Bakı Mühəndislik Universiteti (BMU) ilə AIESEC təşkilatı  arasında ikitərəfli əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

 

Yaxın zamanda təşkilatın təcrübə proqramları haqqında tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Tədbirlər universitetin müxtəlif ixtisasları üzrə bakalavr və magistr pillələrində təhsil alan tələbələrin, həmçinin məzunların müxtəlif təcrübə proqramlarından xəbərdar olmasını, beynəlxalq təcrübə qazanmasını nəzərdə tutur.

 

Qeyd edək ki, AIESEC-in təcrübə proqramında iştirak edən gənclər xaricdə iş təcrübəsi qazanmaq, müxtəlif ölkələrin mədəniyyətləri ilə tanış olmaq, dünyanı kəşf etmək imkanı əldə edirlər. Artıq 15 ildən çoxdur ki, təşkilat Azərbaycan gənclərinin inkişafında əhəmiyyətli  rol oynayır. Hazırda “AIESEC Azərbaycan” təşkilatının ölkəmizdə 200-dən artıq aktiv üzvü var.

 

AIESEC-in Global Volunteer, Global Teacher, Global Talent kimi təcrübə proqramları mövcuddur. O, dünyanın 126-dan çox ölkəsində fəaliyyət göstərən beynəlxalq gənclər təşkilatıdır. Hazırda təşkilatda 44.000-dən artıq aktiv könüllü fəaliyyət göstərir. Yarandığı gündən etibarən 1 milyondan çox gəncin şəxsi inkişafına səbəb olan AIESEC-in əsas məqsədi gənclərin liderlik potensialını aşkara çıxararaq, onların inkişafına töhfə verməkdir. Bundan əlavə, AIESEC müxtəlif proqramlar vasitəsilə gənclərə beynəlxalq təcrübə keçmək şansı da yaradır.