıdan çox xoşum gəldi. Ona görə təhsil alacağım universiteti də buradan seçdim. Azərbaycanın Efiopiyadakı səfirliyi vasitəsi ilə Azərbaycan Respublikası tərəfindən ayrılan qrant proqramından xəbərdar oldum. Bu, xaricdə yaşamaq üçün də ilk şans idi. Amma UNEC-ə qəbul oluna biləcəyimə inanmırdım”.

 

Şansı onun üzünə gülüb və 2019-cu il sentyabrın 16-dan Bakıdadır: “Azərbaycanda öyrəndiklərimi öz ölkəmdə tətbiq edəcəyəm”.

 

Nəinki ixtisası ilə bağlı, ölkəmiz, hətta yeməklərimizlə bağlı da çox şey öyrənib: “Plov, dolma bişirməyi öyrənmişəm. Burada insanlar qonaqpərvər və dostcanlıdırlar. Özümü evdəki kimi hiss edirəm. Ən böyük çətinliyim dil baryeridir. İnsanlarla daha çox danışmaq, əlaqə yaratmaq istəyirəm, ancaq biri-birimizin dilini bilmədiyimiz üçün danışa bilmirəm. Buna baxmayaraq, Azərbaycanı təhsil almaq istəyən hər kəsə tövsiyə edirəm. Hətta məndən sonra qardaşım da təhsil üçün bura gəlib. Ümumiyyətlə, deyə bilərəm ki, Azərbaycan haqqında danışdıqlarım sayəsində məndən sonra iki nəfər təhsil almağa qərar verib və hazırda da buradadırlar”.

 

AzMİU-da isə xarici ölkə vətəndaşı olan 386 tələbə təhsil alır. Pandemiyadan əvvəl 700-dən çox olan tələbələrin sayı yenidən artmağa başlayıb. Universitetin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayevin sözlərinə görə, hazırda təhsil müəssisəsində hazırlığı təşkil edilən ixtisaslar arasında memarlıq ən bahalısıdır - 2500 dollar. Digər ixtisaslar üzrə təhsil haqqı 2000 dollardır. N.Abdullayev deyir ki, bu qiymət texniki ixtisas hazırlığı təşkil edən universitetlərlə müqayisədə, demək olar ki, eynidir.

 

Bəs özəl universitetlər? Əcnəbilər özəl ali məktəblər arasında daha çox Bakı Avrasiya, Odlar Yurdu və Xəzər universitetlərini seçir. Bu da ilk növbədə həmin universitetlərdə ingilis dilində tədrisin təşkili ilə bağlıdır.  

 

Ümumiyyətlə, universitetlərə xarici ölkə vətəndaşlarının müraciəti təhsil müəssisələrində təhsilin keyfiyyəti ilə yanaşı, tədrisin ingilis dilində təşkilindən asılıdır. Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Müjdat Həsənovun fikrincə, ölkəmizdə 4 dildə təhsil imkanı var və bu, bir çox ölkələrdən universitetlərimizə tələbə cəlbinə təkan verən vacib amillərdəndir. O, son illərdə regionlardakı təhsil müəssisələrinin də bu imkanları təmin etdiyini və nəticədə artan nüfuzunu qeyd edib: “Sevindiricidir ki, region universitetlərində də əcnəbi tələbə sayı artmaqdadır. Məsələn, Gəncədə fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universiteti bu il tələbələri arasında əcnəbi sayını kifayət qədər artırıb”.

 

Bu, həm də hökumətin həyata keçirdiyi layihələrlə əlaqədardır. Azərbaycanda əcnəbilərin təhsilə cəlbində hökumətin, Elm və Təhsil Nazirliyinin fəaliyyətinə diqqət çəkən sektor müdiri  Azərbaycanda təhsil imkanlarını ən yaxşı şəkildə təqdim edən “Study in Azerbaijan” layihəsindən danışıb: “İlk dəfə olaraq, layihə çərçivəsində bütün universitetlərə qəbulun elektron formatı tətbiq edilib və uğurla icra olunur. Belə ki, əcnəbi tələbə sayta daxil olaraq qeydiyyatdan keçir, universitetlərdən birini seçib elektron müraciətini göndərir. Qiymətləndirmə alətlərinə, tələbənin keyfiyyətinə uyğun olaraq, universitetlər müraciəti dəyərləndirib cavab verir. Prosesin sonunda tələbənin məlumatları nazirliyin portalına düşür”.

 

M.Həsənovun sözlərinə görə, vahid platformanın qurulmasına dəstək verilsə də, qərarvermədə universitetlər tamamilə müstəqildirlər və onların qərarına nazirlik müdaxilə etmir.

 

Sektor müdiri əlavə edib ki, layihənin sosial media hesabları, internet səhifəsi, mərkəzləşmiş elektron müraciət sistemi var: “Bunu idarəetmə səviyyəsinə keçirməyin optimal variantı üzərində iş gedir. Hazırda texniki müstəvidə prosesin təşkili həyata keçirilir. Elə bir format düşünülür ki, universitetlərin əvəzinə xaricdə iş qurulsun, sərgilərdə iştirak edilsin, tələbələr gətirilsin və onlar öz istəklərinə uyğun təhsil müəssisələrinə yerləşdirilsin, bir sözlə, layihə universitetləri də təmsil etsin. Başqa ölkələrdə artıq işlək mexanizmə çevrilən layihə bu variantda universitetlərin təbliği üçün də daha az xərc deməkdir”.

 

Bu layihə ilə ölkəmizdə təhsil alanlardan biri Apisada Laowattanabhongse prosesi rahatlıqla keçdiyini deyir. O, “Study in Azerbaijan” səhifəsindən məlumatlanıb və doktorantura səviyyəsində təhsilini davam etdirmək üçün Xəzər Universitetinə qəbul olunub. Azərbaycanda ilk ili olan doktorant burada təhsilini tamamladıqdan sonra ölkəsinə, öz işinə qayıdacaq: “Beynəlxalq ticarətdə uğurlu karyera üçün diplom işimi də bu sahə ilə bağlı seçmişəm. Təhsil alıb öz ölkəmə fayda vermək istəyirəm”.

 

Tailand vətəndaşı seçim edərkən Azərbaycan üzərində dayanmasının səbəbini belə izah edib:  “Əvvəllər də Bakıda olmuşam. Burada keçirilən mükafatlandırma mərasimində işlədiyim müəssisəni təmsil edirdim. O vaxtdan ölkəniz xoşuma gəlmişdi. İnsanları mehriban, havası çox gözəldir”.

 

Ancaq onu narahat edən məqam da var. Apisada 3 il sonra üçün narahatdır: “Təhsilimin sonunda Azərbaycan dilindən imtahan tələb ediləcəyindən narahatam. Hesab edirəm ki, bu, ölkəmdən olan başqa tələbələr üçün də ciddi çətinlik yaradacaq”.

 

Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri M.Həsənov Apisada kimi bir çox əcnəbi tələbəni narahat edən bu məsələnin artıq həllini tapdığını bildirib: “İndiyədək dissertasiyanı xarici dildə müdafiə edən əcnəbi tələbələr üçün DİM tərəfindən keçirilən Azərbaycan dili imtahanlarından uğurla keçmək tələb edilirdi. Təhsil qrantı ilə ölkəmizdə təhsil alan tələbələrdən daxil olan müraciətlərdən sonra təhlil edərək gördük ki, ingilis dilində oxuyan bir əcnəbi üçün Azərbaycan dilindən dil biliyi tələb etmək ədalətli deyil. Azərbaycan dilində doktorantura təhsili alan əcnəbi tələbədən Azərbaycan dilindən imtahan tələb edilir. Əcnəbi dildə təhsil alan xarici ölkə vətəndaşları qarşısında isə artıq bu tələb qoyulmur. Hesab edirik ki, bu amil ölkəmizdə doktorantura səviyyəsində təhsil almq istəyən əcnəbilərin sayına müsbət təsir edəcək”.

 

Əcnəbi tələbələrin təhsilini maliyyələşdirən layihələr

 

“Qanunvericilikdə də artıma dəstək ola biləcək təşəbbüslər irəli sürür, dəyişikliklərin həyata keçirilməsi üçün aidiyyatı qurumlarla iş aparırıq”, deyən sektor müdiri bildirib ki, görülən işin nəticəsində universitetlərdə əcnəbi tələbələrin sayı artır.  Onların arasında Türkiyə, İran, Gürcüstan, Pakistan, Rusiya, Nigeriya, Hindistan,  Şri-Lanka, İraq, Suriya və digər ölkələrdən olanlar üstünlük təşkil edir. Bu, həm də hökumətlərarası razılaşmalar əsasında mümkün olur. Belə ki, Azərbaycanda əcnəbi tələbələrin təhsilini maliyyələşdirən layihələr həyata keçirilir. Məsələn, 2018-2022-ci illər üçün İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ayrılmış təqaüd proqramı çərçivəsində 200-ə yaxın əcnəbi tələbənin ayrı-ayrı təhsil səviyyələri üzrə təhsili təşkil edilir. Əcnəbilər həmin proqramlar çərçivəsində yerli təhsil müəssisələrində bakalavriat, baza ali tibb təhsili, magistratura, rezidentura, doktorantura səviyyələri üzrə təhsil almaq hüququ qazanıblar: “Təkcə 2022-2023-cü tədris ilində yerli ali təhsil müəssisələrində 40 tələbə təhsil qrantı qazanıb. Hazırda ölkəmizdə 130 nəfər təhsil qrantı, 88 nəfər hökumətlərarası proqramlar çərçivəsində təhsilalan var. Yəni, ümumilikdə cəmi 220 nəfər hökumət xətti ilə təhsil alır. Potensialımız daha çox tələbə cəlb etməyə imkan verir”.

 

Xatırladaq ki, təhsil qrantı dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, aylıq təqaüd, tibbi yardım və beynəlxalq nəqliyyat xərclərini əhatə edir.

 

Həmzə Nacer də təhsil qrantı ilə təhsil alan 130 tələbədən biridir. Bakalavr və magistratura səviyyələrində Əlcəzairdə təhsil alıb. İkinci ilidir Azərbaycandadır. ADNSU-da doktorantura təhsili alır. Yanğın və sənaye təhlükəsizliyi mövzusunu araşdırır. Düzdür, təqaüd qazandığı üçün Azərbaycandadır. Ancaq bu, ölkəmizdə olmasının yeganə səbəbi deyil: “İspaniyada Seviliya şəhərində yerləşən universitetə də qəbul olunmuşdum. İkisi arasında bir seçim etmək üçün universitetdə müəllimlərimdən tövsiyə aldım. Əlcəzairdə professorlarımızdan biri 1990-cı ildə Azərbaycanda oxuyub. Onun tövsiyəsi ilə Azərbaycana gəldim”.

 

Burada verilən təhsilin keyfiyyətindən razı qalan Əlcəzair vətəndaşı Azərbaycan universitetlərinin onun ölkəsinin ali məktəbləri ilə müqayisədə daha yaxşı təchiz olunduğunu vurğulayıb.

 

 

 

Təhsil tarixində ən böyük rəqəm

 

Azərbaycan universitetlərində 2022-2023-cü tədris ilində 110 ölkədən gələn 9000-ə yaxın xarici vətəndaş təhsil alır. Onların arasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlardan tutmuş doktorantura təhsili alanlara qədər bütün təhsil səviyyələri üzrə ölkəmizin ali təhsil müəssisələrində təhsil alan əcnəbi vətəndaşlığı olanlar var. Bu, təhsil tarixində ən böyük rəqəm sayılır və universitetlərimizə artan marağın göstəricisi kimi qiymətləndirilməlidir. M.Həsənov artımda ölkəmizin növbəti hədəfini də açıqlayıb: “Azərbaycanda əcnəbi tələbələrin sayının 10 mindən çox olmasına çalışırıq. Universitetləri təşviq edirik ki, hər il əcnəbi tələbələrinin sayını artırsınlar. Son iki ilin nəticələrini müqayisə etsək, 20 faiz artım var.  Növbəti illərin hər biri üçün 15-20 faiz artıma nail olmaq üçün universitetləri təşviq edəcəyik”.

 

Ruhiyyə DAŞSALAHLI