“Zəfər Günü”nə həsr edilmiş futzal yarışlarının dörddə bir final və yarımfinal mərhələləri yekunlaşıb. 


Dörddə bir final mərhələsində 8 ali və orta ixtisas təhsili müəssisəsinin komandası  mübarizə aparıb. Oyunların nəticələrinə əsasən, Gəncə Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Azərbaycan Dövlət İqtisad Universiteti yarımfinala çıxıb. Sözügedən komandalar arasında keçirilmiş oyunların nəticəsində Gəncə Dövlət Universiteti və Bakı Dövlət Universiteti 3-cü yer, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Azərbaycan Dövlət İqtisad Universiteti final oyununda mübarizə aparacaq.  


“Zəfər Günü” nə həsr edilmiş yarışlara dekabrın 23-də yekun vurulacaq.


Qeyd edək ki, futzal yarışları Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir. 


Çempionatın keçirilməsində məqsəd ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futbol idman növünün kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsi, ölkənin yeniyetmə və gənclərdən ibarət yığma komandalarına perspektivli tələbə futbolçuların seçilməsidir. Həmçinin tələbələr arasında ən güclü futzal komandasının müəyyən edilməsi, beynəlxalq turnirlərdə iştirak edəcək komandaların təyin edilməsi və tələbələr arasında dostluq əlaqələrinin yaradılması da məqsədlər sırasındadır.