Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Tullantısız dünya” proqramı çərçivəsində Azərbaycanda ilk dəfə olaraq tullantıların azaldılması üzrə hakatonun təqdimatı keçirilib.

 

Karyera Mərkəzinin təşkilatçılığı, ASAN xidmət, “ASAN Könüllüləri”,"Coca-Cola"nın birgə əməkdaşlığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə keçirilən təqdimatda ASAN-ın əməkdaşları Zəhra Həşimova və Günel Qurbanova "Recyclaton" hakatonu barədə məlumat veriblər. Bildiriblər ki, hakatonun keçirilməsinin məqsədi tullantıların azaldılması və təkrar emala cəlb edilməsini təşviq etmək, bu istiqamətdə məlumatlandırma mexanizmi hazırlamaqla ekoloji dayanıqlılığa nail olmaqdır.

 

UNEC-in Karyera Mərkəzinin direktoru Aytac Rzayeva tələbələrə hakatonun keçirilməsi qaydaları barədə məlumat verib. Layihə konseptlərinin sahəvi mentorların dəstəyi ilə prototip (MVP) halına salınaraq münsiflər tərəfindən dəyərləndiriləcəyini və ən yaxşı prototip təklif edən komandalara nominasiyalar üzrə pul mükafatlarının veriləcəyini qeyd edib.

 

Tədbirin sonunda könüllülərə iştirak üçün qeydiyyatla bağlı dəstək göstərilib.