133 təhsil işçisi verdiyi töhfənin mükafatını aldı


Məxluqə Mustafayeva Qazaxdan gəlib paytaxta. Rayonun sayılıb-seçilən riyaziyyat müəllimlərindəndir. Çaylı kənd Elşən Cəfərov adına 2 nömrəli tam orta məktəbində 40 ildən çoxdur müəllimdir. Nəinki sinifdə keçirdiyi 40 ilin, bu həyatda tamamladığı 66 ilin də ən böyük hədiyyəsini aldı o gün. Elm və təhsil naziri Emin Əmrullayevin yaxasına sancdığı “Tərəqqi” medalı zəhmətinin ən böyük dəyəri oldu. O gün ürəyində coşan duyğuları minnətdarlıq dolu sözləri, sevincə boyanan baxışları da ifadə etməkdə aciz qaldı...

 

Onlar həmin 133 nəfərdir ki...

 

Məxluqə müəllim və onun kimi 133 nəfər təhsilə öz töhfəsini verən təhsil işçisi noyabrın 30-da Bakı şəhəri 20 nömrəli məktəb-liseydə toplanmışdı. Həmin 133 nəfər ki, Beynəlxalq Müəllimlər Günü ərəfəsində Prezident İlham Əliyev ölkə  təhsilinin inkişafındakı xidmətlərini, beynəlxalq və  respublika fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətlərini nəzərə alaraq təltif etdi. 54 nəfərə “Əməkdar müəllim” fəxri adı, 79 nəfərə isə “Tərəqqi” medalı təqdim olundu.

 

“Medallar, təltiflər həyatda çox şeyi dəyişmir, ancaq mənəvi dəyəri var”

 

Mükafatları təqdim edərkən nazir Emin Əmrullayev dövlətin və millətin təhsildən gözləntilərini, Nazirliyin müəllimlərdən tələblərini də xatırlatdı. Müstəqilliyimiz elan olunandan bəri 4500 müəllimin təltif olunduğunu vurğulayaraq təltifləri müəllimlərə, o cümlədən təhsilə dövlətin etimadı kimi dəyərləndirib və bu etimadın gənc müəllimlərə stimul olacağına inamını ifadə etdi: “Medallar, təltiflər həyatda çox şeyi dəyişmir, ancaq mənəvi dəyəri var. Öz bacarığınız, davranışınız, peşəkarlığınızla sizdən sonra gələn gənc nəslə nümunə ola, onların da həvəslənməsinə səbəb ola bilərsiniz”.

 

Təhsildə həyata keçirilən islahatlara, xüsusən sertifikasiya prosesinə diqqət çəkərək E.Əmrullayev müəllimlərin əməyinin məhz peşə bacarığından asılı olaraq qiymətləndirilməsinin düzgün addım olduğuna inandığını dedi.

 

Nazir təbrik nitqində müəllimlərin xüsusilə uşaqlar, yetişməkdə olan nəsil üçün nə ifadə etdiyinə xüsusi yer ayırdı: “Təhsilin keyfiyyəti müəllimin keyfiyyətindən yüksək ola bilməz. Gələcəyimizi necə yetişdirəcəyimiz məhz müəllimlərimizdən asılıdır. Hər şeyi uşaqlarımız üçün edirik. Onları yeytişdirərkən nə öyrətdiyimizə, uşaqların nə qədər öyrəndiyinə, öyrətdiklərimizin gələcəkdə onlara lazım olub-olmayacağına diqqət yetirməliyik. Əks halda, yetişməkdə olan nəslin gələcəyini əlindən alarıq”.

 

Nazir E.Əmrullayev təltif olunan müəllimlərin bundan sonra da fəal olacağına, təhsilin məhz onların da köməyi ilə yeni çağırışların öhdəsindən gələcəyinə ümid etdiyini bildirdi. Müəllimləri bir-bir təbrik edərək onlara dövlət təltiflərini təqdim etdi.

 

Böyük qələbəsi, dəyişməz qüruru şagirdləridir

 

Təbrik və təltifə layiq olanlar sevincini “Azərbaycan müəllimi” ilə də bölüşdülər. Bu təltifə qədər olan fəaliyyətlərindən danışaraq dövlətin etimadına layiq olduğunu hər kəsə göstərməyə çalışanlardan biri Səbinə İsayevadır. Sumqayıtdakı 29 nömrəli tam orta məktəbin 22 ildir coğrafiya müəllimidir. Bakı Dövlət Universitetində əvvəlcə bakalavriat, sonra isə magistratura səviyyələrində təhsil alıb. Universiteti fərqlənmə ilə bitirərək 29 nömrəli tam orta məktəbdə fəaliyyətə başlayıb: “Artıq 4 ildir məktəbimiz “Sabahın alimləri” müsabiqəsində öz komandası ilə iştirak edir və 2 dəfə qaliblərdən olub”.

 

Səbinə müəllim özü də qrant müsabiqəsi qaliblərindəndir. Ancaq ən böyük qələbəsi, dəyişməz qüruru şagirdləridir. Uğurları ilə seçilən, yüksək nəticələr göstərən şagirdləri.

 

Aydın Şükürov Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın ərəb dili müəllimidir. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin  Ərəb dili şöbəsini bitirib. 1991-ci ildən ərəb dili müəllimi kimi fəaliyyət göstərir. Əvvəl 72 nömrəli məktəb-liseydə, 2000-ci ildən isə Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada çalışır. Ərəb dili üzrə test tərtib edənlərdəndir. Deyir ki, ərəb dilinin tədrisini həyata keçirən 4-5 məktəb var. Amma neçə nəfərin ərəb dilinə marağı olmasının, neçə məktəbdə ərəb dilinin keçilməsinin fərqi yoxdur. Hətta bir məktəb, bir şagird üçün də olsa, o və bütün təhsil sistemi uşaqların təhsil almaq hüququnu, dil öyrənmək istəyini yerinə yetirməyə hazırdır.

 

QƏHRƏMAN ömrü yaşayan müəllim

 

Onun özü qəhrəmandır, adı Qəhrəman. Nizami rayonunda yerləşən Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi, qazi Qəhrəman Qasımovdur. 1991-1992-ci illərdə, aprel döyüşlərində və II Qarabağ müharibəsində iştirak edərək bədənini qəlpələr, sinəsini medallarla doldurub.

 

Qəhrəman müəllim, sözün əsl mənasında, qəhrəman ömrü yaşayır. Amma, sadəcə Qarabağ müharibələri qəhrəmanı deyil, həm də təhsilin qəhrəmanıdır. 1994-cü ildən müəllimlik fəaliyyətinə başlayıb. Deyir yetişdirdiyi qəhrəmanlarla səngərdə çiyin-çiyinə döyüşüb, tərbiyəsində, şəxsiyyət kimi formalaşmasında iştirak etdiyi nəslin döyüş ruhunu, əzmini səngərdə görüb və qürur duyub. Bundan sonrakı fəaliyyətində də yetişdirəcək, tərbiyə edəcək və baxıb qürur duyacaq.

 

Ruhiyyə DAŞSALAHLI