Naxçıvan Dövlət Universitetində “Məzun günü” keçirilib. Universitetin rektoru Elbrus İsayev bildirib ki, tələbəlik illəri insan həyatında önəmli yer tutur. Həmin dövr gəncliyin xoş günlərini özündə əks etdirməklə yanaşı, hər hansı bir ixtisasa, elmə, biliyə yiyələnmək, gələcəkdə ondan daim yararlanmaq baxımından tələbələrin həyatında böyük izlər qoyur. Qeyd olunub ki, universitetin də məqsədi məhz intellektual, bacarıqlı, vətənpərvər gənclər yetişdirməkdir.  Bu illər ərzində məzunların ictimai həyatda da aktiv olduğunu diqqətə çatdıran rektor vurğulayıb ki, məzunlar təkcə auditoriyada deyil, ictimai işlərdə fəallıq göstərib, universitetin bütün tədbirlərində yaxından iştirak ediblər.  E.İsayev “məzun” adını qazanan bütün tələbələri təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.

        

Mərasimin xüsusi qonaqlarından olan, həmçinin I Beynəlxalq Tibbi Forumun iştirakçısı,  İstanbul Yeditepe Universitetinin rektoru, professor Canan Aykut Bingöl Naxçıvan Dövlət Universitetində olmaqdan və I Beynəlxalq Tibbi Forum çərçivəsində keçirilən “Məzun günü”ndə iştirak etməkdən məmnunluğunu ifadə edib. Canan Aykut Bingöl məzunları təbrik edib, onlara xoş sözlər ünvanlayıb.

           

Vaxtilə Naxçıvan Dövlət Universitetinin məzunu olan, hazırda isə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar qeyd edib ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə gənc nəsillə bağlayır:”Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Həmçinin, dünyanın istənilən ölkəsində gənclər də sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətin islahatlarını hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur. Naxçıvan Dövlət Universiteti də bacarıqlı gənclərin yetişdirilməsində xüsusi rol oynayır”.

        

Vətən müharibəsində qəhrəmancasına vuruşaraq şəhid olan Faiq Qasımovun övladı Zamin Qasımov ali təhsilini məhz Naxçıvan Dövlət Universitetində aldığına görə qürur hissi duyduğunu bildirib, məzun olan bütün yoldaşlarını təbrik edib.

        

Sonra mərasim tələbələrin hazırladığı konsert proqramı ilə davam edib.