4-cü sinif şagirdi rəsm sərgisi keçirib


“Şuşa İli” çərçivəsində Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının 4-cü sinif şagirdi  Məryəm Mövlamlının “Şuşaya Qanadlanan arzularım” adlı sərgisi keçirilib. Sərgidə balaca rəssamın 30 əsəri nümayiş olunub. Qarabağın adət-ənənələrinin, Qarabağ atlarının əks olunduğu rəsmlər sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb. Məryəm xarici ölkələrdə qatıldığı müsabiqələrdə  də   bir-birinin ardınca uğurlara imza atıb. Müxtəlif  beynəlxalq və respublika əhəmiyyətli müsabiqələrdə  70-dən çox diplom və sertifikat, fəxri fərman, eləcə də mükafatlar qazanıb.  O, “Zəfər Günü”nə həsr olunan “Könlüm keçir Qarabağdan” adlı I Respublika rəsm müsabiqəsində də uğur əldə edib.  “Nizami Gəncəvi İli”çərçivəsində Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Nizami Gəncəvi əsərləri təsviri sənətdə” adlı onlayn respublika baxış-müsabiqəsində I yerə layiq görülüb. Xüsusi istedada malik olduğu üçün dövlət tərəfindən ona fərdi müəllim ayrılıb, hər gün müəllimdən dərs alır, rənglərin sehirli aləmini daha dərindən dərk etməyə çalışır.