Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən keçirilmiş "Əlaqə Mərkəzi Təmsilçisi" istiqaməti üzrə qısamüddətli təlimlər sona çatıb. 1 ay müddətində davam edən təlimin iştirakçılarına sertifikatlar təqdim olunub. Təlimlər “ASAN xidmət”, “ABB” ASC və “Azerconnect” şirkəti ilə əməkdaşlıq çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə baş tutub.

 

Agentlikdən bildirilib ki, təlim müddətində iştirakçılar müəssisələrə daxil olan müraciət, irad və şikayətlərin təqib və təhlili, eləcə də mümkün həll yollarının tapılması üzrə bilik və bacarıqlara yiyələnib. Növbəti aylar ərzində təlimləri uğurla tamamlayan şəxslərin “ASAN xidmət”, “ABB” ASC və “Azerconnect” şirkəti tərəfindən iş və ya təcrübə imkanlarına cəlb edilməsi nəzərdə tutulur.

 

Təlimin məqsədi sözügedən xidmət sahəsində peşəkarlığı yüksəltmək, əmək bazarında rəqabətlilik və məşğulluq səviyyəsini artırmaqdır.

 

Xatırladaq ki, cari ilin mart ayından etibarən Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə müxtəlif peşə təhsil müəssisələrinin nəzdində qısamüddətli təlimlər həyata keçirilir. Təlimlər informasiya texnologiyaları, müştəri xidmətləri, logistika və bu kimi müxtəlif sahələri əhatə edir.

 

İl ərzində Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi və aidiyyatı müəssisələrlə birgə əməkdaşlıq çərçivəsində peşə təhsil müəssisələrinin nəzdində daha çox təlimlərin keçirilməsi planlaşdırılır. Yeni açılan qısamüddətli təlimlər barədə məlumatlar mütəmadi olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən sosial media səhifələri üzərindən geniş ictimaiyyətlə bölüşülür.