Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filial (1989-1992-ci illər)


BU ilin iyun ayının 8-də Türk Dünyasının “Məkkəsi” adlandırılan Şuşada olarkən ulu öndər Heydər Əliyevin şəhər haqqında dediklərini xatırladım: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

 

Bu tarixi abidəni - Qarabağın tacı olan  Şuşa şəhərini  seyr etdikcə bir daha yəqin etdim ki, Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Və yenə də Ulu Öndərin “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” - fikrini xatırladım...

 

***

 

Ermənilər  Şuşa şəhərini işğal etməklə Azərbaycan xalqının maddi-mənəvi, mədəni irsinə, illərlə formalaşmış təhsil infrastrukturuna  ağır zərbə vurdular. Dağıntıya məruz qalan təhsil ocaqlarından biri də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialı oldu. Şuşa filialı Xankəndi Pedaqoji İnstitutunun Azərbaycan şöbəsi əsasında yaranmışdı. Bəs Xankəndi Pedaqoji İnstitutu özü necə və hansı məqsədlə yaradılmışdı?

 

Pedaqoji İnstitutun Xankəndi filialı

 

Xankəndi Pedaqoji İnstitutu ADPİ-nin 1968/69-cu tədris ilindən fəaliyyətə başlayan Xankəndi filialı əsasında təşkil olunmuşdu. Filialın təşkilində əsas məqsəd Azərbaycanın qədim və əzəli torpağı olan Qarabağ bölgəsindəki  Azərbaycan və erməni məktəblərini yüksəkixtisaslı müəllim kadrları ilə təmin etmək idi. İlk vaxtlar Filologiya, Tarix və Fizika-riyaziyyat fakültələrində  8 ixtisas (Azərbaycan dili və ədəbiyyatı, erməni dili və ədəbiyyatı, riyaziyyat, riyaziyyat əlavə fizika,  fizika, tarix, ümumi texniki fənlər və əlavə fizika) üzrə kadr hazırlanırdı. İlk tədris ilində filiala 245 tələbə qəbul olundu. Təlim Azərbaycan və erməni dillərində aparılırdı. 1972-ci ildə  4 fakültədə, 30 qrupda 720 nəfər tələbə təhsil alırdı. Onların təhsil-tərbiyəsi ilə 50-yə yaxın müəllim məşğul olurdu. Pedaqoji İnstitutun professor-müəllim heyəti  müntəzəm olaraq Xankəndi filialına  tələbə qəbulu aparmağa, mühazirə oxumağa, dövlət imtahanlarında iştirak etməyə ezam olunurdu. Filialın müəllim və tələbələri Pedaqoji İnstitutla sıx əlaqə saxlayır, müxtəlif konfranslarda və tədbirlərdə iştirak edirdilər.

 

Pedaqoji İnstitutun  yarıməsrlik yubileyi münasibəti ilə 5-7 aprel 1972-ci ildə institutun əsas binasında (indiki Sahil korpusu) Xankəndi filialı günləri keçirilmişdi. Tədbirdə institutun rektoru professor Həşim Ağayev, institut partiya komitəsinin katibi İ.Süleymanov, Filologiya fakültəsinin dekanı, professor Afad Qurbanov, institut komsomol komitəsinin katibi Rəcəb Əliyev çıxış edərək ali məktəbin 50 ildə qazandığı  tədris və elmi uğurlarından bəhs etmişdilər.

 

Xankəndi Pedaqoji İnstitutu

 

28 noyabr 1973-cü ildə  filialın bazasında müstəqil Xankəndi Pedaqoji İnstitutu təşkil edildi. İnstitutda Azərbaycan, erməni və rus məktəbləri üçün müəllim kadrları hazırlığı həyata keçirilirdi. 1973-1988-ci illərdə Xankəndi Pedaqoji İnstitutunda 3 minə yaxın müəllim hazırlanmışdır. 1974-1988-ci illərdə professor Nəcəf Quliyev institutun prorektoru vəzifəsində çalışmışdır.  1988-ci ildə Xankəndi Pedaqoji İnstitutunda 10 kafedrada 102 müəllim çalışırdı ki, onlardan da  4 nəfəri elmlər doktoru, professor, 36 nəfəri elmlər namizədi, dosent idi. Aspirantura hazırlığı keçən 17 gənc tədqiqatçı dissertasiya müdafiəsi ərəfəsində idi.

 

Qarabağda erməni qiyamı

 

1988-ci ildə Qarabağda baş verən erməni qiyamının ilk zərbəsi  Xankəndi Pedaqoji İnstitutunun Azərbaycan şöbəsinin pedaqoji kollektivinə dəydi. Azərbaycan torpağı olan Qarabağın  dağlıq hissəsində yaşayan ermənilərin ərazi iddiaları ilə çıxış etmələri Xankəndi Pedaqoji İnstitutunda tədris prosesinin pozulması ilə nəticələndi. Xankəndi Pedaqoji İnstitutunun azərbaycanlı  professor-müəllim və tələbə kollektivi  erməni millətçilərinin əməllərinin, məkrli planlarının həyata keçirilməsinə  maneçilik törətdiyindən onlara ciddi fiziki və mənəvi  təzyiq göstərilirdi. Ölüm təhlükəsi ilə üzbəüz qalan institutun Azərbaycan şöbəsinin müəllim və tələbələri 1988-ci il mayın 16-da erməni silahlıları tərəfindən Xankəndindən qovuldu. Pedaqoji kollektiv Şuşa şəhərində müvəqqəti sığınacaq tapdı. Şuşa Mədəni- Maarif Texnikumunun tədris binası və yataqxanasında yerləşdirildi. 26 iyun 1998-ci ildə texnikumun binasında Şuşa ictimaiyyəti ilə görüşən Xüsusi İdarəetmə Komissiyasının sədri A.Volski növbəti tədris  ilində tələbələrin Xankəndi Pedaqoji İnstitutuna qaytarılacağı haqqında söz verdi.

 

Erməni iddialarının genişlənməsi

 

Erməni iddialarının getdikcə genişlənməsi problemin tezliklə həllinə şübhə yaradırdı. Azərbaycanlı tələbələrin yenidən Xankəndi Pedaqoji İnstitutuna qayıdaraq ermənilərlə birlikdə  təhsil alması qeyri-mümkün idi. 14 oktyabr 1988-ci ildə SSRİ Nazirlər Sovetinin sədri N.Rıjkov Xankəndi Pedaqoji İnstitutunun  fəaliyyətinin müvəqqəti dayandırılması haqqında qərar verdi. Bununla əlaqədar olaraq SSRİ Xalq Təhsili Komitəsinin sədr müavini Q.F.Qusev 17 oktyabr 1988-ci il tarixində 6 maddədən ibarət  382 saylı qərar verdi. Qərarda Azərbaycan və Ermənistan xalq təhsili nazirlərinə tapşırıldı ki, Xankəndi Pedaqoji İnstitutunun 2 il müddətinə müvəqqəti olaraq bağlanması ilə əlaqədar institutun tələbələri həmin ilin noyabrın 1-nə kimi Azərbaycanın Gəncə, Ermənistanın Yerevan, Leninakan və Kirovakan pedaqoji institutlarına köçürülsünlər. Erməni şöbəsi qərara etinasız yanaşaraq öz fəaliyyətini Sovet Azərbaycanının 60 illiyi adına Xankəndi Pedaqoji İnstitutunda davam etdirdi. Azərbaycan Xalq təhsil naziri Müslüm Məmmədov Azərbaycan şöbəsi tələbələrinin bir hissəsinin Gəncə, digər hissəsinin isə Naxçıvan  pedaqoji institutlarına köçürülməsi qərarına gəldi. İki yerə bölünmə ilə bağlı kollektivin (kollektivə müvəqqəti olaraq Raqub Kərimov rəhbərlik edirdi) ciddi etirazından sonra 100 nəfərlik professor-müəllim kollektivi və   1200 nəfər  tələbə Gəncə Pedaqoji İnstitutuna köçürüldü. Müəllim və tələbələrin Gəncə Pedaqoji İnstitutuna köçürülməsi ilə bağlı Azərbaycan Xalq təhsil naziri Müslüm Məmmədov18 oktyabr 1988-ci ildə  6 maddədən ibarət 121 saylı qərar verdi və köçürülmə ilə bağlı komissiya  (14 nəfərdən ibarət) yaratdı. Komissiyanın sədri  nazir müavini Y.İ.Korotkov, müavin isə B.A.Xankişiyev idi.

 

Tələbələrin Gəncə Pedaqoji İnstitutuna köçürülməsi

 

Həmin dövrdə Gəncə Pedaqoji İnstitutuna Qurban Qurbanov rəhbərlik edirdi. O, Şuşadan gələn tələbələrin Gəncə Pedaqoji İnstitutuna yerləşdirilməsi ilə bağlı 22 oktyabr 1988-ci il tarixli 5/199 saylı əmr imzaladı. Tələbələr həmin ilin noyabrın 25-də Gəncədə tədrisə başladılar. Bir ilə yaxın Gəncədə fəaliyyət göstərən  pedaqoji kollektivin təkidli tələbi ilə şöbənin Şuşaya köçürülməsi qərara alındı.1989-cu il oktyabrın 25-də pedaqoji kollektiv Şuşaya köçürüldü. Bir gün sonra dərslər başlandı. Müəllim və tələbələrin Şuşaya köçürülməsində dosent Raqub Kərimovun, dosent Ənvər Əhmədin, dosent Mayıl Alıcanovun,  dosent Zəfər Hüseynovun, dosent Mirələm Vəliyevin, dosent Süleyman Zeynalovun  mühüm xidmətləri oldu.

 

ADPU-nun Şuşa fakültəsi

 

Azərbaycan SSR Xalq təhsili naziri R.Feyzullayevin 1 noyabr 1989-cu il tarixli 1160 saylı əmrinə əsasən Şuşada Azərbaycan Pedaqoji İnstitutunun Şuşa fakültəsi  yaradıldı. Fakültə Şuşa internat məktəbinin bazasında  yerləşdirildi. Fakültənin normal fəaliyyət göstərməsi üçün tədris binası əsaslı təmir edildi. Bu məqsədlə Şuşa rayon Partiya Komitəsi 160 min rubl ayırdı. Xankəndi Pedaqoji İnstitutunun ləğvindən sonra  Gəncəyə  və digər ali pedaqoji məktəbə gedən tələbələr öz fakültələrinə qayıtdı. 15 noyabr 1989-cu ildə ADPİ-nin rektoru, professor S.Aslanovun əmri ilə  tarix elmləri namizədi, dosent Mail Alıcanov fakültənin dekanı, dosent Zəfər Hüseynov dekan müavini təyin  edildi. Professor Nəcəf Quliyev, professor Nazim Axundov, professor Kamil Quliyev, dosent Süleyman Zeynalov, dosent Ənvər Əhməd, dosent Mirələm Vəliyev, dosent Yusif Ağayev, dosent Zabil Bayramov, dosent Şahlar Kərimov, dosent Yusif Fərzəliyev, dosent İnqilab Quliyev, dosent Kazım Mirzəyev, dosent İslam Həşimov, dosent Raqub Kərimov, dosent Nəsib Şəfiyev, dosent Məhəmməd Hüseynov və b. Şuşa fakültəsində öz fəaliyyətlərini davam etdirməyə başladılar.

 

Xalq Təhsili Nazirliyinin icazəsi ilə fakültədə riyaziyyat, Azərbaycan dili və ədəbiyyat, tarix, ibtidai təhsilin pedaqogikası və metodikası  ixtisasları üzrə pedaqoji kadr hazırlığı davam etdirildi. Nazir R.Feyzullayevin əmri ilə fakültənin strukturunun və ştat cədvəlinin müəyyənləşdirilməsi və əmrə nəzarət Plan-iqtisad idarəsinin rəisi Bəybala Xankişiyevə və Ali təhsil idarəsinin rəisi Misir Mərdanova, fakültənin Əsasnaməsinin hazırlanması ADPU-nun rektoru professor Səlvər Aslanova  həvalə edildi.

 

ADPU-nun Şuşa  fakültəsinin filiala çevrilməsi uğrunda mübarizə

 

Az sonra Şuşa rayon  Partiya Komitəsinin birinci katibi, SSRİ Ali Sovetinin üzvü Vaqif Cəfərov ADPU-nun Şuşa  fakültəsinin filiala çevrilməsi ilə bağlı  Azərbaycan SSR Nazirlər Sovetinin sədri Həsən Həsənova məktubla müraciət etdi.  Məktubda  Şuşa fakültəsinin təşkili üçün zəruri olan tədbirlərin həyata keçirildiyi bildirilir və Şuşa fakültəsinin APİ-nin filialına çevrilməsinə kömək göstərilməsi xahiş olunurdu. Məktubda yazılırdı: “Qarabağa Xalq Yardım Komitəsinin vəsaiti ilə 7 mərtəbəli yataqxananın və əlavə tədris korpusunun tikintisi planlaşdırılır.  Şuşa fakültəsində  riyaziyyat, Azərbaycan dili və ədəbiyyat, tarix, ibtidai təhsilin pedaqogikası və metodikası ixtisaslarında 600-dən artıq tələbə təhsil alır. Fakültədə bir neçə tədris laboratoriyası təşkil olunmuş  və müasir avadanlıqlarla təchiz edilmişdir. Yeni fənn kabinetləri yaradılmışdır. Rektorluq fakültəyə hesablama maşınları vermişdir. 20 min nüsxədən artıq dərslik və dərs vəsaiti alınmışdır. Fakültədə 7 kafedra var. Kafedralarda 36 professor-müəllim fəaliyyət göstərir ki, onlardan da 3-ü elmlər doktoru, professor, 23-ü elmlər namizədi, dosentdir. Xalq Təhsili Nazirliyinin 26 aprel 1990-cı il tarixli 48004-1939 16 saylı əmri ilə qəbul imtahanlarının Şuşa şəhərində keçirilməsinə icazə verilmişdir. Bu məqsədlə APİ-dən fakültəyə ezam olunmuş 2 elmlər doktoru, professorun və 5 elmlər namizədi, dosentin iştirakı ilə  qəbul komissiyası yaradılmışdır. 1990/91-ci tədris ilində Şuşa fakültəsinin əyani və qiyabi şöbələrinə Azərbaycan dili və ədəbiyyat, tarix əlavə sovet hüququ, riyaziyyat, informatika və hesablama texnikasının əsasları, ÜTF və fizika, İbtidai təlim pedaqogikası və metodikası, pedaqogika və psixologiya (məktəbəqədər tərbiyə) ixtisasları üzrə 250 tələbə qəbul olunmuşdur”.

 

Fakültənin dekanı dosent Mail Alıcanov, dekan müavini dosent Zəfər Hüseynov, partiya təşkilatının katibi dosent M.Hüseynov, həmkarlar təşkilatının sədri dosent Y.Ağayev də fakültənin filiala çevrilməsinə köməklik  göstərməsi üçün  Nazirlər Sovetinin sədri Həsən Həsənova məktubla müraciət  etmişdilər. V.İ.Lenin adına ADPİ-nin Şuşa fakültəsinin professor-müəllim heyəti və tələbə kollektivi adından   fakültənin filiala çevrilməsi ilə bağlı Azərbaycan KP MK-nın birinci katibi Ayaz Mütəllibova  müraciət edilmişdi. Fakültənin kollektivi bununla bağlı mətbuatda xeyli yazılar dərc etdirmişdi.

 

ADPİ-nin rektorluğunun Şuşa fakültəsinin filiala çevrilməsi ilə bağlı 13-03/265 saylı  17 mart 1990-cı il tarixli məktubuna Xalq Təhsili Nazirliyi müsbət rəy vermişdir. Nazirliyin Ali təhsil idarəsinin rəisi Misir Mərdanov 28 mart 1990-cı ildə Plan iqtisad idarəsinin rəisi Bəybala Xankişiyevə  ünvanladığı məktubda yazırdı: “V.İ.Lenin adına APİ-nin Şuşa şəhərində fəaliyyət göstərən fakültəsinin maddi-texniki bazasının və professor-müəllim heyətinin bugünkü tələbə cavab verməsini nəzərə alaraq  Nazirliyin Ali təhsil idarəsi Şuşa fakültəsinin V.İ.Lenin adına APİ-nin Şuşa filialına çevrilməsi məsələsinin müsbət həll olunmasını məqsədəuyğun hesab edir”.

 

(Ardı var)

 

Fərrux RÜSTƏMOV,

ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi