Naxçıvan Dövlət Universitetində (NDU) görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasının 100 illiyi qeyd edilib. İncəsənət fakültəsi və Elmi kitabxananın birgə hazırladığı tədbirin birinci hissəsində Fikrət Əmirova həsr olunmuş kitab sərgisinə baxış keçirilib. Sərgidə dahi bəstəkarın həyat və yaradıcılığına həsr edilən  kitablar və elmi məqalələr toplusu nümayiş olunub.

 

Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” əsərinin səsləndirilməsi ilə başlayan tədbirin ikinci hissəsində NDU-nun Musiqinin tarixi və nəzəriyyəsi kafedrası əməkdaşlarının məruzələri dinlənilib. F.Əmirov yaradıcılığının ümumi xarakteristikasından danışan dosent İnara Məhərrəmova dünya şöhrətli bəstəkarın uşaqlıq və yeniyetməlik dövrü, bəstəkar kimi fəaliyyəti, özünəməxsus dəst-xətti ilə seçilən yaradıcılığı barədə məlumat verib:”Musiqisi xalq mahnıları və muğamlarla sıx bağlı və çox sayda ilklərin yaradıcısı olan bəstəkarın əsərləri sırasına simli alətlər orkestri üçün yazılmış ilk milli simfoniya, müasirlik mövzusuna həsr olunmuş ilk lirik opera, ilk fortepiano sonatası və dünya musiqi ədəbiyyatında ilk və yeni olan janr üslubu ilə yazılmış simfonik muğamlar daxildir”.

 

F.Əmirovun opera yaradıcılığı barədə söhbət açan dosent Günay Məmmədova bildirib ki, opera bəstəkarın yaradıcılığında mühüm aparıcı sahələrdən biri hesab olunur:”Görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının eyni adlı pyesi əsasında ərsəyə gətirdiyi “Sevil” operasını yazarkən, Fikrət Əmirov öz xatirələrində qeyd edirdi: “Görəsən, Cəfər bunu bəyənərmi?” Opera əsərlərində əsas obrazların xarakteristikasınn açılmasına leytmotivlər vasitəsilə nail olan bəstəkar bu zaman dünya opera bəstəkarları, xüsusilə də Çaykovski ənənələrindən bəhrələnib, eyni zamanda milli musiqi ilə sintezinə nail ola bilib. “Sevil” operası Üzeyir Hacıbəyovun “Koroğlu” operasından sonra yazılan ən möhtəşəm əsər və “Koroğlu”nun varisi olaraq dəyərləndirilib”.

 

Bəstəkarın simfonik yaradıcılığı barədə məlumat verən kafedranın baş müəllimi Aynur Qasımova isə bildirib ki, o, muğamın əsas cəhətlərini müasir orkestrin texniki, emosional vasitələri ilə zənginləşdirib və yaradıcılıq süzgəcindən keçirərək xalqa təqdim edib:” Bəstəkarın  “Nizami” simfoniyası, “Azərbaycan” süitası, “Azərbaycan kapriççiosu” kimi əsərlərində muğam şöbələrinin növbələşməsi prinsipinə riayət olunub”.

 

F.Əmirovun balet janrında yaratdığı Azərbaycan musiqi xəzinəsinin misilsiz töhfələri barədə danışan kafedranın müəllimi Rumiyə Məmmədova bu əsərlərin onun yaradıcılığında xüsusi mərhələ təşkil etdiyini diqqətə çatdırıb:”Xoreoqrafik novella adlanan “Şur” baleti, dahi şair Nəsiminin 600 illik yubileyinə həsr olunmuş “Nəsimi dastanı”, balet janrında yaratdığı ən möhtəşəm əsəri “Min bir gecə” və “Nizami” baleti dərin fəlsəfi konsepsiya, müəllif düşüncəsinin dəqiqliyi və məntiqi kimi diqqət çəkən məqamlarla müşayiət olunub”.

 

Musiqişünaslıq ixtisası üzrə III kurs tələbəsi Sərvət İbrahimov bəstəkarın yaradıcılığının müxtəlif dövrlərində instrumental musiqiyə müraciət edərək yaratdığı skripka, violençel, fortepiano, nəfəs alətləri – qoboy, klarnet, faqot üçün bəstələdiyi əsərlərin incəliklərini diqqətə çatdırıb.

 

Tədbirin bədii hissəsində Xalq artisti Çingiz Axundovun rəhbərliyi və dirijorluğu ilə “Sevil” operasından “Balaşın nəğməsi”, “Dilbərin mahnısı”, “Səhər” filmindən “Aslanın mahnısı”, “Şeyx Sənan” pyesindən “Kor Ərəbin mahnısı” və “Min bir gecə” baletindən “Final” ifaları səsləndirilib.

 

Tədbirin sonunda çıxış edən universitetin rektoru Elbrus İsayev F.Əmirov yaradıcılığını XX əsr Azərbaycan musiqi tarixinin ən parlaq səhifələrindən biri kimi qiymətləndirib. Bildirib ki, musiqisinin coşğunluğu, təsirli ifadə gücü, zəngin harmoniya və orkestr çalarları ilə dinləyicini valeh edən sənətkar Azərbaycanı dünyaya tanıdan milli bəstəkarlıq məktəbinin ən layiqli nümayəndələrindən biridir.