Naxçıvan Dövlət Universitetinin (NDU) xarici dillər fakültəsində yaradılan IELTS qeydiyyat və imtahan mərkəzində ilk dəfə olaraq sınaq imtahanı həyata keçirilib.

 

50-yə yaxın gəncin iştirak etdiyi imtahanda namizədlərin oxuma, yazma, dinləmə bacarıqları yoxlanılıb, fərdi danışıq qabiliyyətləri nəzərə alınaraq qiymətləndirmə aparılıb. İmtahanda oxuma və dinləmə prosesində sualların tərtib edilməsini, yazı və danışıq mərhələsində sualların hazırlanmasını IELTS Mərkəzinin koordinatoru, Beynəlxalq münasibətlər kafedrasının müəllimi Bayram Əliyev həyata keçirib.

        

Qeyd edək ki, mərkəzin məqsədi muxtar respublikada bu sahə üzrə ingilis dili bacarıqlarının qiymətləndirilməsi və namizədlərin beynəlxalq sertifikatla təmin olunmasıdır. Mərkəz yaxın zamanda universitetdə ingilis dilində ixtisasların sayının artmasına və qeyri-ixtisaslarda çalışan əməkdaşların ingilis dili bacarıqlarının qiymətləndirilməsinə müsbət təsir göstərəcək. Beynəlxalq əməkdaşlıqda irəliləyən ali təhsil ocağının gələcək perspektivlərində, ikili diplom layihələrində iştirakının təmin olunmasında xarici dil biliklərinin qiymətləndirilməsi vacib fakt kimi əhəmiyyətlidir.