“Bizim böyük Qələbəmiz” kitabının təqdimat mərasimi keçirilib.

 

Təqdimat mərasimində Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatının rəhbəri Elgin Həbibullayev, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, BŞİH-in İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Hüseyn Abdullayev, müharibə iştirakçıları, məktəb direktorları, müəllimlər, şagirdlər və könüllülər iştirak ediblər.

 

Təqdimat mərasimini giriş sözü ilə açan BŞİH-in başçısı Aparatının rəhbəri Elgin Həbibullayev kitabın əhəmiyyəti barədə danışıb. E.Həbibullayev bu kitabın uşaqlarımızın ölkənin tarixini öyrənməsi, onlarda Vətənə məhəbbət və vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətində böyük rolu olacacağına əminliyini bildirib.

 

BŞTİ-nin müdiri Mehriban Vəliyeva Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda apardığı Vətən Müharibəsinin gələcək nəsillərə tanıdılması üçün hər kəsin öz cəbhəsində töhfələr verməyə çalışdığını söyləyib. M.Vəliyeva BŞİH-in təşəbbüsü ilə ərsəyə gələn “Bizim böyük qələbəmiz” kitabının da bu mənada müstəsna əhəmiyyətə malik olduğunu hər kəsin diqqətinə çatdırıb.

 

İdarə müdiri bu kitabın gələcəyimiz olan uşaqların tariximizə, tarixi şəxsiyyətlərimizə, milli-mənəvi dəyərlərimizə və müasir Azərbaycanın inkişaf yoluna diqqət və marağının artırılmasına, onların Vətənə layiqli şəxsiyyət kimi yetişməsinə böyük töhfə verəcəyinə inamını ifadə edib.

 

Daha sonra çıxış edən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, BŞİH-in İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov və başqaları kitabın əhəmiyyəti barədə fikirlərini bildiriblər.

 

Sonda tədbir iştirakçıları şagirdlərin ifasında ədəbi-bədii kompozisiyaları izləyib və muzeyin yeni eksponatları ilə tanış olublar.

 

Mərasimdən sonra “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri paytaxt məktəblərində şagirdlərə kitabı təqdim edərək onlara Vətən Müharibəsindəki şanlı qələbə barədə məlumat veriblər.