Bakıda “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı” keçirilib


Sentyabrın 28-də “JW Marriott Absheron Baku” hotelində “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”nın  açılış mərasimi keçirilib.  Tədbirdə AMEA-nın elmi-tədqiqat institutlarının rəhbərləri, eləcə də 50-yə yaxın ölkəni, müvafiq beynəlxalq təşkilatları və nüfuzlu xarici şirkətləri təmsil edən mütəxəssislər və KİV nümayəndələri iştirak ediblər. GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” (‘EU4Digital: Connecting Research and Education Communities) layihəsi çərçivəsində reallaşdırılan tədbirin keçirilməsində əsas məqsəd tərəfdaş ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsidir.

 

Elm və təhsil yeni inkişaf mərhələsində

 

Konfransı giriş sözü ilə AMEA-nın prezidenti vəzifəsini icra edən  akademik Arif  Həşimov açaraq Azərbaycanın Avro-Atlantik məkana inteqrasiya olunması istiqamətində dövlətimiz tərəfindən uzun illərdir ki, ardıcıl və məqsədyönlü siyasətin həyata keçirildiyini, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və növbəti inkişaf mərhələsinə qədəm qoyduğunu, elm və təhsil kimi mühüm strateji istiqamətləri əhatə etdiyini vurğulayıb.

 

Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında genişspektrli əməkdaşlığın tarixindən bəhs edən AMEA rəhbəri bu əlaqələrin hüquqi əsasının 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə qoyulduğunu, 2004-cü ildən Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərdə yeni bir mərhələnin başladığını diqqətə çatdırıb.

 

Akademik Arif Həşimov dünyada baş verən IV Sənaye İnqilabı nəticəsində bütün fəaliyyət sahələri kimi, elm və təhsil sahələrinin də yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib: “Azərbaycan dövləti ölkəmizdə IV Sənaye İnqilabı texnologiyalarının geniş və effektli tətbiqi ilə bağlı bir sıra addımlar atmaqdadır. Hesab edirəm ki, Azərbaycanın Avropaya inteqrasiyası baxımından bu texnologiyaların imkanlarından istifadə mühüm əhəmiyyət kəsb edir”.

 

A.Həşimov qeyd edib ki, “EaPEC 2022” Azərbaycan elmi ictimaiyyətinin Avropa mühitinə inteqrasiyasını sürətləndirməklə yanaşı, azərbaycanlı alimlərə xarici həmkarları ilə birgə tədqiqatlar aparmağa, layihələr həyata keçirməyə və beynəlxalq elmi əməkdaşlığı möhkəmləndirməyə imkan verəcək.

 

Azərbaycan üçün 4 tövsiyə

 

Sonra çıxış edən GEANT-ın baş direktoru Erik Hayzer “EaPEC 2022” konfransının Azərbaycan elmi və təhsilinin inkişafı baxımından geniş imkanlar açdığını vurğulayıb, tədbirin yüksək səviyyədə təşkilinə görə İnformasiya Texnologiyaları İnstitutuna, eləcə də digər müvafiq qurumlara dərin minnətdarlığını ifadə etdi. O, Azərbaycan dövlətinin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, alim və tədqiqatçılarımızın Avropanın elm və təhsil sahəsindəki resurs və xidmətlərindən daha səmərəli istifadəsinin təmin edilməsi istiqamətində lazımi köməkliyi göstərməyə hazır olduğunu bildirib. Təqdimatında Avropanın bütün tədqiqat  qurumlarını  özündə birləşdirən GEANT-ın fəaliyyət istiqamətləri və təşəbbüsləri barədə  geniş məlumat verən Erik Hayzer  Avropada tədqiqatların həyata keçirilməsi üçün layihələr reallaşdırdığını, üzv ölkələrə bir sıra xidmətlər təklif etdiklərini, 10 min institut, 50 milyon istifadəçini dəstəklədiklərini  diqqətə çatdıraraq Azərbaycan üçün 4 tövsiyəsini  təklif edib: “1.Əmin olmaq lazımdır ki, bütün tədqiqat və təhsil şəbəkəsi Azərbaycanda harmonikləşdirilmişdir. 2.Əmin olmaq lazımdır ki, siz milli infrastruktura investisiya edirsiniz. Bütün elmlər DATA-ya doğru gedir. Ona görə də investisiya qoyun və əmin olun ki, onların xidmətlərə çıxışı vardır, ondan istifadə edirlər. 3. Siz əmin olmalısınız ki, infrastruktur dünyanın digər hissələri ilə yaxşı bağlantı qurmuşdur. Bu, o deməkdir ki, bir layihə dayanan zaman qlobal icmanın üzvü olaraq qalmaqda davam edəsiniz. 4. Hazırda Azərbaycan GEANT şəbəkəsində birləşib, amma siz bütün xidmətlərdən istifadə etmirsiniz. İnvestisiya etsəniz, bu xidmətlərin hamısından istifadə edə biləcəksiniz”.

 

Böyük imkanlar...

 

Konfransda çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov tədbirin Azərbaycan elmi və təhsilinin inkişafı üçün böyük əhəmiyyət daşıdığını söyləyib, dünyada sürətlə inkişaf edən informasiya texnologiyalarının ölkəmizin elm və təhsil sistemi qarşısında yeni tələblər qoyduğunu bildirib. O, belə bir nüfuzlu tədbirin keçirilməsinin Şərq Tərəfdaşlığı ölkələri arasında elm və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından vacibliyini qeyd edib.

 

Konfransın çox əhəmiyyətli mövzuya həsr olunduğunu bildirən nazir müavini qeyd edib ki, müasir informasiya texnologiyaları dünyada çox böyük əhəmiyyət kəsb edən istiqamətdir. Çünki  dünyada informasiyanın həcmi ildən-ilə çox sürətlə artır. Araşdırmalara əsasən son 20 ildə dünyada informasiyanın həcmi əvvəlki illərə nisbətən 3 dəfəyə yaxın artıb. Bu, onu göstərir ki, informasiyanın rəqəmsal formatına çevrilməsi ən aktual vəzifələrdən biridir.

 

F.Qurbanov diqqətə çatdırıb ki, hazırda dünya əhalisinin 4 milyard 500 milyonunun internetə çıxışı var. Bu gün dünyada internetə qoşulan cihazların sayı təxminən 35 milyarddan çoxdur, bu, dünya əhalisindən təxminən 5 dəfə çoxdur. Bu proses çox sürətlə inkişaf edəcək. Araşdırmalara görə, 2025-ci ildə internetə qoşulan cihazların sayı 75 milyarda çatacaq. Təbii ki, belə bir dövrdə hər bir dövlət rəqəmsal texnologiyaların inkişafına çox ciddi diqqət yetirməlidir.

 

Bu inkişafla yanaşı, digər, kibertəhlükəsizlik məsələsi də çox vacib vəzifələrdən biridir.  Kiber cinayətlərin səviyyəsi ildən-ilə artır. Hər bir dövlət bunun qarşısını almaq üçün çox böyük vəsaitlər sərf edir. Proqnozlara görə, 2025 -ci ildə dünya üzrə kiber təhlükəsizliyə təxminən 10 trilyon 500 milyard dollar vəsait xərclənəcək. Bu vəziyyəti nəzərə alaraq hər bir dövlət öz gələcək inkişafını təmin etmək üçün informasiya texnologiyalarının inkişafına xüsusi diqqət yetirməlidir. Nazir müavini əlavə edib ki, ölkəmizdə təhsil sahəsində informasiya texnologiyalarının inkişafına çox ciddi diqqət yetirilir. “Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra bir çox çətinliklərlə üzləşmişdir, İKT -nin lazımı səviyyədə inkişaf etdirilməsi üçün  o qədər də böyük imkanları yox idi. 1993-cü ildə ölkənin büdcəsi cəmi 1 milyard ABŞ dolları idi. Nəzərə alsaq ki, torpaqlarımızın 20 faizi  işğal olunmuşdu,  bir milyona yaxın qaçqınımız var idi. Belə bir şəraitdə,  ölkəmiz yenə də imkan tapırdı və lazımı səviyyədə İKT sahəsini inkişaf etdirirdi. Təhsil sahəsində bu gün orta məktəblərin təxminən 91 faizdən çoxu internetə qoşulub. Ancaq 2015-ci ildə ölkəmizdə məktəblərin internetə qoşulma səviyyəsi cəmi 47 faiz idi.  Cəmi 7 ildə biz bu göstəricini 2 dəfə artırmışıq. 2000-ci illərin əvvəllərində 1062 şagirdə 1 kompüter düşürdü. Belə bir şəraitdə biz təhsilimizi inkişaf etdirmişik. Hazırda bu göstərici 18:1-dir. Bu gün Elm və Təhsil Nazirliyi hədəf qoyub ki, 2 il ərzində biz ümumi sayı 6:1-ə çatdırmalıyıq. Bu, ölkəmizdə elektron təhsil infrastrukturunun müasir tələblər səviyyəsinə çatdırılmasına imkan yaradacaq”.

 

Nazir müavini Aİ-nin iştirakı ilə 2009-cu ildən Şərq tərəfdaşlığı çərçivəsində bir çox layihələrin həyata keçirildiyini bildirib. İqtisadiyat və enerji resursları ilə  yanaşı, elm və təhsil sahəsində də bir sıra layihələrin gerçəkləşdirildiyini və nailiyyətlər qazanıldığını qeyd edən nazir müavini bunun Aİ-nin ölkəmizə dəstəyi ilə bağlı olduğunu vurğulayıb.

 

Uğurlu layihələrdən biri kimi  ERASMUS, TEMPUS  proqramlarını qeyd edən F.Qurbanov əlavə edib ki,  “bu layihələr  akademik mobilliyin çox sürətlə inkişaf etməsinə imkan verib, biz bir çox nailiyyətlərə nail olmuşuq. Bizim ali məktəblərin tələbə və müəllimləri bu akademik mobillikdən çox yaxşı istifadə edə bilirlər”. Nazir müavini əlavə edib ki, konfransda nümayiş olunan təqdimat bir çox yaxşı imkanlar yaradır ki, ali təhsil, eyni zamanda, bizim elm ocaqları bu platformadan istifadə edərək Avropa məkanına inteqrasiyanı təmin edə bilsinlər. “Bu gün təxminən 21 ali təhsil müəssisəmizin bu platformadan istifadə etmək imkanı var və nəzərə alsaq ki, Avropa İttifaqında  ən güclü elektron resurslar bazası  məhz GEANT  assosiasiyasına aiddir, ona görə də bu platformadan istifadə etmək bizim üçün çox önəmlidir, burada bir çox imkanlar var. Bu müəssisələrin GEANT platformasına daxil olaraq Avropa məkanında olan təhsil və elmlə bağlı  tədqiqatlara çıxışının təmin olunması, hesab edirəm ki, çox böyük imkanlar yaradacaq”,-deyə nazir müavini bildirib.

 

F.Qurbanov sonda konfransın keçirilməsini yüksək dəyərləndirərək təşkilatçılara dərin təşəkkürünü çatdırıb və konfransın işinə uğurlar arzulayıb.

 

Konfransın açılış mərasimində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov  Şərq Tərəfdaşlığı ölkələrinin informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığının əhəmiyyətini vurğulayaraq tədbirin Azərbaycan elmi və təhsilinin dünyanın müvafiq sahədə fəaliyyət göstərən nüfuzlu qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində yeni imkanlar açacağına inamını ifadə edib.

 

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov konfransın elmi-texniki kadrların hazırlanması və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, Azərbaycanda əldə olunmuş mühüm elmi nailiyyətlərin Avropa ictimaiyyətinə təqdim olunması baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

 

Şərq Tərəfdaşlığı ölkələri ilə rəqəmsal və iqtisadi əməkdaşlıq üzrə proqram meneceri Tibault Şarlet  tədbirin tərəfdaş ölkələr arasında əlaqələrin yüksələn xətlə inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

 

“EapConnect” layihəsinin meneceri İrina Metyu isə çıxışında Şərq Tərəfdaşlığı ölkələri arasında elm, təhsil və tədqiqat sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan tədbirin önəmindən danışıb. Konfransın beynəlxalq elmi əməkdaşlığı möhkəmləndirmək baxımından geniş imkanlar yaradacağına inandığını qeyd edib.

 

Konfransda AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev çıxış edərək Azərbaycan Respublikasının 2009-cu ildə Avropa Birliyinin Şərq Tərəfdaşlığı təşəbbüsünə qoşulan ölkələrdən biri olduğunu, bu tərəfdaşlıq çərçivəsində ölkəmizin Avropa Birliyi ölkələri və institutları ilə müxtəlif sferalarda əməkdaşlıq münasibətləri qurduğunu söyləyib.

 

R.Əliquliyev Azərbaycanın 2010-cu ildən GEANT Assosiasiyasında İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet şəbəkəsi vasitəsi ilə təmsil olunduğunu bildirib. Vitse-prezident Azərbaycanda “EaPConnect” layihəsinə 2015-ci ildən start verildiyini deyərək, ötən müddət ərzində bu layihə çərçivəsində həyata keçirilmiş mühüm işləri diqqətə çatdırıb. O, Avropa Komissiyasına, GEANT və “EaPConnect” layihəsinin menecerlərinə göstərdikləri dəstəyə görə dərin minnətdarlığını bildirib. 

 

“Ölkəmizin elm və təhsil ictimaiyyəti “EaPConnect” layihəsinin imkanlarından daha çox yararlana bilərdi”, - deyən akademik Rasim Əliquliyev Azərbaycanda alimlərin, müəllimlərin, tələbələrin qarşısında duran əsas problemlərdən söz açıb, ölkəmizin elm və təhsil ictimaiyyətinin dünya elminə daha sürətli inteqrasiyası istiqamətində konkret təkliflər irəli sürüb.

 

Akademik Rasim Əliquliyev konfransda iki gün ərzində elm və təhsil üçün mühüm önəm kəsb edən, qlobal çağırışlar və rəqəmsal transformasiyalar kontekstində əhəmiyyətli məruzələrin təqdim olunacağını söyləyib, tədbirin işinə uğurlar arzulayıb.

 

Konfrans sentyabrın 29-da öz işini davam etdirib.

 

Oruc MUSTAFAYEV