Şagird sayı 500-dək olan məktəblərə direktor təyinatı Regional Təhsil İdarələri tərəfindən həyata keçiriləcək


Son illər Təhsil Nazirliyinin həyata keçirdiyi uğurlu islahatlardan biri də məktəb direktorlarının mərkəzləşdirilmiş qaydada təyinatıdır. Artıq bir neçə ildir ki, orta ümumitəhsil məktəblərinə direktorların qəbulu müsabiqə yolu ilə həyata keçirilir. Məqsəd obyektivliyin və şəffavlığın qorunması, layiqli namizədlərin təyinatıdır.

 

Elə bu məqsədlə də iyunun 24-dən şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna start verilib. Sənəd qəbulu 30 iyun tarixinədək davam edib. Müraciət etmək istəyən şəxslər zəruri sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin və ona əlavənin, əmək kitabçasının surəti) çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu təhsil idarəsinə təqdim ediblər. Qeyd edək ki, şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul yalnız müsahibə yolu ilə, şagird 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqə (test və müsahibə) yolu ilə Regional təhsil idarələri tərəfindən həyata keçiriləcək.

 

Onu da qeyd edək ki, ötən il üzrə direktorların işə qəbulu üzrə test imtahanlarında müvafiq keçid balı toplamış, lakin müsahibəyə dəvət olunmamış namizədlər müvafiq prosesdə yalnız müsahibə mərhələsində iştirak edəcəklər.

 

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev bizimlə söhbətində bildirib ki, 2022-2023- cü tədris ili üçün Regional Təhsil İdarələrinin tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu bu il ilk dəfə olaraq Regional Təhsil İdarələri tərəfindən həyata keçiriləcək. Regional Təhsil idarəsində bununla bağlı artıq hazırlıqların tamamlandığını da deyən Rüfət Hacıyev onu da qeyd edib ki, şagird sayı 150-dək olan məktəblərin direktoru olmaq üçün test imtahanında iştirak etmək lazım olmayacaq: “Belə müəssisələrin direktoru olmaq istəyən şəxslər test imtahanından azad olunurlar və birbaşa müsahibə mərhələsinə qatılırlar. Şagird sayı 151-500 arası olan məktəblərdə direktor işləmək istəyənlər isə əvvəlcə test imtahanında iştirak edəcək və müvafiq keçid balını topladıqdan sonra ( qeyd edək ki keçid balı 24 - dür ) müsahibə mərhələsinə dəvət olunacaqlar. Müəllimlərin işə qəbulunda və diaqnostik qiymətləndirmədə yüksək bal toplamış namizədlərə üstünlük veriləcək.

 

Biz proseslə bağlı Facebook səhifələri üzərindən ictimaiyyət üçün maraqlı olan sualları cavablandırmışıq, vebinarlar təşkil etmişik. Məqsədimiz obyektiv və şəffav şəkildə layiqli namizədlər seçməkdir”.

 

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev də ilk dəfə idarə tərəfindən keçiriləcək direktorların işə qəbulu ilə bağlı prosesə öz münasibətini bildirib. Bəhruz Mehdiyev onu da nəzərə çatdırıb ki,  Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan ümumtəhsil məktəbləri üzrə direktor vəzifəsinə işə qəbul üçün  müsabiqədə 62 vakant yer elan olunub: “Namizədlər tələb olunan sənədləri artıq Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rayonlar üzrə müəyyənləşdirilmiş sektorlarına təqdim ediblər.30 iyun tarixində etibarən bütün sektorlar üzrə sənədlər Regional Təhsil İdarəsində müvafiq komissiya tərəfindən araşdırılacaq və uyğun namizədlər müsahibə və imtahan mərhələlərinə dəvət olunacaqdır. Müsahibə zamanı namizəd hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndiriləcək. Hər meyar üzrə keçid balı 3 balolacaqdır”.

 

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov bizimlə söhbətində bildirib ki, idarənin tabeliyində fəaliyyət göstrərən 42 ümumi təhsil müəssisəsində direktor vəzifəsi vakansiyaya çıxarılıb. O, həmin məktəblərin 14-nün Bakı şəhərində, 7-sinin Ağcəbədi rayonunda, 4-nün Sumqayıt şəhərində, 4-nün Biləsuvar rayonunda, digərlərinin isə ölkənin müxtəlif bölgələrində müvəqqəti olaraq fəaliyyət göstərdiyini deyib: “Direktor vəzifəsi üzrə müsabiqədə iştirak etmək üçün 100 nəfərə yaxın namizəd öz sənədlərini təqdim etmişdir. 30 iyun 2022-ci il tarixində sənəd qəbulu prosesi başa çatıb.İdarənin müvafiq sektor və şöbələrində namizədlərin uyğunluğu yoxlanılır. Sənədlər araışdılandan sonra müvafiq namizədlər müsahibə mərhələsinə dəvət olunacaq. Proseslə bağlı təhsil ictimaiyyəti arasında maarifləndirici işlər görürük. Çalışırıq ki, namizədlər proseslə bağlı daha dolğun məlumatlara sahib olsunlar. Maksimum dərəcədə layiqli namizədlərin seçilməsini qarşımıza məqsəd qoymuşuq”.

 

Niyazi RƏHİMOV