Mingəçevir Dövlət Universitetində (MDU) humanitar fənlər kafedrasının təşkilatçılığı ilə  Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar Azərbaycan xalqının milli qürur günüdür ” mövzusunda mühazirə keçirilib.

 

Universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlarının iştirakı ilə keçirilən müharizə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

 

Mühazirədə giriş sözü ilə çıxış edən kafedranın müdiri dosent Esmira Cəfərova xalqımızın qan yaddaşına çevrilən 20 Yanvar faciəsindən 33 il ötməsinə baxmayaraq, çoxsaylı günahsız insanlarımıza qarşı törədilən amansız qətliamın eyni acı və kədər hissləri ilə xatırlandığını bildirib. Müstəqillik uğrunda mübarizə tariximizin ən şərəfli səhifələrindən olan 20 Yanvar faciəsi ilə bağlı tarixi həqiqətlərin gənc nəslə çatdırılmasının vacibliyini diqqətə çatdıran E.Cəfərova bu məqsədlə universitetdə həyata keçirilən fəaliyyətlərdən danışıb və mühazirənin önəmini vurğulayıb.

 

Sonra kafedranın baş müəllimi Mətanət Yusifova məruzə ilə çıxış edib. Məruzədə müstəqillik üçün xalqın keçdiyi mübarizə yolundan, göstərdiyi əzmkarlıq və fədakarlıq nümunələrindən, 20 Yanvar faciəsinin səbəbləri, qanlı nəticələri və əsas günahkarlarından, ümummilli lider Heydər Əliyevin qırğını törədənlərin cəzalandırılmasını tələb edən cəsarətli addımlarından və faciəyə siyasi qiymətin verilməsindəki tarixi xidmətlərindən bəhs edilib. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanmaqla və əzəli torpaqlarımızı işğaldan azad etməklə şəhidlərin qisasını aldılar.

 

Sonda hadisələrlə bağlı fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.