OECD: “Təhsil sistemləri qarşısında istedadlı şagirdlərə kömək etmək vəzifəsi durur”


İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının  (İƏİT- OECD) hesabatına əsasən, bütün təhsil sistemləri şagirdləri öyrətməli və onların öz potensiallarını həyata keçirmələrinə kömək etməlidir.  “İstedadlı təhsil” termini orta səviyyədən yüksək intellektə, istedada və ya potensiala malik şagirdlərin təhsilinə aiddir. Amma sual yaranır: Siz onları necə ölçürsünüz? Məktəb istedadlı şagirdləri necə dəstəkləyə bilər? Ümumiyyətlə, istedadlılıq kifayət qədər öyrənilməyib, bu isə o deməkdir ki,  təhsil sistemlərinin qarşısında istedadlı şagirdlərə kömək etmək vəzifəsi durur. Beləliklə, əvvəlcə istedadlılığı müəyyənləşdirmək, sonra isə bir-birindən öyrənmək və təcrübəni təkmilləşdirmək üçün dünyanın hər yerindən gələn boşluqları və uğurlu təcrübələri göstərmək vacibdir.

 

İstedadlılığın tərifi və istedadlı təhsil üçün siyasi  yanaşmaların müəyyən olunması

 

İstedadlılıq ənənəvi olaraq İntellektual Kəmiyyət (IQ) testləri ilə ölçülən, tez-tez riyaziyyat və ya musiqi kimi müəyyən fənlərlə əlaqəli orta səviyyədən yüksək intellekt kimi başa düşülür. Ancaq təriflər dəyişir.  Hazırda tədqiqatlar göstərir ki, istedadlılıq IQ-dan kənara çıxır. O, yaradıcılıq və empatiya kimi bir çox zəka formalarını əhatə edir. İstedadlı şagirdlərin tam potensialı təhsildə adekvat imkanlar və dəstək sayəsində açıla bilər. OECD ölkələri istedadlı şagirdləri təsvir etmək üçün müxtəlif terminlərdən istifadə edirlər. Məsələn, Almaniya və İspaniyada bəzi şagirdləri “istedadlı” adlandırırlar, Avstraliya və Böyük Britaniyada isə onları “istedadlı və qabiliyyətli” adlandırırlar. Fransa şagirdlərin inkişafına önəm verir və onları “yüksək potensiallı təhsilalanlar” adlandırır. Digər ölkələr də istedadlı təhsilə fərqli yanaşır. Koreyada istedadlı təhsil, öz çərçivəsi və xüsusi məktəbləri olan ayrıca təhsil siyasəti sahəsidir. Digər ölkələrdə istedadlı şagirdlər daha geniş kateqoriyaya, adətən xüsusi təhsilə ehtiyacı olan şagirdlərə şamil edilir. Finlandiya kimi bəzi kontekstlərdə istedadlı şagirdlərə birbaşa istinad yoxdur və məktəblər şəxsi xüsusiyyətləri önə çəkmədən bütün təhsilalanların ehtiyaclarına cavab verə bilməlidir. Bununla belə, demək olar ki, bütün İƏİT ölkələrində ümumi olan, istedadlı şagirdlərə daha sürətli öyrənmək və daha zəngin kurikulum məzmunlarına və sinifdənkənar öyrənmə fəaliyyətlərinə çıxış imkanı vermək üçün sürətləndirmə və ya zənginləşdirmə strategiyalarının mövcudluğudur.

 

İstedadlı şagirdlərə dəstək verən müəllim və məktəbin potensialı

 

Müəllimlər inklüziv təhsilin ön hissəsindədirlər və onlar istedadın müəyyən edilməsində, eləcə də onların  təlim və monitorinq strategiyalarının həyata keçirilməsində əsas rol oynayırlar. Beləliklə, ölkələr istedadların  dəstəklənməsi üçün təşəbbüslər hazırlayırlar. Kolumbiya kimi bəzi ölkələr bu sahədə  inkişaf etmiş qaydalar və qiymətləndirmə sənədlərini dərc, digərləri isə müəllimlərin siyasətdə (məsələn, Litva) və ya hüquqi çərçivədə (məsələn, Koreya) rollarını açıq şəkildə təsvir edirlər. Buna baxmayaraq, ibtidai   təhsildə və fasiləsiz peşə təhsilində çoxlu boşluqlar qalır.

 

Məsələn, 2017-ci ildə aparılan bir araşdırma müəyyən edib ki, 30 Avropa ölkəsi arasında sorğuda iştirak edən müəllimlərin təxminən 70%-i bu sahədə ixtisasartırma kurslarında iştirak etməyib.

 

Portuqaliyada və Amerika  Birləşmiş Ştatlarında olduğu kimi, beynəlxalq şəbəkələr və milli vətəndaş cəmiyyəti təşkilatları inklüziv təcrübənin həyata keçirilməsində siyasi qurumlara və məktəblərə dəstək göstərməkdə mühüm rol oynaya bilərlər. Onlar məlumatlılığın artırılması və tez-tez müəllimlərin peşəkarlıq səviyyəsinin inkişafının  stimullaşdırılması  strategiyalarını öyrənməkdə əsas rol oynayırlar. Onlar həmçinin istedadlı şagirdlərin nəticələrinin yaxşılaşdırılması üçün əsas olan differensiallaşdırılmış pedaqogika kimi tədris metodlarının öyrədilməsi yolu ilə ibtidai təhsil müəssisələri və müəllimlərin ilkin təhsili və peşəkar təlim müəssisələri tərəfindən yaradılan bacarıqları gücləndirə bilərlər.

 

İstedadlı uşaqların təhsilində inklüziv təcrübələrin təşviqi

 

İnklüziv istedadlı təhsil o demək olardı ki, bütün istedadlı şagirdlər  adekvat şəkildə dəstəklənir və onların fərdi ehtiyacları ödənilir. Bu şagirdlərin  homogen bir qrup olmadığını qəbul etmək lazımdır. Məktəb işçilərinin hazırlığının olmaması, mədəni müxtəlifliyə qarşı laqeydlik və digər qərəzli yanaşmalar çox vaxt istedadlı proqramlarda müəyyən şagird qruplarının kifayət qədər təmsil olunmamasına səbəb olur. Kanadanın Toronto şəhərində 2018-ci ildə aparılan bir araşdırma göstərdi ki, oğlanların, oxşar etnik və sosial-iqtisadi mənşəyə malik olduqları halda, qızlara  nisbətən istedadlı kimi müəyyən edilmə şansları daha yüksəkdir. Həmçinin, bəzi etnik qruplardan olan təhsilalanlar da digərlərindən daha çox istedadlı kimi müəyyən edilir. Müəyyənləşdirmə və öyrənmə proseslərində istisna dinamikasını həll etmək üçün şagirdlərin sosial-mədəni kontekstlərini nəzərə almaq vacibdir. Bunun yaxşı nümunəsi Yeni Zelandiyanın “İstedadlı Təhsil Paketi”dir ki, bu paket müəyyənləşdirmə və qiymətləndirmə metodlarında bilik və təcrübələrini, eləcə də uyğunlaşdırılmış kurikulumun dizaynında müəllimlərin iştirakını ehtiva edir. Əsas odur ki, inklüziv istedadlı təhsil bütün təhsilalanlara fayda verə bilər. Bir çox ölkələrdə istedadlı təhsil əsasən ümumi məktəblərdə və yaxud sinif otaqlarında verilir. Mentorluq, məsləhətləşmə, differensiallaşdırılmış pedaqogikalar, rəqəmsal texnologiyalardan istifadə və şagird əməkdaşlığı kimi məktəb səviyyəsində strategiyalar istedadlı şagirdlərin və çox vaxt bütün sinfin təhsil və rifah nəticələrinin artırılmasında xüsusilə effektiv olduğunu sübut etdi.

 

Beləliklə:

 

- Hər ölkə şagirdlərin istedadını və bacarığını fərqli şəkildə müəyyən edir və onların ehtiyaclarına fərqli reaksiya verir. Bir çox ölkələr bu şagirdlərin təhsil sisteminə daxil edilməsini dəstəkləmək üçün sürətləndirmə və zənginləşdirmə strategiyaları hazırlayır

- Müəllimlərin və məktəblərin potensialının möhkəmləndirilməsi inklüziv istedadlı təhsilin təmin edilməsində həyati əhəmiyyətə malikdir

- İstedadlı şagirdlər homogen  qrup deyil və onların aşkarlanması təlim və sosial-mədəni həssaslıq tələb edir

 

Yaxşı təcrübənin çoxlu nümunələrinə baxmayaraq, istedadlıların təhsili sahəsində əhəmiyyətli boşluqlar qalmaqdadır. İstedadlı şagirdlərin təhsil sistemlərinə daxil edilməsinin daha yaxşı qiymətləndirilməsi və monitorinqi siyasətçilərə onların ehtiyaclarını daha yaxşı anlamağa kömək edəcək. Bu, hamı üçün daha inklüziv təhsil siyasətinin inkişafı istiqamətində mühüm addımdır.

 

Oruc MUSTAFAYEV