Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən Hüquq klubu Hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr üçün "Hüquqşünasın analitik bacarığı: Sübut etmənin metodikası" mövzusunda seminar təşkil edib.

 

Seminar "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İctimai Birliyinin təlimçisi Hidayət Əzimov tərəfindən aparılıb.

 

Qeyd edək ki, təlimçi Azərbaycan Vəkillər Kollegiyasının üzvü, “Ernist and Young” beynəlxalq konsultasiya şirkətində Hüquq xidmətləri şöbəsinin rəhbəridir. Tədbirdə, həmçinin "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB-nin İdarə heyətinin üzvü Ellada Bayramova və baş katibi Ramin Nurəliyev də iştirak ediblər.

 

Seminarda hüquqşünasın hüquqi məsələləri doğru şəkildə təhlil etməsi üçün lazım olan keyfiyyət və bacarıqlar haqqında, eləcə də sübutetmədə vacib məqamlar barədə tələbələrə praktiki biliklər çatdırılıb. Həmçinin, hüquq normalarının doğru şərh edilməsinin, praktikada yerli və beynəlxalq kazusların, məhkəmə işlərinin həllində analitik düşüncə metodlarının doğru istifadəsinin faydalarından danışılıb.

 

"Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İB mütəmadi olaraq müxtəlif ali təhsil müəssisələrində hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr üçün hüququn müxtəlif istiqamətləri üzrə seminarlar, təlimlər, eləcə də təcrübə proqramları təşkil edir. Bu baxımdan gələcəkdə də bu qurumla  Akademiyanın Hüquq klubu arasında əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulub.