Vahid Əzizin “Param-parça illər...” kitabı şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verəcək


2022-ci ilin dövlət mükafatına ədəbiyyat sahəsi üzrə təqdim edilən əsərlər siyahısında Xalq şairi Vahid Əzizin “Param-parça illər” adlı kitabı da qeyd edilmişdir. Əsər ictimaiyyətin müzakirəsinə təqdim edildiyi üçün ədəbiyyat müəllimi kimi marağıma səbəb oldu. Səhifələri vərəqlədikcə kitabın sehrinə düşdüm. Dönə-dönə oxuduğum şeirlərdə nələr hiss etmədim ki: yurd həsrəti, torpaq yanğısı, vətənə sevgi, düşmənə nifrət, xalqa məhəbbət, bayrağa hörmət... Sanki otuz il yaşadığımız hər günün həsrəti, yanğısı və sonda qazandığımız möhtəşəm ZƏFƏRİMİZ bir inci kimi misraların ahənginə hopmuşdu.

 

Vətənimin elə nurlu tarixi var ki...

Oxuduqca günəş kimi göz qamaşdırır,

 

- deyən şair Vətən tariximizdən qürurla, fəxarətlə danışır və sonra əlavə edir:

 

Öz övladlarını Vətən yolunda

Dünyaya bəxş edir bizim analar.

 

Vətən yolunda dünyaya övlad bəxş edən analara alqış deyən Vahid Əziz Ana Vətən kəlməsinə yeni məna verir:

 

Anamın qoynunu qucaqlayanda

Bütöv ana yurdu qucaqlayıram.

 

Bəli, Ana - Vətəndir, Vətən anaya təndir. Bu müqəddəsliyi yüksək şövqlə tərənnüm edən şair:

 

Heç kəs yaşamaz doyunca,

Zirvə yox Vətəndən uca

 

- fikrini səsləndirir və duyğularını aşağıdakı misralarla yekunlaşdırır:

 

Uğrunda can verilirsə,

Həyatdan dəyərli Vətən.

 

Vətənin bir parçası Qarabağdır. Dilbər guşəmiz, illərlə həsrətini çəkdiyimiz Qarabağ. Qarabağ mövzusu Vahid Əziz yaradıcılığında bir qırmızı xətt kimi keçir:

 

İndi böyüklü-uşaqlı

Biz hamımız Qarabağlı

 

- deyən şair torpaq həsrətinə son qoymaq üçün:

 

Qarabağ bizimlə yaşasın deyə,

Qanına qanımız calanmalıdır,

 

- fikrini irəli sürür və inamla:

 

Qayıdırıq əbədilik

Gəlirik, Şuşa, gəlirik!

 

- deyir.

Bütün yollar Qarabağa aparırdı. Mənfur düşməndən torpaqlarımızı almağa gedirdik. Bu yolda isə bizə birlik lazım idi. Şair demişkən:

 

Böyük qələbənin bünövrəsində

Dövlət başçısıyla millət birliyi.

 

Məhz Ali Baş Komandanla Millətin birliyi ZƏFƏRİMİZİN təməli oldu. Amma şair başqa bir məsələni də diqqətdən yayındırmır: ölkəmizdə yaşayan xalqların birliyini:

 

Azəri əsgərlə bir sıradadı

Talış övladı da, Kürd balası da.

 

Və ya:

 

Var ol, Avar gənci, ləzgi qardaşım,

Silaha sarıldın bizlərlə birgə.

 

Vətənin taleyi həll olunanda hamı əsgərə döndü. Hamı vətən səngərinə sipər oldu. Bu mənada şairin yaradıcılığında yenilməz əsgər obrazları yetərli qədərdir.

 

Odlar yurdu qəlbimizi alovlarla yoğurdu,

Bu ellərin anaları pələng, aslan doğurdu.

 

Bu pələnglər, aslanlar səngərlərdə dostlaşdı, qardaşlaşdı. Onlar yalnız çörəyi yox, ömürlərini də səngərdə böldülər:

 

Çörəyi, sovqatı bölməyə nə var,

Onlar ömürləri səngərdə bölüb.

 

Şair səngərdə duran hər əsgərə Milli Qəhrəman kimi, xilaskar kimi baxır və onların hər birinin zəfər bünövrəli səngərlər qazdığını bildirir.

 

El, oba uğrunda döyüşə gedən,

Zəfər bünövrəli səngərlər qazır.

 

Şair bu müqəddəs amalda döyüşçü xanımları da diqqətdən qaçırmır:

 

Sənin dar günündə ən böyük xanım

Xanımlar xanımı əsgər qadındı.

 

Qalib ordunun qələbəsini şair yeni yanaşma ilə möhtəşəm təqdim edir:

 

Çaldı qələbəsin Müzəffər Ordu,

Odur bəstəkarı zəfər himninin.

 

Ordumuz qələbə qazandı. Amma döyüşdə minlərlə igidimiz şəhidlik zirvəsinə yüksəldi. Şəhid xəbərinin özünə də Vahid Əzizin fərqli yanaşması var:

 

Şəhidlik xəbəri elə xəbər ki,

Göz yaşı içində qürur gətirər.

 

Şairə görə, şəhidlik ən ali məqamdır və onlar unudulmamalıdır:

 

Hər şəhid olaraq qurban gedənin

Adı ürəklərə yazılsın gərək.

 

Oğullar şəhid oldu, oğullar qazi oldu Vətən torpağı üçün, Vətən daşı üçün. Bu gün həmin şəhidlərin, qazilərin, qəhrəmanların hesabına bayrağımız Füzulidə, Ağdamda, Hadrutda, bir sözlə, əzəli və əbədi torpağımızda - doğma Qarabağımızda vüqarla dalğalanır. Şair necə də gözəl ifadə edib:

 

Rəssam işi deyil bayraq yaratmaq,

Millətin ruhundan bayraq doğulur.

 

Millətin ruhundan doğulan bayrağımız Şuşada dalğalanır:

 

Şuşada yellənən Vətən bayrağı

Həsrətli gözlərin yaşını silir.

 

Həsrətli gözlərin yaşını silən bayrağımıza fəxarətlə baxan şair:

Savaşda yenilən düşmən bayrağı

Məğrur bayrağımın kölgəsindədir,

 

- deyərək qürurlanır.

Haqlı olaraq Zəfər günümüzün təntənəsi, Vətən dərsliyi adlandırılan kitabda müəllifin aşağıdakı fikri də əks olunub:

 

Səma günəşindən fərqli olaraq

İstiqlal günəşin millət yandırır.

 

Bəli, Ali Baş Komandanın rəhbərliyi ilə millətimiz, ordumuz istiqlal günəşini yandırdı. Bu günəş əbədi olaraq parlayacaq: yazda da, yayda da, payızda da, qışda da. Vahid Əzizin təbirincə desək:

 

Bundan sonra payız fəsli

İlk bahar tək şən olacaq.

 

Bir ədəbiyyat müəllimi kimi müsabiqəyə təqdim olunan “Param-parça illər” kitabının şagirdlərimizin vətənpərvərlik ruhunda tərbiyəsinə böyük töhfə verəcəyinə əminliyimi bildirərək dəyərli sənətkarımıza uğurlar arzulayıram.

 

Elçin MANAFOV,

“Tərəqqi” medallı, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi,

Pərvanə MUSAYEVA,

Bakı şəhəri, R.Hüseynov adına 49 nömrəli “İntellekt” məktəb-liseyin müəllimləri