“Şuşa ili”  çərçivəsində Gəncədə Molla Pənah Vaqif  yaradıcılığına həsr  olunan ədəbi-bədii gecə keçirilib. Tədbir Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana  sisteminin16 nömrəli kitabxanasında baş tutub.

 

“Vaqif şeirimizin şah misrasıdır” adlı ədəbi-bədii gecədə Gəncə Regional Mədəniyyət İdarəsinin əməkdaşları, Gəncə şəhər Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbin müəllimləri, şagirdləri və valideynlər iştirak ediblər.

 

Öncə iştirakçılar Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin əziz  xatirələrini  bir dəqiqəlik sükutla yad ediblər.

 

Sonra  çıxış edən Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova Şuşanın əsrarəngiz gözəlliyinin Vaqif yaradıcılığında xüsusi yer tutduğunu bildirib. Deyib ki, Qarabağda yaranan şeir və musiqi  sənətinin ənənələri  ölməzdir və 29 illik ayrılıqdan sonra,  nəhayət Vaqifin ruhu bu torpaqda- Şuşada, Cıdır düzündə yenidən pərvaz edir.

 

Çıxışçılar  adı Şuşa ilə qoşa çəkilən görkəmli şəxsiyyətlərimiz arasında dahi şair və dövlət xadimi Molla Pənah Vaqifin xüsusi yeri olduğunu vurğulayıblar. Söyləyiblər ki,  şair  öz ənənələri ilə seçilən xalq şeirində ədəbi məktəb yaratmış ölməz sənətkar olub.

 

Tarix müəllimi Zinyət Süleymanovanın rəhbərliyi  ilə  8 nömrəli tam orta məktəbin şagirdlərinin  hazırladıqları “Qaranlıq dünyaya zinət olan Vaqif ömrü” adlı ədəbi- bədii kompozisiya iştirakçılarda xoş ovqat yaradıb.

 

Sifai SƏFƏROVA