Korrupsiya cəmiyyətin hər bir sahəsində inkişafa mane olan əsas faktorlardan biridir. Toplumun mütərəqqi inkişafına mənfi təsir göstərir, iqtisadi və sosial tərəqqiyə ciddi təhlükə yaradır, insan hüquq və azadlıqlarının pozulmasına gətirib çıxarır. Korrupsiyanın mövcud olması milli və ümumbəşəri dəyərlərə xələl gətirməklə yanaşı, demokratik və hüquqi dövlət strukturuna zərbə vurur. Korrupsiya halları dürüstlük, ədalət dəyərlərinə ziddir və zamanla sosial inamı azaldır, cəmiyyətin rifahını təhdid edir, sosial-iqtisadi inkişafa mane olan cinayət əməli kimi qiymətləndirilir.

 

Ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin davamlı olmasını təmin etmək, rüşvətxorluğa şərait yaradan halların qarşısının alınması məqsədi ilə islahatlar aparılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Fəaliyyət Planının bu istiqamətdə əsas hədəfləri dövlət strukturunda idarəetmə mexanizmlərinin inkişafı, özəl sektorda beynəlxalq standartlar çərçivəsində anti-korrupsiya mühitinin formalaşdırılması, qanunvericilik bazasının mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsinin təmin edilməsidir. Həmçinin, Milli Fəaliyyət Planı ayrı-ayrı fəaliyyət istiqamətli qurumları korrupsiyaya qarşı mübarizə üsullarını birləşdirməyə xidmət edir.

 

Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar arasında təhsil sahəsinin inkişafına yönələn dövlət proqramları və layihələrin həyata keçirilməsi də mühüm yer tutur. Bunun nəticəsində təhsil sektoru müasir tələblərə cavab verən struktur forması üçün ciddi addımlar atır. Bundan savayı, bu istiqamətdə görülən mütərəqqi siyasətə kölgə sala biləcək qanunsuz hərəkətlərə qarşı cəza tədbirləri genişlənməkdədir. Təhsil sistemindəki korrupsiya və digər zərərli hallara qarşı mübarizə Elm və Təhsil Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindəndir. Bu yöndə təhsil müəssisələrində bir sıra maarifləndirici tədbirlər, layihələr keçirilir, monitorinqlər aparılır. Həyata keçirilən layihələr şagirdlərə bilik verməklə yanaşı, onlarda korrupsiya hallarından qaçmaqla bağlı ünsiyyət bacarıqlarını yaratmaq, təkmilləşdirmək, korrupsiyaya dair düşüncələrində mənfi fikirlər formalaşdırmaqdır. Korrupsiyanın insanın şəxsiyyətinin, əxlaqi-mənəvi dəyərlərin, etik davranışların zədələnməsində rolu böyükdür və buna görə də şagirdlərə bunu aşılamaq məqsədilə müxtəlif üsullardan istifadə edilir, onların təfəkkürlərində anti-korrupsiya imici yaradılır.

 

2003-cü ildə BMT-nin təşəbbüsü ilə yaradılan Korrupsiyaya qarşı Beynəlxalq Mübarizə Günü hər ilin 9 dekabr tarixində qeyd edilir. Dünyanın bir  sıra ölkələrində bu günə həsr olunmuş nümayişlər, görüşlər, konfranslar, seminarlar və digər tədbirlər keçirilir. Ölkəmizdə də bu istiqamətdə, xüsusilə də təhsil sektorunda çoxlu işlər görülməkdədir. Bunlardan biri Baş Prokurorluq və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Ümumdünya Korrupsiyaya qarşı Mübarizə Gününə həsr olunan “Korrupsiyaya yox deyək!” adlı V-XI sinif şagirdləri arasında respublika rəsm müsabiqəsidir. 2 mərhələdən ibarət müsabiqənin 1-ci mərhələsi 3-20 noyabr, 2-ci mərhələ isə 20-5 dekabr tarixlərində keçiriləcək. Bu kimi müsabiqələrin keçirilməsində əsas məqsəd ondan ibarətdir ki, uşaq və gənclər korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik sahəsində maariflənsin, asudə vaxtlarını səmərəli keçirsin və informasiya əldə etməyə, araşdırmağa, təhsildə yaradıcılığa səy göstərsinlər.

 

Eyni zamanda, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə əlaqədar aparılan genişmiqyaslı tədbirlər çərçivəsində vətəndaşların bu sahədə müraciətlərinin qəbulu işini genişləndirmək məqsədilə lazımi işlər görülməkdədir. Elm və Təhsil Nazirliyinin 2002-2003-cü tədris ilindən əsası qoyulan “Qaynar xətt” xidmətinin fəaliyyəti ildən-ilə daha da təkmilləşir, vətəndaşların problemləri ilə bağlı müraciətlərin qəbulu təxirə salınmadan aparılır, onlara operativ baxılır. “Qaynar xətt” xidmətinə daxil olan şikayət xarakterli müraciətlər araşdırılır, onların başvermə səbəbləri aşkar edilir. Tez bir zamanda problemlərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Zənglərin anonimliyinə baxmayaraq, orada göstərilən faktların həqiqətə uyğun olub-olmaması yoxlanılır. Şikayətçidən maksimum dərəcədə xüsusi məlumatlar əldə edilir, müvafiq tədbirlər görülərək müraciət müəlliflərinə cavab verilir. 146 saylı “Qaynar xətt”in əlaqə mərkəzlərinə olan zənglər Elm və Təhsil Nazirliyinin korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupunun əməkdaşları tərəfindən qəbul olunur. Müraciətlər araşdırıldıqdan sonra işində nöqsan aşkarlanan təhsil müəssisəsi rəhbərlərinə və əməkdaşlarına ilkin şərt kimi intizam tənbehi tədbirləri tətbiq edilir. Belə ki, “Qaynar xətt” xidmətinin işi barəsində, bir qayda olaraq, ictimaiyyətə məlumat verilir, il ərzində nazirlikdə onun fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilir.

 

Bəzi məktubların məzmunu göstərir ki, təhsil müəssisələrində bir neçə bayramlarla bağlı xoşagəlməz hallar baş verir və bu, korrupsiya kimi dəyərləndirilir. Xüsusilə, Müəllimlər Günü və 8 Mart- Beynəlxalq Qadınlar Günü ərəfəsində belə xarakterli şikayətlər gəlir. Nazirlik hər il bayramlardan öncə öz mövqeyini bildirərək bu kimi halların qəti yolverilməzliyini ictimaiyyətə çatdırır. Elm və Təhsil Nazirliyi tərəfindən bu cür faktlar aşkarlanan məktəb rəhbərlərinə ciddi tapşırıq, töhmət verilir, işindən kənarlaşdırılır.

 

Cəmiyyət olaraq bu və ya digər formada korrupsiya hallarına qarşı birgə mübarizə aparmalıyıq!

 

Tünzalə QULİYEVA