Hər birimiz yaxşı bilirik ki, inkişaf etmiş sivil cəmiyyətin əsas əlamətini onun məhz qanunlar əsasında idarəolunması təşkil edir. Belə ki, cəmiyyətin üzvü olaraq bizlər, fərdlər arasında ictimai münasibətlər həyatımızın bütün aspektlərini əhatə etdiyindən həmin münasibətlərin hüquqi cəhətdən nizama salınmasına hər zaman ehtiyac var.                       

        

İnsan hüquqları haqqında nə bilirik?

 

Əslində insan hüquqları insanın sadə ehtiyaclarını əks etdirir. İnsan hüquqları bərabərlik, ləyaqət, hörmət, azadlıq və ədalət haqqındadır. Hər bir insan  ayrı-seçkiliyə məruz qalmamaq, yaşamaq, söz azadlığı, təhsil almaq və digər  hüquqlara malikdir. İnsan hüquqları bütün şəxslər üçün bərabər və daimi , hər bir ölkədəki insanlar üçün eynidir. Yəni,  hər bir fərdin hansı ölkədə doğulmasından və ya  yaşamasından asılı olmayaraq hüquqları bərabərdir. Onlar ayrılmaz, bölünməz və bir-birinə bağlıdır. Bu, o deməkdir ki, onlar heç vaxt insanlardan alına bilməz. Bütün hüquqlar eyni dərəcədə vacibdir və tamamlayıcıdır.

        

Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur. Konstitusiyalarda əsas hüquqların və beynəlxalq razılaşmaların köməyi ilə insan haqları inkarolunmaz  bir hüquq kimi qəbul olunub.

        

Beynəlxalq aləmdə insan haqları BMT-nin  İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi   ilə qanuniləşdirilib. İnsan haqları bir çox hallarda bütün insanların eyni haqqa malik olması ideyasına uyğun şəkildə belə ifadə olunur: "Hər bir insan onun mənsub olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq, təmin edilmiş insan haqlarına və azad olmaq hüququna malikdir".

 

Ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqları ali dəyər kimi

        

Sevindirici haldır ki, bugünkü inkişafı ilə bölgədə və dünyada söz sahibinə çevrilən Azərbaycanda  insan hüquqları sahəsində strateji əhəmiyyətli sənədlərin təsdiqi, bir sıra uğurlu islahatların aparılması insan hüquqlarının müdafiəsi baxımından mühüm təcrübə formalaşdırmasına imkan yaradıb.

        

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Dünya Birliyinin tam hüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul etməklə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçib. Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. İnsan hüquqları sahəsində ölkəmizdə atılan mühüm addımlar ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, respublikamızda insan hüquq və azadlıqlarının qorunmasının əsası Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilən müddəalarla qoyulub. Konstitusiyamız insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirərək, onlara hörməti, insan hüquq və azadlıqlarının qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyən edib. Konstitusiya ölkədə insan hüquq və azadlıqlarının qorunmasının əsasını təşkil edir.

 

Azərbaycan Respublikası Prezidenti  tərəfindən 1998-ci il 22 fevral tarixində "İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman imzalanıb, 1998-ci il 18 iyun tarixli sərəncamla insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı təsdiqlənib. Dövlət proqramı əsasında 2002-ci ildə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) institutu təsis edilib.

 

Ötən illər ərzində Azərbaycan Respublikası insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirib, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxıb və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə edib.

 

1992-ci il martın 2-dən BMT-nin, 2001-ci il yanvarın 25-dən isə Avropa Şurasının üzvü olmuş Azərbaycan çoxlu sayda  beynəlxalq müqavilənin iştirakçısıdır ki, bunların da təxminən yarısı insan hüquq və azadlıqları ilə bağlıdır.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Bu gün insan hüquq və azadlıqlarının Azərbaycan nümunəsi bir çox ölkələr üçün örnəkdir.

 

Dövlət başçısının 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı (MFP), bu planın məntiqi davamı kimi 27 dekabr 2011-ci il tarixli müvafiq sərəncamla ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı  (MFPr) təsdiq edilib.

 

Hüquqlarımızı necə müdafiə edə bilərik?  

       

Sual oluna bilər ki, hüquqlarımızı  necə müdafiə edə bilərik? Təbii ki, hüquqlarımızı bilmək üçün, ilk növbədə hüquq və vəzifələrimizi öyrənməli,   bunlarla bağlı müəyyən bilgilərə sahib olmalıyıq.  Bütün bunlar nəzərə alınaraq məktəblərdə, ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan  uşaq, yeniyetmə və gənclərimizə tədris olunan fənlər  üzrə biliklər verilməklə yanaşı,  onlara mütəmadi olaraq  insan hüquqları barədə  də ətraflı məlumatlar verilir, maarifləndirmə işləri aparılır .

 

İnsan hüquqları təhsili

 

Ölkə başçısı  İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamı ilə hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd edilir. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən həmin əlamətdar gün ərəfəsində mayın 18–dən iyunun 18–dək ölkədə "İnsan hüquqları aylığı"elan edilir. Bununla əlaqədar dövlət və yerli özünüidarə orqanları, elm, təhsil və tibb müəssisələri, vətəndaş cəmiyyəti institutları, o cümlədən qeyri-hökumət təşkilatları tərəfindən  "İnsan hüquqları aylığı" çərçivəsində insan hüquqlarına həsr olunan silsilə tədbirlər təşkil olunur, müxtəlif media orqanlarında  bununla bağlı maarifləndirici yazılar dərc edilir.  

 

Ölkəmizdə insan hüquqları təhsili ilə bağlı müəyyən işlər həyata keçirilib. Belə ki, Azərbaycan  Respublikasının insan hüquqları üzrə müvəkkilinin təşəbbüsü ilə insan hüquqları təhsili istiqamətində "İnsan hüquqları", habelə "Genderə giriş"  fənlərinin müstəqil bir fənn kimi Bakı Dövlət Universitet səviyyəsində tədrisinə nail olunub.  Adıçəkilən universitetdə "İnsan hüquqları üzrə YUNESKO" kafedrası yaradılıb, bakalavr və magistr pilləsində insan hüquqları üzrə kadr hazırlığına başlanılmaqla bu sahəyə elmi yanaşma nümayiş etdirilir. Həmçinin müvəkkilin ümumi redaktəsi ilə “İnsan hüquqları üzrə mühazirələr toplusu” adlı  dərslik də  hazırlanaraq  nəşr edilib.

 

Təhsil müəssisələrində "İnsan hüquqları aylığı"

 

Artıq neçə illərdir ki, Azərbaycan Respublikasında İnsan Hüquqları Günü ərəfəsində  paytaxt Bakının, eləcə də bölgələrimizdəki təhsil müəssisələrində  ölkəmizdə elan olunan  "İnsan hüquqları aylığı" ilə əlaqədar silsilə tədbirlər keçirilir. Mayın 18–dən iyunun 18–dək istər məktəblərimizdə, istərsə də ali və orta ixtisas təhsili  müəssisələrində insan hüquqlarına dair mühazirə, konfrans, seminar, "dəyirmi masa", disput və inşa yazı müsabiqələri təşkil edilir.

        

Aylıq çərçivəsində, həmçinin məktəblərdə  şagirdlərlə "Hüquqlarımızı bilək", "İnsan hüquqları", "İnsan hüquqlarının hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərləri", "İnsan hüquqlarının müdafiəsi" və digər mövzularda söhbətlər aparılır.

        

Tədbirlərdə  ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi diqqətə çatdırılır. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamına əsasən, hər il iyunun 18-nin respublikamızda İnsan Hüquqları Günü kimi qeyd olunduğu vurğulanır.

        

İnsan hüquqlarına həsr olunmuş müxtəlif mövzular üzrə təşkil edilən hüquqi maarifləndirmə tədbirlərində  insan və vətəndaş hüquq, azadlıqlarının qorunması, ona əməl edilməsi, habelə çatışmazlıqların, pozuntuların aşkarlanması, pozulmuş hüquqların bərpası və qarşısının alınması məsələlərinə toxunulur. Eyni zamanda, insan hüquq və azadlıqlarına həsr olunmuş fotostendlərə, şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirilir, onları maraqlandıran suallar cavablandırılır.

        

Artıq bir ənənəyə çevrilən, hər ilin 18 iyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü  ərəfəsində ölkəmizdə "İnsan hüquqları aylığı"nın  elan edilməsinin əsas məqsədi də məhz insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirmək, qazanılmış nailiyyətlər barədə ictimaiyyəti məlumatlandırmaq, mövcud problemlərin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən etmək, habelə əhalinin hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirmək, ayrı-seçkiliyin yolverilməzliyinin zəruriliyini diqqətə çatdırmaqdır.

        

Onu da xüsusi vurğulayaq ki,  hüquqi dövlət quruculuğu yolunu seçmiş ölkəmizdə həyata keçirilən tədbirlər və islahatlar insanlarda hüquqi inamın formalaşmasına, əhali arasında hüquq mədəniyyətinin yayılmasına və bu istiqamətdə bir sıra  uğurlu nəticələrin əldə olunmasına öz  layiqli töhfəsini verməkdədir.   

        

Bəli, bu gün  bizlər öz hüquq  və vəzifələrimizi daha yaxşı öyrənməkdə maraqlıyıq.

 

Samirə KƏRİMOVA