Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Məzun günü” keçirilib.

 

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov, millət vəkilləri – Musa Qasımlı, Aydın Mirzəzadə, Hikmət Babaoğlu, YAP Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, “Azneft” İstehsalat Birliyinin baş direktoru Şahmar Hüseynov, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “AzEİ systems” MMC-nin prezidenti İqor Yakovenko, “Prosol” QSC-nin həmtəsisçisi və sədri Babək Ağayev, “Azİİ məzunları” İctimai Birliyinin sədri Hacı Nuran Hüseynov, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Rektor Mustafa Babanlı universiteti bitirən gəncləri əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, layiqli mütəxəssis kimi dövlətinə, xalqına xidmət göstərmələrini tövsiyə edib.

 

Məzunları təbrik edən Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov onlara gələcək həyatında uğurlar arzulayıb. Azİİ-nin bütün dövrlərdə keyfiyyətli təhsili, həmçinin yetişdirdiyi ixtisaslı mütəxəssislərlə tanındığını xatırladan A.Əsgərov bu gün ADNSU-nun bu ənənəni uğurla davam etdirdiyini deyib.

 

Millət vəkili, ADNSU-nun İctimai Etimad Şurasının sədri Aydın Mirzəzadə ADNSU tələbələrinə, onların bilik və bacarıqlarına yaxşı bələd olduğunu söyləyib. O, məzunları, universitetin bütün kollektivini təbrik edərək, gənclərə uğurlar arzulayıb və onlara göstərilən etimadı doğruldacaqlarına ümidvar olduğunu bildirib.

 

Daha sonra universiteti əla qiymətlərlə bitirən tələbələrə fərqlənmə diplomları və xatirə hədiyyələri təqdim edilib. Ən yaxşı məzunların adı simvolik kötüyə həkk olunub.

 

Tədbir universitetin “Gənclik” mahnı və rəqs ansamblının çıxışı, tanınmış müğənnilərin ifaları ilə davam edib.