5 nömrəli Respublika xüsusi internat məktəbinin uşaqları istedadlarını nümayiş etdirdilər


Bütün dünyanın Beynəlxalq Əlillər Gününü qeyd etdiyi tarixdə dünya işığına həsrət, az görən və hətta heç görməyən uşaqların təhsil aldığı Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində də canlanma, həyəcan vardı. Onlar da bu günü qeyd eləməyə hazırlaşırdılar. Üstəlik, qonaqları da vardı.

 

“Rəqslərimi özüm qururam”

 

Beynəlxalq Əlillər Günü təhsil naziri Emin Əmrullayev Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində idi. Nazirin bu təhsil müəssisəsini seçməsi təsadüfi deyil. Məktəb özünün nəticələri ilə fərqlənənlərdəndi. Bu il xüsusilə fəal olublar. Məsələn, məktəbin XII sinif şagirdi Gülnar Məhərrəmova bu il bir neçə rəqs qurub, həmin rəqslərlə çıxış edib və uğur qazanıb: “Rəqs müəllimimiz yoxdu. Bütün  rəqslərimi özüm qururam. Rəqsi çox sevirəm. Zəfər bayramında qurduğum “Xarıbülbül” rəqsi də çox sevilmişdi. Bu gün  nazirimizə başqa rəqsimi təqdim edəcəyəm. Ümid edirəm ki, çox bəyənəcək”.

 

Böyük Zəfərin qüruru ilə

 

Hər halda təhsil nazirinın onları lap çox bəyənməsini istədiklərindəndir ki, hələ hazırlıqları tamamlanmayıbmış kimi durmadan məşq edirlər. Bildikləri epizodları dönüb-dönüb təkrarlayırlar. Səhnəyə çıxmaq, bacarıqlarını ordan nümayiş etdirmək elə asan deyil ki. Amma xüsusi internat məktəbinin yaradıcı uşaqları bunu yaxşı bacardılar.

 

Təhsil Nazirliyindən gələn qonaqların qarşısında 17 nəfərlik heyətlə çıxış etdilər. V-XII sinif şagirdləri olan həmin uşaqların məharəti artıq məktəbdə hamıya bəlliydi. V sinif şagirdləri Günay, Eldar, Elşad, Nigar, Mənsumə, VI sinifdə oxuyan Nurlanla Elşad,  VIII sinifdən Atamoğlan, Fidan, Nurbala, Rəcəb, X sinif şagirdləri Elnar və Nərmin, XI sinif şagirdləri Zəhra, Sevinc, Sara və nəhayət, məzun olmağa hazırlaşan XII sinif şagirdi Gülnar olduqları qaranlıq dünyadan gerçək dünyaya işıq saçdılar. Təqdim etdikləri rəqs nümunələrində, şeir və mahnı parçalarında, səhnəcikdə o qaranlıqdan əsər-əlamət də yoxuydu. Aşıq Ələsgəri sazı, Nizamini misralarıyla anan məktəblilər, vətənin qazandığı böyük Zəfərin qüruruyla çıxdıqları kiçik məktəb səhnəsini onları sevən ürəklərdə böyüdüb işıqlandırdılar. Dillərində vətən, başlarının üstündə Azərbaycan bayrağı ilə olduqları səhnədə təlatüm yaratdılar. Elşad obrazına girdiyi Aşıq Ələsgərə yenidən həyat verdi, Nərmin Moskva səhnəsində uğurla ifa etdiyi “Stamblin`İn”i eyni həyəcan, eyni məsuliyyətlə oxudu, Gülnar qurduğu və müsabiqə-müsabiqə, tədbir-tədbir cəsarətlə təqdim etdiyi rəqsinin sədaları altında pərvazlanıb həm səhnəni, həm onu izləyən yoldaşlarını və müəllimlərini, həm də qonaqlarını ruhlandırdı. Gülnar sadəcə ifa, rəqs və aktyorluq məharətləriylə deyil, rəssamlıq qabiliyyətləri, qiraət bacarıqlarıyla da tamaşaçılarını heyran qoydu.

 

Nərminin səsi, Gülərin rəqsi, Nurbalanın rəsmi...

 

Bu tədbir 5 nömrəli xüsusi internat məktəbinin il ərzində gördüyü işlərin hesabatı, şagirdlərinin meydana çıxartdığı yaradıcılıq nümunələrinin qısa xülasəsi də sayıla bilər. Məktəbin direktoru İradə Vəzirova təhsil nazirinə məlumat verib ki,  bu il onlar Zəfər bayramı ilə yanaşı, Aşıq Ələsgərin 200 illik yubileyinə, Nizami Gəncəvinin 850 illiyinə həsr edilən tədbirlər də hazırlayıblar. Nərmin öz ifasıyla Moskvada laureat olub. Gülər özünün qurduğu rəqslə Türkiyədə keçirilən “Gülən çocuq” festivalından mükafatla qayıdıb. Nurbala Macarıstan səfirliyinin təşkil etdiyi müsabiqəyə həmin ölkənin tarixi yerlərinin rəsmi ilə qatılıb və öz əl işi ilə qaliblərdən olub. 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birgə layihələrdən də danışan direktor məktəb şagirdi Elxan Aydəmirlinin uğurlarına diqqət çəkib: “Uşaq-gənclər birliyilə birgə layihəmiz olan dərnəkdə Zəfər bayramına həsr etdiyi əl işlərini satışa çıxartdı və bütün əl işlərini satdı”.

 

“Heç görməyən şagirdlərimizin hamısı tələbə oldu”

 

Deyəsən, 5 nömrəli xüsusi internat məktəbi, sadəcə səhnələrdə parlamır, şagirdlərinin akademik göstəriciləri məktəbi bu sahədə də ulduza çevirib. Belə ki, məktəbin direktoru təhsil nazirinə məzunlarının ötənilki uğurları barədə də məlumat verib: “Məzunlarımızın 80 faizi ali məktəblərə qəbul olunub. 11 nəfər  məzunumuz yüksək balla ölkəmizin ən nüfuzlu ali təhsil müəssisələrinin tələbəsi olmaq şansı qazanıb. Bu il keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanlarında 400-dən aşağı bal toplayan məzunumuz  olmayıb. Ümumiyyətlə, görməyən uşaqlarımızın hamısı ali məktəb tələbəsi oldular”.

 

Məktəb səhnəsindən daşan istedadlar

 

Beləliklə, 5 nömrəli xüsusi internat məktəbinin şagirdləri il ərzində əldə etdikləri bilik və bacarıqları, hazırladıqları tədbirləri yarım saata sığdırmağa çalışdılar.

 

Təhsil naziri Emin Əmrullayev məktəblilərə bu kiçik səhnəyə sığmayan daha böyük səhnə vədi də verdi, həmin səhnəyə hazırlaşmaq üçün stimul da: “Məktəbdə həm əl işlərinizlə, həm də bacarığınızla tanış oldum. Gördüklərimdən sonra əminliklə deyə bilərəm ki, öz bacarığınızla, istedadınızla daha böyük uğurlara nail ola bilərsiniz. Sizin ortaya çıxardığınız işləri maraqla izlədim. Məktəbin uğurları da var. Ötən tədris ilinin məzunları məktəbin öyünə biləcəyi nəticələr göstərib. Sizdən böyük gözləntilərimiz var”.

 

Ruhiyyə DAŞSALAHLI