(Esse)


Dahi Nizami Gəncəvi sözü ruha bənzədir. Onun nə qədər pak və təmiz olması fikrini söyləyir. İnsanın daxili aləmində bərqərar olduğunu, onun daxili mənini ifadə etdiyini göstərir. Şairə görə, bədən insanın daxili aləminə gedən yolda eyvandır.

 

Söz eşqin lüğətində öz canımızdır bizim,

 

Biz sözük, bu bədənsə eyvanımızdır bizim.

 

Şair sözü həm də dünyanın naxışı hesab edir. Onu gözəlliklərin yaradıcısı, varlığın əsrarəngiz bənzərsizliklərinin yaraşığı kimi dəyərləndirir. Həmçinin onun köhnə qızıldan daha qiymətli olduğunu söyləyir. “Sözdən incə, kəsərli heç nə yoxdur həyatda” - deyir.

 

İnsan maddi dünyanın varlıqları içərisində özünün mükəmməlliyi ilə fərqlənir. O daha çox ağılın və sözün gücü ilə pərvəriş tapır. Varlıqların içərisində bənzərsizliyi ilə nüfuz qazanır. Elə ona görə də Nizami Gəncəvi düşüncəsində insan dünyanın əşrəfi adını alır. Ən qiymətli varlıq kimi təqdim olunur.

 

İnsan həm də varlıqların əşrəfi kimi ona görə daha çox şöhrət qazanır ki, o, özünün mahiyyətində həm də Yaradana məxsus olan əlamətlərdən birini gəzdirir. Həmin bu əlamətlə özünün daxilindəki sirləri aça bilir, başqaları ilə təmasda olur. Ona özünün düşüncəsindən pay verir. Bu, sözdür. Sirli, sehirli bir aləm olan söz.

 

Yoxdan var olan söz

 

Yoxdan var olan sözdə bir qeyri-adilik vardır. Söz görünmür, söz təsir edir, söz dəyişdirir. Söz yoxdan var ola bilir. Bütün bu özünəməxsusluqlar sözə yaraşıq verməklə, həm də ona bir qeyri-adilik, müqəddəslik bəxş edir. Sözü qüdsiyyəti olan təmiz, pak mənəvi varlığa çevirir. Sözlər çox olsa da, onların bir kəlmə kimi vahidliyi-ünsiyyət aləmini yarada bilməsi ecazkardır.

 

Dünyada hər şey - bütün maddi aləm, onun ən kiçik hissələrinə qədər olanlar sözlə adlandırılır, sözlə var olur. Onu mənasız yerə işlətmək yasaq hesab edilir. Çünki hər sözü çox dedikdə onun təsir gücü azalır. Söz ucuzlaşır. Tutduğu zirvədən aşağı enir. Ona görə də dahi Nizami Gəncəvi bu lətif gözəlliyi məhəbbətlə vəsf edir, onu az söyləməklə şərəfləndirməyi məsləhət görür.

 

Sözün də su kimi lətafəti var,

 

 

Hər sözü az demək daha xoş olar.

 

 İnci tək sözlər seç, az danış, az din,

 

Qoy az sözlərinlə dünya bəzənsin.

 

Çünki sözdən zaman-zaman bəhs edənlər belə qənaətə gəlmişlər ki, “sözdür həm təzə şey, həm də köhnə şey”. Varlığın anası ondan gözəl övlad dünyaya gətirməmişdir.

 

İlahi varlığın poetik obrazı

 

Nizami Gəncəvi sözə ilkin varlıq kimi baxır. Onu dünya yarandığı vaxtdan bu günə qələmin yazdığı birinci söz adlandırır. Həm də cilvələnən bir gözəl kimi dəyərləndirir. Sirli dünyanın yaranışında ilkin gözəl kimi kəşf edir.

 

Qələmin sehiri onun sözlə münis olmasındadır. Söz yoxdursa, qələm də yoxdur. Dünyanı incilərlə bəzəyən, qələmin qeyri-adiliyində bir heyrətamiz gözəllik var. O, incə və saf duyğuları tərənnüm etməkdən yorulmur. İnsanların əxlaqi-mənəvi dünyasını zənginləşdirərək, onların bəsirət gözünü açmaq üçün sözlə ülfət bağlayır. Nizami Gəncəvi bu ilahi birliyin poetik obrazını yaratmaqla onun daha şərəfli olmasını qeyd edir. Onların hər ikisində bir eyniyyət görür. 

 

Yer üzündə incini sözlə seçibdir qələm,

 

Kainatın gözünü sözlə açıbdır qələm,

 

 

Dünyaya sözdü şərəf, gör ki, nədir qiyməti.

 

Danışmaqla, yazmaqla itməz qədir-qiyməti.

 

Tacidar tac sahibi sözü sanıb cahanda,

 

Ariflər söz qədrini sözlə anıb cahanda.

 

Düşüncənin munisi

 

Söz hər şeydən üstündür. Bütün qiymətlilərin qiymətlisidir. Ariflər də ona möhtacdır. Onlar hər zaman özlərinin mükəmməl məntiqini, ağıllı düşüncələrini onunla bəyan edirlər.

 

Nizami Gəncəvi də sözü düşüncənin munisi, sirdaşı hesab edir.

 

Düşüncənin munisi, gözəl sirdaşı sözdür,

 

Unutma ki, insanın əzəl sirdaşı sözdür.

 

“Söz dünyadan gözəldir...”

 

İnsanla birgə şərəflənən söz həm də əbədi, əzəli sirdaşıdır. İnsanlar özlərini sözlərlə gizlədə, həm də ifadə edə bilirlər. Sözlərin mənalar aləminə qapanır, onun gözəlliklərindən zövq alırlar.

 

Söz dünyadan gözəldi, söz həyatdan gözəldi,

 

 

Qövsi-qüzehli göydən, kainatdan gözəldi,

 

 

Yer üzündə tapılmaz sözün rəngi-boyası,

 

Dilə gəlməz tərifi, dili aciz qoyası.

 

Dahi Nizamiyə görə, sözün təsvirəgəlməz, bənzərsiz gözəlliyi vardır. O, həyatdan, dünyadan gözəldir. Hətta ulu göylərin al-əlvan gövsi-quzehindən belə gözəldir. Onda ilahi bir qüdrət, yaradana məxsus bir təravət vardır. Solmazlıq, parlaqlıq, mənalılıq onunla birgə var olmuşdur. İnsanlar bu qüdsiyyətin haləsində pərvanə kimi dolaşırlar, onun məhəbbəti ilə yaşayırlar.

 

Yer üzündə sözün gözəlliyinin bərabəri yoxdur. Bu gözəlliyi tərif eləməkdə dil acizdir.

 

Söz hər yerdə hakimdir, hamıdan baş da odur,

 

Dünyanın sərvətidir, inci daş-qaş da odur.

 

Sözü dünyanın naxışı hesab edən şair həm də onu dünyanın misilsiz sərvəti adlandırır. Bu sərvət insan övladının şəxsində özünü göstərməklə bitməzlik, tükənməzlik nümunəsi kimi insanla təmasdadır. Əsl inci, daş-qaş kimi qənirsizliyi ilə daha aydın görünür.

 

Söz həm də hökmü-fərmandır, hakimi-mütləqdir. Hamıdan birinci odur. Yığcamdır, lakonikdir, həm başlanğıcı, həm də sonluğu təmsil edəndir. Söz əməllərə rəvac verəndir, irəliləyişlərə dəstək olandır. İnsanlığa töhfə verəndir.

 

İsmət pərdəsinə bürünən gözəl

 

Söz məna dolu mübhəm gözəlliyini gizlədə bilir. İsmət pərdəsinə bürünərək cahillərin gözündə görünməz olur. Rübəndini açaraq kamil insanlara məna bəxş edir. Onların sevinc hisslərini coşdurur. Yaşamaq, yaratmaq həvəsini artırır. Məhz dahi Nizami Gəncəvi bu səbəbdən

 

Camalını gizlədir, hicabı var sözündə,

 

Xəyaldır köləsinin, qullarının gözündə.

 

- deyir. O özünü sözü sevən, sözün aşiqi adlandırır. Həmçinin “onun ölüsü”, “aşiqi” olduğunu fəxarət hissi ilə nəzmə çəkir. Həm də “onunla da diriyik” -  deyə sözün canlılığına işarə edir.

 

Biz ki, söz aşiqiyik, söz sevənin biriyik,

 

Onun ölüsüyük ki, onunla da diriyik.

 

Söz həmişə diridir. Söz həmişə canlıdır. İnsanlar onunla canlanır, özünü ifadə edir. Varlığını göstərir.

 

Söz ilkindir

 

Söz haqqında Nizaminin poetik düşüncələrində bir mühüm əzəli-əbədi məna vardır. Söz ilkindir, söz birincidir, söz başlanğıcdır. Əslində bu, ilahi bir düşüncənin məhsulu olan bir varlıqdır. Orada yaradılışın vahid bir düsturu görünür. Hər şey “ol” kəlməsindən yarandı. Həyat bir sözün təsiri ilə var oldu, mənalandı. Bu, Yaradanın insanlıq aləminə, bəşər övladına bir gözəl töhfəsi idi. Dünyanın varlıqları qiymətli bir üzük timsalında görünürsə, söz onun qiymətli bir üzük qaşıdır. 

 

Söz misilsiz bir qüvvət mənbəyidir. Onda yaradıcı bir güc, qüdrət vardır. Paklıq, ülvilik, ilahi gözəllik bu yaradılışla bir olaraq dünyaya gəlmişdir. Ən böyük Həqiqətin, Haqqın ülfəti, qayğısı, sevgisi kimi yaranmışdır.

 

İlk dəfə tərpənəndə sözdən güc aldı qələm.

 

Sözdən doğuldu ilk hərf, şahiddir bütün aləm.

 

Xəlvəti pərdəsini qaldırdılar, atdılar,

 

Öncə söz cilvələndi, sözdən can yaratdılar.

 

Şairin misralarda sözün ilahi gücünü, ruhu, sözdən güc alan qələmi izləməsi, onlara rüsxət verməsi daha möhtəşəm görünür və söz haqqında düşünənlərin narahatlıqlarına bir rahatlıq gətirilir.

 

Danışa bilmək qabiliyyətdir. Onun böyük hikməti var. Bu hikmət insanlıq aləmində qiymətli bir xəzinə hesab edilir. İnsanlar öz sözləri ilə var olur, özünü göstərə bilirlər. Dahi Nizami insanlığa xas olan bu keyfiyyəti yüksək qiymətləndirirdi.

 

Hər söz düşüncəylə deyilsin gərək,

 

Xərcləməzdən əvvəl qızılı bir çək.

 

Yaxud

 

Ağzında o qədər saxla ki sözü,

 

Yaxşı ad qazansın deyənin özü.

 

Gözəllik incisi

 

Söz bəlağət yaradan bir gözəllik incisidir.Ona böyük qayğı və diqqətlə yanaşmaq müdriklik və kamillik əlamətidir. Dahi Nizami bu cəhəti həmişə təqdir etmişdir.

 

Mən sözü ölçməmiş demirəm əsla,

 

Sən də söyləyəndə söylə qiyasla.

 

Söz məqamında gözəl olur, təsir edir. Seçilib misralara düzüləndə, qafiyələnəndə özünün füsunkar gözəlliyini daha da artırır. Poetik bir mənzərənin ormanına çevrilir.

 

“Çalış ədəbli ol...”

 

Gözəl söz tapa bilmək ustalıqdır. İnsanlar seçdikləri sözlərində, ifadə etdikləri münasibətlərində görünürlər. Ona görə də dahi Nizami “Çalış ədəbli ol hər sözündə sən” - deyə belə bir qənaətə gəlir. Əgər sən ədəblə danışırsansa, o zaman səni dinləyən də ədəblə danışar. Şair yumşaq danışmağı aqillik, ağıllı bir iş, kobud danışmağı isə axmaqlıq hesab edir. Hər kəs özünü acı sözləri ilə alçaldır, başqalarının qarşısında üzr istəyən edir.

 

Çalış ədəbli ol hər sözündə sən,

 

Ədəblə danışsın səni dinləyən.

 

Hər kəslə qaydasız danışma ki, sən,

 

Axırda utanıb üzr istəyərsən.

 

Nizami söz mülkünün sultanıdır. Sözün incə mənalarını görən və ona valeh olan bir sənətkardır. O, söz aləmində gərdiş etdikcə təsirlənir, sözün misilsiz gözəlliklərindən ruhlanır, onun nəzm dilində  al-əlvan  guşələrini yaradır. Bu guşələrin hər biri sirli-sehrli bir aləmdir. Böyük yaradanın insanlara bəxş etdiyi  ecazkar bir aləm. Bu aləm təcəllə aləmidir. Mənaların təsəllisi olan bir aləm. Bütün varlıq bu aləmin məna bağlarında görünür. Söz cilidinə girmiş bu məna bağlarında ilahi düşüncənin görsənişləri bərq vurur. Lakin insanların gözlərini qamaşdırmır, düşünçələrini dolaşdırmır. Əksinə, mənalarla zənginləşdrir. Onun mahiyyətinə, canına, ruhuna çevrilir.

 

“Deyilməz sözləri danışma...”

 

Dahi Nizaminin bu sözlərindən böyük bir əxlaq, sözə bağlı məhəbbət süzülür. İnsanlar mənəvi bütövlüyə, yüksək mədəniyyətə, incə, yumşaq, mənalı söz axtarışına təşviq olunur. Doğrudur, dünyanın incisi olan söz həqiqətlərin, çağırışların nidası, hiss və həyəcanların carçısıdır. Hər bir söz öz haləsində xoşa gələndir. Lakin onları fikirlərin, duyğuların carçısına çevirəndə bəzən sərtləşir, qəlb sındırır, acılaşır. Şair bu məqamda diqqətli və ehtiyatlı olmağı, fikirlərini “başqa bir dil ilə” söyləməyi tövsiyə edir.

 

Öylə söz vardır ki, yaramaz demək.

 

Başqa bir dil ilə söyləmək gərək.

 

Sözü incə-incə söylərkən bir-bir.

 

Ondan hər eşidən alar bir təsir.

 

Hətta şair 

 

Bir söz ki, qaşlara düyün vuracaq.

 

Gözəl söz olsa da, söyləmə, burax

 

- deməklə təəccüb doğuran, əhvalı pozan sözləri belə gözəl olsa da, işlətməməyi məsləhət görür.

 

Söz doğruluğun, həqiqətin carçısına çevriləndə qiymətli olur, dəyərləndirilir. Yalanı qanadlandıran, ona dəstək verən söz narazılıq, qəzəb və nifrət doğurur. Dahi Nizami demişkən

 

Doğruluq yolunu tutmayan sözlər

 

Ay qədər ucalsa, qiymətdən düşər.

 

Dahi Nizami həyatı boyu söz səltənətinin qonağı oldu. İlahi varlıq olan sözün ecazkar qüdrətinə sığındı. Və bu gün insanlar üçün ərməğan olan poetik söz çələngini yaratdı. Əsrlər keçəcək bu söz çələngi həmişə öz təravətini saxlayacaq, nəsillərin nəsillərə ərmağanı olacaqdır.

 

Ənvər ABBASOV,

Təhsil İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim

 



Bölmənin digər xəbərləri