Müəllimlər onları necə müəyyən edə bilərlər?


İstedad haqqında qəbul edilmiş bir tərif olmasa da, karyerasının çox hissəsini istedadlılığın öyrənilməsinə həsr etmiş kanadalı psixologiya professoru R.Gagneyə görə istedadlı şagirdlər potensialı dörd sahədən (intellektual, yaradıcı, sosial və fiziki) birində və ya bir neçəsində orta göstəricinin üzərində olanlar hesab edilir. Tarix boyu bu terminə yanaşmalar müxtəlif olmuşdur. Çoxları tərəfindən istedad 130 və ya daha yüksək IQ balı ilə əlaqəli bir intellektual qabiliyyət hesab olunur.

 

Bəziləri yüksək nailiyyətlərin qazanılmasını istedad hesab edirlər. Ancaq unutmamalıyıq ki, istedadlı uşaqların heç də hamısı akademik sahədə fərqlənmir. Bəzi uşaqlar həmyaşıdlarına nisbətən yüksək yaradıcılıq, bədii, musiqi və ya liderlik qabiliyyətlərinə malikdirlər. İstedad bir bacarıq üzərində də cəmlənə bilər və ya daha ümumi ola bilər. Digərlərinə görə, isə istedad peşəkarlıq baxımından nəzərə çarpacaq qədər fərqlənən qabiliyyətlərə sahib olmaqdır.

 

Artıq uzun illərdir ki, Azərbaycanda istedadlı uşaqların aşkara çıxarılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu uşaqlar yerli və beynəlxalq yarışlarda uğur qazanır, ölkəmizi, milli-mənəvi dəyərlərimizi nümayiş etdirirlər. Qəbul etməliyik ki, bu cür uşaqların aşkarlanması, inkişaf etdirilməsi, onlara lazımi dəstəyin verilməsi gələcəyimiz üçün bir növ yatırım hesab edilə bilər. Bu uşaqlar ölkəmizin inkişafında, sosial-iqtisadi həyatında böyük uğurlara imza atacaq, öz istedadları ilə gələcək nəsillərə böyük töhfələr verəcəklər. Bəs, istedadlı uşaqları necə aşkarlamalı?

 

İstedadlı uşaqlar kiçik yaşlarından etibarən öz çeviklikləri, yaddaşı, şifahi və yazılı nitq bacarıqları, düşüncə tərzləri, problemi həll etmə bacarıqları və sürəti və müxtəlif bu kimi bacarıqlarına görə valideynlərin müşahidəsinə əsasən aşkarlanırlar. Valideynlərlə əməkdaşlıq edərək müəllimlər həmin şagirdlər barədə məlumat toplayır və bu uşaqların fəaliyyəti müəllimləri tərəfindən müşahidə edilir. Danılmaz faktdır ki, istedadlı şagirdlər yeni materialı həmyaşıdlarından daha sürətli öyrənirlər. Böyüklərin etdiyinə bənzər hərəkətlər edir, onlar kimi davrana, danışa və bəzən düşünə bilirlər. Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, istedadlı uşaqlar həmyaşıdlarından daha erkən öyrənirlər. Yeni anlayışları həmyaşıdlarından daha yaxşı qavramaq qabiliyyətinə malikdirlər. Bu cür şagirdlərə bütün tapşırıqları həll etmələri tapşırılanda bu, onlar üçün cansıxıcı və maraqsız ola bilər, bu hallarda proqramdan kənara çıxaraq potensiallarını göstərə biləcəkləri fərqli təlim proqramı hazırlaya, yaxud daha kreativ, düşündürücü, məntiqi misallar tərtib edə bilərsiniz. Brullesin dediyi kimi: “İstedadlı şagirdlərin riyaziyyatda ən çətin beş misalı həll edə bildikləri zaman qalan 25 misalı həll etmələrinə ehtiyac yoxdur”.

 

Təlim prosesi düzgün qurulmadıqda normal sinif otaqları istedadlı şagirdlər üçün cansıxıcı ola bilər və onlar motivasiya çatışmazlığı yaşaya bilərlər. Bəzən tipik dərs planları və iş vərəqləri onlar üçün olduqca sadə hesab olunur. Bu cür şagirdlər inkişaf etmək üçün digər şagirdlərdən daha çox çətinliklərə ehtiyac duyurlar. Deməli, müəllim istedadlı şagirdləri ən qısa zamanda aşkarlamalı, fərdi yanaşma prinsipindən istifadə edərək onların inkişaf səviyyəsini müəyyənləşdirməyi bacarmalıdır. Ümumilikdə istedadlı insanları araşdırdıqda, tək bir istedadlı insanın dünyanın gedişatına necə böyük təsir göstərdiyini görə bilərik. İstedadlı uşaqların potensialı erkən yaşda fərq edilməzsə, zaman keçdikcə qabiliyyətləri zəifləyə, hətta yox ola bilər. Bəs, müəllimlər istedadlı şagirdləri necə müəyyən edə bilərlər? İstedadlı şagirdləri adi şagirdlərdən ayıran üç əsas xüsusiyyət var:

 

1. Tapşırıqları yerinə yetirmə sürəti

 

2. Mövzunun qavranılması

 

3. Maraq dairələri

 

Verilən tapşırığı nə qədər tez bitirdikləri istedadlı şagirdlərin ilk xüsusiyyəti, ən tez nəzərə çarpan keyfiyyətidir, baxmayaraq ki, tapşırığı vaxtından əvvəl bitirən hər şagirdi hələ istedadlı hesab etmək olmaz. Tapşırıq yoxlandıqdan sonra nəticələri aşağı olarsa, bu, şagirdin mövzu ilə maraqlanmaması və sadəcə tez bir zamanda bitirib təhvil vermə istəyi ilə bağlı ola bilər. Bununla belə, şagird verilən tapşırığı yüksək nəticələr ilə sinifdəki digər şagirdlərə nisbətən daha tez bitirirsə, bu, şagirdin həmyaşıdlarından daha qabaqcıl olduğuna işarədir.

 

İstedadlı şagirdlərin ikinci xüsusiyyətini - mövzu haqqında anlayışlarını yoxlamaq bir az daha çətin ola bilər. Müəllimlər tez-tez bu şagirdləri öz təxminlərinə görə tanıya bilirlər, ancaq bir neçə üsul bu şagirdləri müəyyən etmə prosesinin daha elmi olmasına kömək edə bilər. Məsələn, şagirdlər iş vərəqində, testdə və ya sadəcə sinifdə suallara cavab verərkən bir mövzu haqqında daha dərin biliklər nümayiş etdirdikdə müəllim qeydlər apara bilər. Başqa bir misal, şagirdlərə bir mövzu haqqında daha yüksək səviyyəli düşüncədən istifadə etmələrini tələb edən bir tapşırıq verməkdir. Beləliklə, müəllim bu cür şagirdlərin cavablarını müqayisə, təhlil edə bilər. Bunu bacaran şagirdlər istedadlı hesab oluna bilərlər.

 

İstedadlı şagirdlərin digər xüsusiyyəti onların maraq dairələridir. İstedadlı şagirdlər bir mövzuya daha çox maraq göstərirlər və daha çox suallar verirlər. Bu cür şagirdlər təhsil, elm və yeniliklər ilə həmyaşıdlarından daha çox maraqlanır və sual verirlər. Bir şagirdin istedadlı olduğunu müəyyən etmək üçün sadəcə verdiyi sualların növünü və sayını ölçmək kifayət etməsə də, bu cür məlumatları da qeyd etmək şagird haqqında daha geniş təsəvvürə malik olmağa kömək edəcək.

 

Bir şagirdin istedadlı olub-olmadığını müəyyən etməyə kömək edəcək çoxlu testlər də var. Ancaq bunlar müəllim müşahidəsini əvəz edə bilməz. Bəzi şagirdlər istedadlı ola bilər, lakin standart test sahəsində zəif ola bilərlər. Bu cür uşaqların valideynlər və müəllimlər tərəfindən aşkarlanması üçün müşahidəyə ehtiyacları olur.

 

Bütün bu sadalananlar - tapşırığı yerinə yetirmə sürəti, mövzunun anlaşılması, maraq dairələri və standart ballar şagirdin istedadlı olub-olmadığını müəyyən etməyə kömək edə bilən amillərdir. Müəllimlər bu amillərdən xəbərdar olmalı və onları müşahidə etməyə çalışmalıdırlar, çünki istedadlı bir şagirdin erkən müəyyən edilməsi, şagirdin qabiliyyətinə bərabər bir səviyyədə böyüməsi və inkişaf etməsi üçün lazım olan qaynaqları tapmasına kömək edə bilər.

 

Tural ALIŞOV,

ARTİ-nin İstedadlı uşaqlarla iş şöbəsinin müdiri