Prezident İlham Əliyev Azərbaycanın ən yeni tarixinə öz imzasını qoydu


Bu gün Prezident İlham Əliyevin 60 illik yubileyidir. Bu ömrün böyük bir hissəsi mühüm vəzifələrdə, məsuliyyətli dövlət işlərində, daha sonra isə Prezidentlik postunda şərəfli, uğurlu fəaliyyətlə keçib və keçməkdə davam edir.

 

Onun siyasi karyerasına qədərki yolun ardıcıllığında nüfuzlu diplomatlar hazırlayan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu və həmin institutun aspiranturasında təhsil, müdafiə işi, tarix elmləri namizədi elmi dərəcəsini almaq və müəllimlik fəaliyyəti... gəlir.

 

Siyasi karyera həlqəsi də bu fəaliyyət zəncirinə çox tez qoşulur. Əvvəlcə Azərbaycan Dövlət Neft Şirkətində vitse-prezident, ardınca birinci vitse-prezident, millət vəkili, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, sonra sədrin birinci müavini, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Milli Məclisin nümayəndə heyətinin rəhbəri, AŞPA sədrinin müavini, AŞPA-nın Büro üzvü, YAP-ın sədri, ölkənin baş naziri...O, bu siyasi pilləkənlərə inamla, tam hazırlıqlı şəkildə addımlar  atdı və sürətlə irəlilədi.  

 

Amma bura qədər də İlham Əliyevin həyat yolu, taleyi elə siyasətlə bağlı idi. Ulu öndər Heydər Əliyev kimi unikal, fenomen bir şəxsiyyətin, dünya şöhrətli siyasətçinin övladı olmaq ona bu siyasi məktəbdə çox erkən yetişmək üçün böyük şans yaratmışdı. Bu gün tarixi fotolara baxanda görmək olur ki, istər Azərbaycana rəhbərlik illərində, istərsə də SSRİ Nazirlər Sovetində yüksək vəzifə tutduğu dövrdə bir sıra tədbirlərdə Heydər Əliyevin yanında gənc İlham Əliyev də var idi. Heydər Əliyevin qırmızı lentini kəsdiyi mədəniyyət ocaqlarının, sənaye müəssisələrinin açılışları onun gözü qarşısında baş verirdi. Azərbaycan Qara Yanvar faciəsini yaşayanda Moskvada azərbaycanlılara müraciəti zamanı İlham Əliyev Heydər Əliyevin yanında idi, onun silahdaşına çevrilmişdi.

 

Bütün bunlar onun üçün bir məktəb idi! Siyasəti yaxından izləmək, öyrənmək üçün optimal imkan idi. Necə ki, İlham Əliyev özü də deyirdi: “Mənim xoşbəxtliyim ondadır ki, Heydər Əliyev adlı dahi şəxsiyyətin yanındayam. Və məndə öyrənmə imkanları daha çoxdur. Nəinki başqa adamlarda”...

 

Nüfuzlu siyasi xadim Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra İlham Əliyevin ikinci siyasi idarəçilik məktəbi başladı.

 

Dövlət Neft Şirkətində çalışarkən dünya dövlətlərinin aparıcı liderləri ilə, konqresmenlərlə, nazirlərlə görüşür, dünya neft sənayesinin müxtəlif məsələlərini müzakirə edirdi. Vaşinqtonda, San-Fransiskoda, Harvard, Stanford universitetlərində, Londonda, İstanbulda müxtəlif tədbirlərdə nitqlər söyləyirdi. İlham Əliyev neft kontraktlarının bağlanmasında da bilavasitə iştirak edirdi.

 

Avropa Şurası Parlament Assamleyasında səlis ingilis dilində ölkəsinin maraqlarından çıxış edərək onun mənafeyini hər zaman qorudu. Avropa parlamentariləri ilə kəskin dialoqlarda, müzakirələrdə erməni işğalının acı nəticələrini sistemli qabartdı. ATƏT-in Minsk Qrupunun fəaliyyəti haqqında bu gün dediyi tənqidləri elə o zamanlardan səsləndirirdi.  

 

İlham Əliyevin xarakterində müşahidə olunan bu milli təəssübkeşlik, cəsarət, yüksək intellekt, siyasi çeviklik, hadisələrə gerçək baxış onun daxildə və xaricdə mükəmməl imicini yaradırdı. Artıq xarici siyasətdə həlledici fiqura çevrilmişdi. 

 

O, Heydər Əliyev komandasının üzvü kimi parlayırdı. Hakimiyyət Olimpinə can atmırdı, böyük iddialarla yaşamırdı, təbliğat vasitələrindən öz reklamı üçün istifadə etmirdi, populist vədlərlə dividend toplamırdı, amma aydın, məhsuldar fəaliyyəti, daşıdığı postlardakı bacarığı, məharəti, geniş dünyagörüşü onu siyasi səhnəyə enerjili, yeni fikirli, demokratik dəyərlərə söykənən siyasətçilər nəslinin lideri kimi çıxarırdı. Onun haqqında yüksək ictimai rəy formalaşmağa başlamışdı. Şərq və Qərb dəyərlərini özündə yüksək səviyyədə birləşdirən vətənpərvər siyasi xadim kimi nüfuz qazanırdı.       

             

Ümummilli lider Heydər Əliyevdən sonra Azərbaycanın idarəçilik sükanı kimin əlində olmalıdır- sualının cavabını vermək artıq çətin deyildi. İlham Əliyev amili xalqın, cəmiyyətin gələcək barədə düşüncələrinin real təzahürü idi. O, ictimai rəyin ən uyğun seçimi idi. Çünki İlham Əliyev böyük siyasətə, ali dövlət vəzifəsinə idarəetmə fəlsəfəsinin nəzəri və praktik tərəflərini mənimsəmiş, hazır siyasi xadim kimi gəlirdi. İqtisadi biliklər, iqtisadi təcrübə, beynəlxalq hüquq təhsili, diplomatik vərdişlər, mütərəqqi dünyagörüş, bir neçə xarici dil bacarığı, emosiyalardan uzaq, təmkinli təbiəti bir siyasət adamında tələb olunan parametrlər kimi onu siyasi hakimiyyətə iddialı olan bütün siyasi personalardan fərqləndirirdi.   

      

Heydər Əliyevin özü qədər inandığı İlham Əliyev bütün seçkilərdə qazandığı qələbə ilə sübut etdi ki, Ulu Öndərin siyasi kursunu ondan yaxşı heç kim davam etdirə bilməz.

 

Bu kurs Azərbaycanın müstəqilliyinin qorunması idi və İlham Əliyev bu kursu mükəmməl şəkildə qorudu.

 

Bu kurs Azərbaycanın iqtisadi inkişaf etmiş dövlətlər çərgəsində möhkəmlənməsi idi. İlham Əliyev Prezidentlik postuna yüksəliş illərinin ilk mərhələsində  qətiyyətli və çevik idarəçilik formulu ortaya qoydu. Regionların ayrı-ayrı dövrlərə aid sosial-iqtisadi inkişaf konsepsiyasını imzaladı. Azərbaycanın simasını dəyişib, onu yenidən qurulan infrastrukturla, müxtəlif təyinatlı sənaye obyektləri, mədəniyyət müəssisələri, istirahət ocaqları, müasir məktəblər, xəstəxanalar, hündür, yaraşıqlı yaşayış binalar ilə mükəmməl dizayn etdi. Hansı vəsait hesabına? Təbii ki, neft strategiyasının ölkəmizə qazandırdığı maddi güc hesabına.

 

Beynəlxalq münasibətlər sistemində ölkənin nüfuz və statusunu artıran Prezident İlham Əliyevin xarici siyasətinin mühüm nəticəsi o oldu ki, Azərbaycan əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi etdi. Ölkəmizdə 7 qlobal forum keçirildi. Bu forumlar müxtəlif vacib məsələlərin müzakirəsi baxımından dünyada aparıcı platformalardan biridir. Azərbaycan müxtəlif beynəlxalq təşkilatlara qoşuldu, davamlı əməkdaşlıq əlaqələri yarandı.

 

155 ölkənin etimadını qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatında təmsil olundu, onun sədri seçildi, üstəlik, öz təşəbbüsləri ilə bu Hərəkatın beynəlxalq nüfuzunu artırdı.

 

Milli həmrəyliyi, sağlam əməkdaşlıq mühitini və siyasi dialoqu təşviq edən İlham Əliyev demokratik islahatlar nəticəsində ölkədə yeni inkişaf mərhələsinin təməlini qoydu.

 

Siyasi partiyaların əhəmiyyətinin artırılması, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması və ölkəmizin güclənməsi islahatların strateji hədəfləri kimi göstərildi. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir. Onun tapşırığı əsasında ölkədəki bütün siyasi partiya rəhbərləri ilə keçirilmiş davamlı görüşlər demokratik ənənələrin şaxələnməsinə xidmət edən müsbət təcrübədir. Siyasi partiyaların respublikanın ictimai-siyasi həyatında daha yaxından iştirakının təmin edilməsi məqsədilə siyasi partiya liderlərinin müxtəlif mətbuat orqanlarında və televiziya kanallarında çıxış üçün dəvət olunması, azad edilmiş  ərazilərə birgə səfərlərin təşkili, “Siyasi partiyalar” haqqında yeni qanun layihəsinin siyasi partiya rəhbərləri ilə müzakirəsinin aparılması, aktual mövzulara həsr olunmuş birgə iclasların keçirilməsi və müzakirələrin təşkili, ölkədə demokratik münasibətlərin bərqərar olunmasında Prezident İlham Əliyevin prinsipial mövqeyinin təzahürüdür. Görülən işlərin məntiqi nəticəsidir ki, iqtidar-müxalifət dialoqu artıq ölkəmizin gündəlik siyasi təcrübəsinə daxil olub və davamlı şəkildə inkişaf edir.

 

Prezident İlham Əliyevin həmrəylik siyasətinin şüarı olaraq ictimai yaddaşda möhkəmlətdiyi “Biz birlikdə güclüyük” devizi Zəfər tarixinin ideoloji əsası oldu; Qarabağın işğaldan azad olunması yoluna xalq öz lideri ilə birgə çıxdı, dəmir yumruğa çevrilib, ölkənin ərazi bütövlüyünü bərpa etdi. Qarabağın azadlığı, bu gün orada sürətlə aparılan quruculuq işləri, müxtəlif platformalarda təşkil olunan postmüharibə dövrü müzakirələrdə Azərbaycanın mənafelərinin sona kimi qorunmasında ortaya qoyulan iradə İlham Əliyevin Prezidentlik fəaliyyətinin zirvəsi, ən parlaq səhifəsidir. Bununla o, həm Azərbaycan xalqının sonsuz rəğbətini qazanıb, həm də beynəlxalq aləmdə nüfuzunu tamamilə gücləndirib. 

 

İlham Əliyev Azərbaycanın türk xalqları ilə bağlarını möhkəmlətməklə Türk dünyasında da nüfuzlu liderə çevrilib.  Regionun yeni geosiyasi reallığını rəsmiləşdirən Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə arasındakı münasibətlər keyfiyyətcə yeni, daha gözəl müttəfiqlik səviyyəsinə qaldırılıb. Məhz bu birliyin təsiri ilə Türk Dövlətlərinin Əməkdaşlıq Şurası təşkilata çevrildi, eyni köklü xalqlar arasında əlaqələrin güclənməsində Türkiyə-Azərbaycan birliyi sürətli bir lokomotiv oldu.

 

Prezident İlham Əliyev uğurlu xarici siyasət strategiyası ilə regionun statusunu və siyasi aktuallığını artırdı. Azərbaycan-Rusiya-İran, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-Türkmənistan kimi üçtərəfli dialoq platformaları ölkəmizin beynəlxalq statusunun artırılması ilə yanaşı, region ölkələri üçün yeni iqtisadi perspektivlər yaradır. Prezident İlham Əliyevin təşəbbüsü ilə iqtisadi layihələr müstəvisində yaradılan əməkdaşlıq platformaları qonşu ölkələr arasında daha etibarlı münasibətlərin bərqərar olması və regionun investisiya cəlbediciliyinin artmasının səbəbidir. Nəqliyyat, enerji, regional təhlükəsizlik, ticarət və digər sahələri əhatə edən əməkdaşlıq əlaqələri regionun qlobal geosiyasi xəritəsində yeni statusunu müəyyən edir. Hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır. Avrasiya regionunda ölkəmizin mövqeyini xeyli gücləndirən, dövlətimizi Cənubi Qafqazın liderinə çevirən Bakı–Tbilisi–Ceyhan neft boru kəmərindən sonra Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu artırdı.  Bu layihə “Şahdəniz” qazının Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdən ibarətdir. Azərbaycan artıq təbii qazını da Avropa bazarına tədarük etməyə başlayıb.
 

Ölkənin tranzit əhəmiyyətini artıran nəqliyyat infrastrukturu bununla bitmir. Avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Bakı-Tbilisi-Qars dəmir yolunun və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirib.

 

Qarabağ Qələbəmizin  Zəngəzur zirvəsi də nəhəng nəqliyyat layihəsidir. 

 

Prezident İlham Əliyevin uğurlu diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat dəhlizi Türk dünyasını, Avropanı və bütün qonşu ölkələri birləşdirə biləcək qlobal layihə olacaq.

 

İlham Əliyev bu illər ərzində Prezidentlik fəaliyyətini necə uğurla yerinə yetirirsə, Ali Baş Komandan kimi missiyasını da mükəmməl yerinə yetirərək Böyük Zəfəri təmin etdi.  Müdafiə sənayesini zamanında qurmaqla, neft gəlirlərini həm də ölkənin hərbi potensialının daha da artırılmasına yönəltməklə, intizamlı ordu sistemi yaratmaqla, xaricdən modern hərbi silahlar almaqla Azərbaycanı Ermənistanla müharibədən qalib görkəmdə çıxartdı. Ərazi bütövlüyümüz bərpa olundu.

 

Beləliklə, hər şey “Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək” - söyləyən ulu öndər Heydər Əliyevin dediyi kimi oldu. Prezident İlham Əliyev Azərbaycanın ən yeni tarixinə öz imzasını qoydu və layiqli siyasi varis olduğunu sübut etdi.   

 

Vəfa ALLAHVERDİYEVA