İna Mullis: “Müəllimin başlıca vəzifəsi tədris etməkdirsə, ikinci vəzifəsi qiymətləndirmə aparmaqdır”


“Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti qonağı TIMSS və  PIRLS Beynəlxalq Təhsil Mərkəzinin icraçı direktoru, təhsildə qiymətləndirmə üzrə dünya şöhrətli professor İna Mullis qiymətləndirmə prosesində əldə etdiyi uğurları paylaşıb. Belə ki, Təhsil Nazirliyinin dəstəyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən  “Yeni çağırışlar” proqramının 7 iyun 2022-ci il tarixində yayımlanan bölümündə İna Mullis ilə təhsildə qiymətləndirmə barədə danışılıb.

 

“T-Network”un koordinatoru, təhsilin idarə olunması üzrə mütəxəssis Cəfər Mənsiminin təqdimatında davam edən proqram Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Mətin Axundlunun tərcüməsi ilə Azərbaycan dilində canlı yayımlanıb.

 

Erkən yaşlardan qiymətləndirmə

 

Proqramın girişində aparıcı Cəfər Mənsimi qonağı salamlayaraq təhsildə qiymətləndirmə mövzusunun müzakirə ediləcəyini diqqətə çatdırıb. Aparıcının qonağa verdiyi ilk sual “İnsan nə vaxt özünü qiymətləndirməyə başlayır? Siz özünüzü necə və nə vaxtdan qiymətləndirməyə başladınız? Özünüzü qiymətləndirmə nəticəsində nə qərara gəldiniz?” olub. Proqramda qonaq olduğundan məmnunluğunu bildirən xanım professor qeyd edib ki, özünü qiymətləndirmə prosesi erkən yaşlardan, insanların yaşadığı mühitdən, evdən, məktəbdən, həmyaşıdları, müəllimləri ilə olan münasibətdən başlayır: “Özünü qiymətləndirmə qarşılıqlı refleksiya hissidir, bu zaman qarşılıqlı refleksiya baş verir - bizim ətrafı necə qavramağımız və bizə qarşı olan refleksiya”. İna Mullis özünü qiymətləndirməyə uşaq yaşlarından başladığını qeyd edib, digərlərinin onun haqqında düşüncələri onda müsbət ab-hava yaratdığını yada salıb: “Mən özümü həmişə müsbət qiymətləndirmişəm, çünki bilirdim ki, öz üzərimdə işləyirəm. Yəqin siz də o hissləri yaşamısınız”. 

 

Təhsildə əsas ideya

 

Təhsildə təbliğ etdiyi əsas ideyalardan danışarkən professor qeyd edib ki,  qiymətləndirmə və təhsildə əsas ideya digər ölkələrin nailiyyətləri fonunda özünü dəyərləndirmə imkanının əldə olunmasından, müqayisə nəticəsində inkişafa nail olmaqdan ibarətdir. İna Mullis beynəlxalq qiymətləndirmə prosesini dəstəkləmək və insanları bu prosesə təşviq etmək məqsədini daşıdığını önə çəkib.

 

TIMSS və PIRLS proqramlarının həyata keçirilməsinin hansı ehtiyaclardan yaranması məsələsinə aydınlıq gətirən icraçı direktor bu prosesin onun vətəni ABŞ-dan başladığını deyib. Qonaq xatırlayıb ki, o zamanlar ABŞ-ın təhsil sisteminin dünyada ən mükəmməl olduğunu düşünürdülər, digər ölkələr isə öz təhsil sistemi haqqında bu fikirdə idilər. Bunu yoxlamaq qərarına gələrək belə bir qiymətləndirmə sistemi yaradıldı və nəticə hər kəsi çox təəccübləndirdi. Belə ki, ABŞ qiymətləndirmə siyahısında nəinki birinci sıralar, əksinə, uzaq pillələrdə yer alaraq digər ölkələrdən geri qalırdı. Həmin vaxtdan hər 4-5 ildən bir belə qiymətləndirmə həyata keçirmək qərarı verilib və TIMSS proqramının yaranması zərurəti buradan irəli gəlib.

 

İna Mullis bildirib ki, qiymətləndirmə proqramları özlərində bir çox çağırışları əks etdirir. TIMSS və PIRLS Beynəlxalq Qiymətləndirmə Proqramında əsasən ən yaxşı nəticə göstərən ölkələrin Şərqi Asiya dövlətləri olduğunu diqqətə çatdıran İna Mullis səbəb olaraq onu göstərib ki, bu dövlətlərdə çox ciddi kurikulum mövcuddur, həmin kurikulumu icra etmək üçün yaxşı təlim görmüş hazırlıqlı müəllimlər yetişdirilir, müəllimləri hazırlamaq, kurikulumu tədris etmək, təkmilləşdirmək üçün kifayət qədər vaxt və resurslar ayrılır. Şərqi Asiya ölkələrində qeyd olunan şərtlərin hamısı vəhdət şəklində yüksək səviyyədə təmin olunub. Nəzərə almaq lazımdır ki, bütün bunlar çox böyük səy və zəhmət tələb edən məsələlərdir.

 

Dəqiq kurikulum

 

Cəfər Mənsiminin “Azərbaycan 2011-ci ildən TIMSS və PIRLS Beynəlxalq Qiymətləndirmə Proqramının iştirakçısıdır. Bu proqramda Azərbaycanın nəticələrinin yaxşılaşdırılması üçün təhsil işçilərinə nə tövsiyə edərdiniz?” sualına cavabında xanım qonaq qeyd edib ki, oxu, təbiət elmləri göstəriciləri kifayət qədər yaxşı olmasa da, riyaziyyat elmi ilə bağlı son illər Azərbaycan ciddi irəliləyişə nail olub. Azərbaycanın TIMSS və PIRLS Beynəlxalq Qiymətləndirmə Proqramında yaxşı nəticələrin əldə olunması uğrunda atdığı qətiyyətli addımlara inandığını dilə gətirən professor bu yolda kompleksli və sistemli yanaşma olmasını, dəqiq və əhatəli kurikulum yaradılmasını, həmin kurikulumun kifayət qədər hazırlıqlı müəllimlər tərəfindən icra olunmasını tövsiyə edib. Dəqiq kurikulum dedikdə, İna Mullis, ilk növbədə, yaxşı təməl, materialların passiv mənimsənilməsi deyil, düşünülmüş şəkildə əldə olunan biliyin tətbiqini, kurikulumun tədrisində şagirdlərdən problemin həllini tələb etməyi, düzgün təlimatlandırılmağı nəzərdə tutduğunu bildirib.

 

Qiymətləndirmədə boşluq

 

Aparıcının “Mövcud qiymətləndirmə sistemində hansı çatışmamazlıqları müşahidə edirsiniz?” sualına cavab olaraq İna Mullis qeyd edib ki, TIMSS və PIRLS qiymətləndirmə sistemi ölkələrə nailiyyətlərini digərlərilə müqayisə etməyə, çatışmayan cəhətlərin sezilməsinə imkan verir. Azərbaycanda müxtəlif qiymətləndirmə yanaşmalarının nəzərdən keçirilməsindən, formativ və summativ qiymətləndirmənin xüsusi qeyd olunduğundan xəbərdar olduğunu bildirən professor vurğulayıb ki, hansı qiymətləndirmə olmasına baxmayaraq əsas məqsəd göstəricilərin müqayisə edilməsi, nəticələrdən faydalanmaq, boşluqların düzgün aşkar edilməsindən ibarət olmalıdır.

 

Müasir rəqəmsallaşma dövründə texnologiyaların bir çox qapıları açdığını dilə gətirən qonaq TIMSS və PIRLS proqramında rəqəmsallaşmanın yaratdığı imkanlardan istifadə edildiyini, texnologiyalar vasitəsilə qiymətləndirməni daha da iştirakçı, maraqlı və motivasiyalı etdiklərini vurğulayıb. Professor bildirib ki, rəqəmsallaşmanın köməyilə artıq şagirdlərin verdiyi cavablarla yanaşı bu nəticəyə necə gəldiyini müşahidə etmək, problemləri necə həll etdiklərini görmək mümkündür.

 

Davamlı qiymətləndirmə 

 

Təhsildə qiymətləndirmə nə vaxtdan və necə başlamalıdır məsələsinə toxunan professor qeyd edib ki, əslində qiymətləndirmə çox erkən, tədrisin əvvəlindən başlamalıdır. İ.Mullisin fikrincə, müəllimin başlıca vəzifəsi tədris etməkdirsə, ikinci vəzifəsi qiymətləndirmə aparmaqdır. Müəllim təqdim etdiyi bilik və tapşırıqların şagirdlər tərəfindən nə dərəcədə mənimsədildiyinə əmin olmaq üçün mütləq qiymətləndirmə aparmalıdır. Eyni zamanda qonaq bildirib ki, müəllimin uşaqlara nəyi başa salacağı, çatdıracaqları haqqında təlimat məqsədləri olmalıdır. Professor, həmçinin, sinif otağında mütləq olaraq əks-rabitənin qurulmasına, müzakirə və diskussiyaların aparılmasına diqqət çəkib, tədqiqat layihələrinin, testlərin, yeni texnologiyalardan istifadənin də vacibliyindən bəhs edib.

 

Əks-əlaqə prinsipinin qurulması, onun icra olunmasının önəmliliyi barəsində danışan professor qeyd edib ki, bu sistem nə qədər mütəşəkkil və doğru qurularsa, məktəblər, institutlar, təhsil müəssisələri və nazirlik arasında əks əlaqələndirmə prosesi bir o qədər yaxşı olar.      

 

Müəllimlərin necə qiymətləndirilməsinə gəlincə, İna Mullis hesab edir ki, şagirdlərin qiymətləndirilməsində istifadə olunan eyni prinsip müəllimlərin də qiymətləndirilməsində tətbiq edilə bilər. Qonaq müəllimlərin kurikulumu nə dərəcədə mənimsəməsi, kurikulum üzrə bilik və savadlılığının aşkarlanması məqsədilə davamlı olaraq qiymətləndirilmədən keçməsinin vacibliyini vurğulayıb.

 

İna Mullis məktəb qurarsa...

 

Bir çox ekspertlərin şagirdlərin məktəblərdə sıxılması ilə bağlı səsləndirdiyi fikirləri təsdiqləyən xanım Mullis belə bir halın qiymətləndirmə prosesində də müşahidə edildiyini deyib. Bu məsələnin çözülməsi məqsədilə professor qiymətləndirmələrin daha interaktiv təşkil edilməsini məsləhət görüb, şagirdi daha müasir və maraqlı şəkildə təhsil prosesinə cəlb etməyi tövsiyə edib. 

 

Professor İ.Mullis məktəb qursaydı onu digərlərindən fərqli edəcək məqamları sadalayarkən qeyd edib ki, onun xəyal etdiyi məktəbdə təbiət elmlərinə aid laboratoriyalar olardı, həmin laboratoriyalarda müxtəlif tədqiqat və testlər aparılması üçün geniş imkanlar yaradılardı, gözəl bağa sahib olmaqla orada dayanıqlı inkişaf, biologiya ilə bağlı praktiki biliklər əldə etmək üçün şərait olardı, avadanlıqlarla təchiz olunmuş musiqi və incəsənət auditoriyaları, fiziki fəaliyyət zalları qurulardı, şagirdlər  icmalarda müxtəlif fəaliyyətlərə cəlb olunardılar və s. Qonaq qeyd edib ki, bütün bu sadalananlar resurs tələb edir və heç də dünyanın bütün məktəblərində belə resurs çeşidi yoxdur. Professorun fikrincə, şagirdlər üçün mümkün qədər geniş resursa, seçimə malik olan məktəblər yaratmaq lazımdır.

 

Dəstəkləyici məktəb mühiti

 

Məktəblərdə şagirdlərin məmnunluq səviyyəsini yoxlamaq üçün İna Mullis öncə təhsil müəssisələrində təhlükəsizliyə, daha sonra müəllimlərin, inzibatçıların, valideynlərin məktəbdən yüksək gözləntilərinə (yəni şagirdlərin məktəbdən ən yüksək nəticə əldə edəcəyinə güvən olmalıdır), şagirdlərin müəllimlərin təlimatlarını və tapşırıqlarını nə dərəcədə başa düşməsinə, təlimatların aydınlığına, şagirdlərin narazı qaldıqları məqamlara, gileylərinə diqqət yetirməyi tövsiyə edib. Professor deyib: “Məktəb mühiti dəstəkləyici olmalıdır, görünməlidir ki, məktəb tədrisə məhəl qoyur. Şagirdlər böyüdükcə və kurikulum çətinləşdikcə çox sayda şagirdin materialın aydın şəkildə izah edilməməsindən şikayətləndiyini müşahidə edirik. Materialın mürəkkəbliliyi şagirdin yaşına görə proporsional dəyişmir, daha çətinləşir, bunun da öhdəsindən gəlmək üçün müəllimlərə kömək lazımdır”.

 

8 guşəli yeni çağırışlar

 

Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?" sualına cavab olaraq İna Mullis aşağıdakı çağırışları səsləndirib: “1.Gözləntiləri mümkün qədər yüksəkdə saxlamaq, yəni bizim təhsil sistemindən gözləntilərimiz yüksək olmalıdır; 2.Təməl bacarıqlara diqqət olmalıdır, söhbət oxu, riyaziyyat və qoyulan problemləri həll etmək üçün məntiqdən, düşüncədən gedir; 3.Tədris prosesi kifayət qədər iştirakçı və maraqlı olmalıdır; 4.Verilən təlimatlar, məqsədlər aydın olmalıdır; 5.Müəllim sinifdə olan çeşidli şagird auditoriyasına adaptasiya olmalı, uyğunlaşmalıdır, sinif müxtəlifliyindən faydalanmaq lazımdır; 6.Bütün şagirdlərin nailiyyətlərini monitorinq etmək, qiymətləndirmək lazımdır və burada fərdi yanaşma olmalıdır; 7.Müəllimlərin mütəmadi olaraq təlimləndirilməsi və ixtisasartırması təşkil edilməlidir; 8.İnzibatçıların, məktəb direktorlarının mütəmadi olaraq təlimləndirilməsi və ixtisasartırması həyata keçirilməlidir”.

 

Görüşün sonunda “T-Network”un koordinatoru Cəfər Mənsimi dəyərli zamanını ayırdığı üçün qonağa, eləcə də yeni çağırışları dəstəkləyən hər kəsə dərin minnətdarlığını bildirib, “əsas çağırışlardan birinin də hər kəsin bənzərsiz olduğunu qəbul etməkdir” fikri ilə proqramın növbəti buraxılışını başa vurub.

 

Lamiyə ƏLİMƏRDANOVA