Əgər Azərbaycan digər ölkələrdə olduğu kimi vaksinasiya prosesini vaxtında başlamasaydı, əhalinin maarifləndirilməsi işini yetərincə aparmasaydı, bu gün nə məktəblərin qapısını aça bilərdi,  nə də pandemiyanın ilk vaxtlarında tətbiq etdiyi məhdudiyyətləri ortadan qaldıra bilərdi. Həyat tədricən normala dönür və böyük ehtimalla yaxın aylarda COVID bəlası ilə vidalaşa biləcəyik.

 

Amma buna gerçəkdən nail olmaq üçün xəstəliklə mübarizəni dayandırmamaq vacib şərtdir. Vaksinasiya prosesi davam edir və etməlidir,  çünki yeni ştamlar meydana çıxır, hətta dünyada peyvəndlə bağlı yeni tövsiyələr var ki, bunu da ciddiyə almaq gərəkdir. Təmizlik qaydalarını gözləmək isə xəstəlik aramızdan çıxıb getdi-getmədi, onsuz da  hər zaman lazımdır. 

 

Pandemiya başlananda xəstəlik haqqındakı fərqli mövqelər, vaksinə münasibətdə göstərilən tərəddüd, demək olar ki, indi əvvəlki səviyyədə deyil. Cəmiyyət anlamağa başladı ki, dünya insanlarını təhdid edən  COVID-19 deyilən bir xəstəlik həqiqətən var və bundan qorunmağın tək yolu peyvənddir. Məlumdur ki, əhaliyə 4 növ vaksin seçimi verildi. Ölkəmizdə aparılan peyvənd kampaniyası çərçivəsində “Sinovac”, “AstraZeneca”, “Pfizer” və “Sputnik” vaksinləri ilə 9 milyon dozadan artıq peyvənd istifadə edilib. Onların hər birinin effektivliyini və təhlükəsizliyini yaşayaraq görürük.

 

COVID yeni xəstəlikdir və onun mənşəyi, ona qarşı mübarizə metodlarını dünya bu bəlanı yaşaya-yaşaya öyrənir. Əvvəlcə fikir bu idi ki, xəstəlik 65 yaşdan yuxarı insanlar üçün həyati təhlükə daşıyır. Az sonra virus aşağı yaş kateqoriyasından olan insanların da həyatını təhdid etməyə başladı. Getdikcə vaksinasiyanın aktuallığı artdı və COVID-19 virusuna  gənc və sağlam insanların da yoluxa bilməsi nəzərə alınaraq, - baxmayaraq ki, gənclər xəstəliyi simptomsuz və yüngül keçirirlər, amma ətraflarında olan digər insanları yoluxdura bilərlər, - vaksin hamıya tövsiyə olundu.

 

Bu gün COVID-19 virusuna qarşı immunitet reaksiyasını yenidən gücləndirmək üçün üçüncü doza - Buster dozasının vurulmasının əhəmiyyəti barədə dünyada müzakirələr başlayıb.

 

Tibb mütəxəssislərinin fikrinə görə, ilk peyvənddən bir müddət sonra qorunma səviyyəsi zəifləyə bilər. Buster doza isə immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir.

 

Bu dozanın istifadəsi yüksək risk qrupuna daxil olanlar (tibb işçiləri, yaşı 50-dən yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan, xroniki xəstəliyi olan şəxslər) üçün məqsədəuyğun hesab edilir və əhəmiyyəti daha çox qiymətləndirilir. Buster dozası yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər. Mütəxəssislər, dünya əczaçıları hesab edir ki, üçüncü doza virusla savaşan anticismləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. Bu anticismlər koronavirusun ştamlarına qarşı güclüdür. Bilirik ki, dünyada artıq yeni  ştamlar ortaya çıxıb, üçüncü dozadan istifadə məsələsi də elə buna görə aktuallaşıb.

 

Təəssüf ki, vaksinin əleyhinə çıxanlar, bu prosesə qarşı təxribat xarakterli fikirlər yayanlar olur və bu, cəmiyyətdə istər-istəməz çaşqınlıq yaradır. Lakin xəstəliyin fəsadları, nəticələri laqeydcəsinə düşünənləri və düşüncələri ilə başqalarını da təsir altına salanları haqlı çıxarmır, əksinə onları gec-tez vaksin barədə ciddi düşünməyə sövq edir.  Anlayırıq ki, peyvəndin yan təsirləri hər kəsdə olan təsirlərdir. Vaksinasiya nəticəsində əmələ gələn fəsadlar vaksinasiya olmadan xəstəliyə yoluxma nəticəsində yaranan fəsadlardan daha yüngüldür. Hər halda bunu sübutlar, araşdırmalar əsaslandırır. Əgər dünyanın bütün mütəxəssisləri bu fikirdə həmrəydirsə, demək ki, ortada aldadıcı bir vəziyyət yoxdur, gerçəklik budur.

 

Bu gün bütün dünya COVID məsələsində nə baş verdiyini müxtəlif ölkələrin xəstəlik statistikası, virusla mübarizə metodları, peyvəndlənmə kampaniyasının necə aparıldığını izləməklə dərk edir və təsəlli tapır. Bu xəstəlik hansısa bir ölkəni, hansısa bir xalqı təhdid etmir ki! Hazırlanan çeşidli peyvəndlər hansısa bir ölkəyə, xalqa aid deyil ki! Hamıya aiddir və epidemiyanın başlandığı vaxtdan qısa müddətdə pandemiya kimi səciyyələnməsi, məhz belə elan olunması da buna görədir; dünya insanlarını düşdükləri vəziyyətdə bərabərləşdirir.     

 

Ümumiyyətlə, beynəlxalq təcrübə bütün təxribatçı fikirləri heçə endirən, bir qrup insanın şübhələrini ortadan qaldıran ən gözəl yanaşmadır.

 

Gəlin, elə beynəlxalq təcrübəyə diqqət edək.

 

ABŞ Xəstəliklərin Profilaktikası və Kontrolu Mərkəzlərinin və İngiltərənin Milli Səhiyyə Xidmətinin məlumatlarına əsasən, Buster dozasının istifadəsi ilkin dozadan 6 ay keçmiş risk qruplarına aid olan şəxslər üçün əhəmiyyətlidir. Risk qrupuna yaşlı nəsil, eləcə də yan xəstəlikləri mövcud, yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslər aid edilir.

 

Effektiv və etibarlı nəticələrə gəldikdə, reallıq belədir: ABŞ-ın elmi mərkəzləri tərəfindən keçirilmiş tədqiqatlara əsasən, Buster dozasının effektivliyi sübut olunub. Ümumdünya Səhiyyə Təşkilatına və Kanadanın müvafiq qurumuna əsasən, Buster dozasının istifadəsi immunsupressiv hallarda və ən çox ehtiyacı olan həssas qruplarda tövsiyə edilir. Tədqiqatlara görə, Buster dozası almış şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artıb.

 

İsrail Səhiyyə Nazirliyinin məlumatına da diqqət edək: Buster dozasının qəbulundan sonra yan təsirlər nadir hallarda müşahidə olunub, onlar da birinci və ikinci inyeksiyadan sonra üzə çıxan əlamətlərdən fərqlənmir.

 

Koronavirusun mutasiyası nəticəsində yeni “Delta” variantının ortaya çıxmasından sonra bir sıra ölkələrə peyvəndin gücləndirici dozası - Buster tövsiyə olunur. Tövsiyə olunan ölkələr içərisində Azərbaycan da var. Unutmayaq ki, yeni variantlara qarşı qorunmanı gücləndirmək üçün peyvəndin əvvəlkindən fərqli növünün tətbiqi qaçılmazdır. Yaşamaq, xəstəliyi yüngül keçirtmək üçün tək yol budur!

 

Vəfa ALLAHVERDİYEVA