Ali məktəblərin beynəlxalq nüfuzunu müəyyənləşdirən dünyanın ən böyük reytinq təşkilatı olan “Times Higher Education” 2022-ci il üçün “THE Impact Ranking” reytinq siyahısını açıqlayıb. Ötən il olduğu kimi, bu il də Naxçıvan Dövlət Universiteti (NDU) dünya universitetləri sıralamasında yer alıb.

 

NDU-dan bildirilib ki, universitetin elm strategiyası və müəyyən olunmuş məqsədlərə doğru tərəfdaşlıq, qabaqcıl təcrübələrin təşviqi və təbliğatı bu uğurda mühüm rol oynayıb. Həmçinin, bu sıralamada universitetin keyfiyyət göstəriciləri, beynəlxalq əlaqələri, əcnəbi tələbələrin sayı, alimlərin elmi nəşrləri uğurların davamlılığını təmin etməkdədir. Universitetin “Times Higher Education” ilə başlayan qısa tarixli əməkdaşlığından sonra ali məktəbin inkişaf dinamikası sürətlə artıb.  

 

Qeyd edək ki, Naxçıvan Dövlət Universiteti ilə yanaşı, 6 universitet də (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti,  Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti və Qərbi Kaspi Universiteti) bu siyahıda yer tutub.

 

Məlumat üçün bildirək ki, “Times Higer Education”  təşkilatı dünyanın 93 ölkəsindən 2500 universitet ilə əməkdaşlıq edir və ali təhsil məkanında rəqabətliliyi formalaşdırır. Bu sistem üzərindən universitetlərin dünyada yeri, seçimi, keyfiyyəti və tanınması təmin olunur. Şirkətin sıralamasında yer alan universitetlərin diplomlarının xarici ölkələrdə tanınması prosesi avtomatlaşdırılır. Sıralama cədvəlinin hazırlanmasında 4 sahə (tədqiqat, idarəetmə, təbliğat və tədris) üzrə universitetlərin göstəricilərindən istifadə edilir.