“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gənc qızların peşə təhsili, fərdi əmək və sahibkarlıq fəaliyyətinə təşviqi” adlı layihəsi çərçivəsində ilk maarifləndirmə görüşünü  Zərdab rayon Ş.Qurbanov adına 2 saylı tam orta məktəbdə keçirib. Görüşdə 33 məktəbli gənc qız iştirak edib.

 

Təşkilatın sədri Vəfa Xəlilli layihə haqqında məlumat verərək bildirib ki, qadınlar savadlı, dünyagörüşlü olmalı, seçdikləri peşələrdə, olduqları sahələrdə lider mövqelərə can atmalıdır:”Qadın cəmiyyətin güzgüsüdür. Çünki o, övlad dünyaya gətirir, böyüdür, tərbiyə edir, bir sözlə, cəmiyyəti formalaşdıran insanı yetişdirir. Odur ki, qadın nə qədər intellektual, peşəkar, özünə inamlı olarsa, onun yetişdirdiyi övlad da bir o qədər cəmiyyət üçün yararlı şəxsiyyət olacaq”.

 

Layihənin məqsədi gənc məktəbli qızları peşə təhsilinə yönləndirmək, onların gələcəkdə karyera qurmalarına və məşğulluq problemlərinin həllinə, gələcək həyatlarında daha səmərəli və risksiz iş əldə etmələrinə kömək etmək, fərdi əmək və sahibkarlıq fəaliyyətlərinə istiqamətləndirməkdən ibarətdir.

 

Qeyd edək ki, layihə 2 ay olmaqla, Zərdab və Ucar rayonlarında həyata keçiriləcək.