“Çoxlu dost tapdım və çox əyləndim”


Münsiflər heyətinin qərarına əsasən 5-7 və 8-9 siniflər üzrə I, II və III yerin qalibləri müəyyənləşdirilib.

 

5-7 siniflər üzrə təşkil edilən kateqoriyada yarışan Səidə Abduhəlimova üçün bu, ilk böyük yarış, ilk böyük qələbə idi: “Bundan əvvəl məktəbimizdə keçirilən kiçik akademiyada iştirak etmişəm və II yerə çıxmışam. Ən çox informatika və STEAM fənlərini sevirəm”.

 

Elə bu sevgi də onu müsabiqə masasınadək gətirib çıxarıb. M.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasının VII sinif şagirdi olan Səidə Abduhəlimova məktəblərindəki kiçik akademiyada qazandığı böyük uğurdan (II yer) sonra rəqəmsal dünyaya sarı daha böyük addım atıb və respublika müsabiqəsində I olub: “Kod saatı yarışının ilk iki  mərhələsindən uğurla keçərək son mərhələyə çatdım. Bu mərhələdə artıq komanda şəklində yarışırdıq. Burda qazanacağım qələbə hər birimizin olacaqdı. Hər birimiz hamımız üçün mübarizə apardıq və qalib gəldik”.

 

Birgə yarışdığı məktəblilərlə qısa müddətdə dostlaşan Səidə üçün bu yarış həm də ona qazandırdığı dostlarla yaddaqalan olub: “Nəticəmizə görə çox sevindim. Amma II, ya da III yerə çıxsam da, elə bu qədər sevinəcəkdim. Çünki orada çoxlu dost tapdım və çox əyləndim”.

 

“Həm yarışdıq, həm də yarışımızdan böyük zövq aldıq”

 

Səməd Əlizadə bu yarışda ikinci olub. Bakı Avropa Liseyinin IX sinif şagirdi olan Səməd deyir ki, müsabiqəyə qatılmaq öz qərarıdır: “Noyabrın 16-dan başlayaraq dekabrın 14-nə qədər olan müddətdə 3 mərhələdən keçdik. İkinci mərhələdən I dərəcəli diplomla finala vəsiqə qazandım. III mərhələdə komanda yoldaşlarımla birlikdə əsas yerlər uğrunda yarışmalı olduq”.

 

Yarışın şərtlərinə görə, finala keçən şagirdlərdən komanda təşkil edilir və bu dəfə onlar - özü də biri-birini tanımayan, ayrı-ayrı məktəblərin şagirdləri eyni tapşırığı həll etmək üçün qüvvələrini birləşdirir. Zəkalar birləşdiyi üçün tapşırıqlar da çətinləşib. Səmədin sözlərindən də görünür ki, final turunda tapşırıqlar məktəbli zəkaların qələbəyə gedən yolunu yoxuşa sürüb. Amma onlar vəziyyətdən çıxış yolu tapıblar: “Tapşırıqların həlli çox vaxt aparırdı. Biz də tapşırıqların produktiv şəkildə yerinə yetirilməsi üçün bir strategiya formalaşdıraraq hər tapşırığı bir komanda üzvünə həvalə etdik”.

 

Komanda daxilində “iş bölgüsü” uğurlu olub və final turunda iş əsas layihə - çat-botun hazırlanmasına çatıb: “Çat-botun hazırlanmasına dair ipucu əldə etmək üçün əvvəlki tapşırıqları həll etmək zəruri idi, maksimum bal toplamaq üçün bütün tapşırıqları yerinə yetirməliydik. Çox həyəcanlı olduğumuzdan bəzi tapşırıqlarda sırf texniki səbəblər üzündən uğursuzluğumuz oldu. Yəni hər hansı işarəni səhv qoyduğumuzdan tapşırığı həll edə bilmədiyimiz hallar oldu”.

 

Bütün çətinliklərə baxmayaraq, tapşırıqların hamısını yerinə yetirməyi və çat-botu hazırlamağı bacarıblar. Yol çətin olduğundan qələbə də hədsiz sevincə səbəb olub: “Nəticələr açıqlanarkən çox həyəcanlıydıq. II yerin qalibi olduğumuzu eşidəndə isə o həyəcanı sonsuz sevinc əvəz etdi”.

 

Final səhnəsi Səmədin təsəvvüründə necə qalacağına gəlincə: “Ən əsası, final mərhələsi çox yüksək təşkilatçılıq səviyyəsinə malik idi. Biz bu mərhələdə komanda olduq, tanımadığımız halda biri-birimiz üçün mübarizə apardıq. Həm yarışdıq, həm də yarışımızdan böyük zövq aldıq. Nə o həyəcanı, nə də o sevinci heç vaxt unutmayacağıma əminəm”.

 

Ruhiyyə DAŞSALAHLI